Milli Məclisin iclasında Nazirlər Kabinetinin hesabatı dinlənilib

Plenar iclaslar
16 mart 2021 | 18:00   
Paylaşın:        

Martın 16-da Milli Məclisin yaz sessiyasında növbəti plenar iclası keçirilib.

İclası açan Milli Məclisin Sədri Sahibə Qafarova bildirib ki, bu gün Milli Məclisin yaz sessiyasının beşinci iclasıdır və Konstitusiyaya uyğun olaraq Nazirlər Kabineti ötən ildəki fəaliyyəti barədə hesabat verir.

Sədr diqqətə çatdırıb ki, 2020-ci il ölkəmizin dövlətçilik və müstəqillik tarixinin ən şərəfli səhifələrindən birini təşkil edir. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə xalqımızın apardığı 44 günlük Vətən Müharibəsi zəfərlə başa çatıb, dövlətimizin ərazi bütövlüyü təmin olunub. Azərbaycanın əzəli tarixi torpağı olan Qarabağın işğaldan azad  edilməsi ölkəmizin qarşısında tamamilə yeni perspektivlər açıb.

2020-ci ilin yekunlarına həsr olunmuş müşavirədə möhtərəm Prezidentimiz deyib: “Şanlı Qələbəmiz bizim güclü iradəmizi, xalqımızın güclü əzmini bütün dünyaya nümayiş etdirdi. Azərbaycan dövlətinin gücünü nümayiş etdirdi, göstərdi ki, sözümüzlə əməlimiz arasında heç bir fərq yoxdur.

...bu gün müstəqil Azərbaycan dövləti özünün ən şanlı dövrünü yaşayır. Çünki Azərbaycan tarixdə heç vaxt bu qədər güclü olmamışdır. Bu gün bu, həm siyasi gücdür, iqtisadi gücdür, xalq–iqtidar birliyidir, hərbi gücdür və bizim regionda oynadığımız müsbət roldur”.

Sədr qeyd edib ki, 2020-ci ildə bütün dünya, o cümlədən Azərbaycan COVID-19 pandemiyası ilə mübarizə şəraitində yaşayıb. Buna  baxmayaraq, ölkəmiz bu ağır  vəziyyətdən nisbətən az itkilərlə çıxa bilmişdir. Koronavirusdan əziyyət çəkən insanlara, o cümlədən qeyri-formal çalışan şəxslərə və işsizlərə ünvanlanan iri miqyaslı sosial paket icra olunub. Sahibkarlara vergi güzəştləri tətbiq edilib.

Belə bir çətin ildə qeyri-neft sənayesinin 11 faiz artması məhz dövlət tərəfindən həyata keçirilən düşünülmüş tədbirlərin nəticəsində mümkün olub.

Sədr bildirib ki, müharibənin, koronavirusla mübarizənin böyük maliyyə vəsaitləri tələb etdiyi, həmçinin sərt karantin rejiminin və aşağı neft qiymətlərinin mövcudluğu şəraitində ölkəmizin valyuta ehtiyatları qorunub saxlanılıb və hətta artırılıb.  

Ötən ilin ən böyük uğurlarından biri ölkəmizin təşəbbüsü və səyləri ilə reallaşdırılan Cənub Qaz Dəhlizinin tam istismara verilməsi olub. Möhtərəm Prezidentimizin dediyi kimi, “Azərbaycan qazı tarixdə ilk dəfə olaraq artıq Avropa məkanındadır”.

Sədr qeyd edib ki, bu günlərdə daha bir sevindirici  məlumat almışıq. Suveren fondların şəffaflıq və hesabatlılıq istiqamətində fəaliyyətini dəyərləndirən Beynəlxalq İqtisadiyyat üzrə ABŞ-ın  nüfuzlu Peterson İnstitutunun tərtib etdiyi və ötən ay nəşr etdiyi 2019-cu il üzrə qiymətləndirmə cədvəlində Azərbaycan Respublikasının Dövlət Neft Fondu 64 suveren fond arasında 5-ci yerə yüksəlib.

Əlamətdar haldır ki, aparıcı beynəlxalq təşkilatlar, nüfuzlu reytinq mərkəzləri Azərbaycan dövlətinin həyata keçirdiyi islahatları yüksək qiymətləndirirlər. Görülən tədbirlərin nəticəsidir ki, Dünya Bankının “Doing Business” hesabatında ölkəmizin reytinqi daim yüksəlir. Artıq Azərbaycan bu reytinqdə 190 ölkə arasında 28-ci yerdə qərarlaşıb. Eyni zamanda, ölkəmiz dünyanın 10 ən islahatçı ölkəsi sırasına daxil edilib.

Sədr vurğulayıb ki, Nazirlər Kabinetinin illik hesabatlarının Milli Məclisdə dinlənilməsi parlamentlə hökumət arasında təmasların artmasına, sosial-iqtisadi inkişaf məsələlərinin obyektiv araşdırılmasında və həllində deputatların iştirakına şərait yaradır.

Ötən il Milli Məclisdə Nazirlər Kabinetinin hesabatının müzakirəsi zamanı irəli sürülmüş təkliflər Hökumət tərəfindən diqqətlə araşdırılıb. Bu təkliflərin icrası üçün görülmüş işlərə dair ətraflı məlumat təqdim edilib.

Eyni zamanda, hesabata ilk dəfə olaraq 6-cı çağırış Milli Məclis deputatlarının sosial və infrastruktur obyektlərinin əsaslı təmirinə və tikintisinə, xidmətlərin keyfiyyətinin yaxşılaşdırılmasına dair təkliflərinin icrası barədə məlumat da daxil edilib.

Milli Məclisin Sədri çıxışının sonunda bugünkü müzakirələrin səmərəli olacağına əminliyini ifadə edib.

Sonra deputatlar gündəliyin 1-ci məsələsinin müzakirəsinə başlayıblar.  

Nazirlər Kabinetinin 2020-ci ildə fəaliyyəti haqqında hesabatı təqdim edən Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov bildirib ki, 2020-ci il Azərbaycanın şanlı dövlətçilik tarixində möhtərəm Prezident, Ali Baş komandan İlham Əliyevin rəhbərliyi ilə torpaqlarımızın işğaldan azad edilməsi, suverenliyinin və ərazi bütövlüyünün bərpası ilə əlamətdar olmuşdur. Prezident İlham Əliyevin rəhbərliyi ilə uzun illər yaradılmış iqtisadi və hərbi potensial ordumuzun parlaq qələbəsini şərtləndirdi.

Baş nazir bildirib ki, 2020-ci il bir sıra mühüm iqtisadi, siyasi və sosial hadisələrlə yadda qalıb. Altıncı Çağırış Milli Məclisə demokratik şəraitdə keçirilmiş seçkilər ötən ilin mühüm siyasi hadisələrindən biri olub. Bütün siyasi qüvvələrin iştirakı ilə keçirilmiş seçkilər nəticəsində çoxpartiyalı parlament formalaşıb. Hesabat ili ərzində Hökumətlə Milli Məclis arasında işgüzar münasibətlər daha da dərinləşib, Nazirlər Kabineti parlament üzvlərinin sorğu və təkliflərinə diqqətlə yanaşıb. Hesabat ilində strateji layihələrin icrası, sosial-iqtisadi və digər islahatların həyata keçirilməsi sahəsində aparılan işlər davam etdirilib. Ötən ilin son günlərində Cənub Qaz Dəhlizinin son seqmenti olan TAP-ın istismara verilməsi ilə tarixdə ilk dəfə olaraq Azərbaycan qazının Avropaya ixracını başlayıb.

Baş nazir bildirib ki, 2020-ci ildə Dünya Bankıının “Doing Business” hesabatında Azərbaycan 28-ci yerdədir. Davos Ümumdünya İqtisadi Forumunun hesabatlarında da ölkəmiz bir sıra mövqelərdə qabaqcıl yerlərdədir. Neft Fondunun da uğurları haqqında məlumatlar verilib.

Əli Əsədov diqqətə çatdırıb ki, ötən il dünyanı bürümüş pandemiya ilə mübarizə və onun mənfi nəticələrinin qarşısını almaq üçün davamlı tədbirlər görülüb. Dövlətin bütün imkan və resursları xəstəliklə mübarizəyə yönəldilib. Ölkədə maska və dərman qıtlığının aradan qaldırılması, modul tipli xəstəxanaların yaradılması istiqamətində tədbirlər görülüb. Azərbaycan Cənubi Qafqazda vaksinasiyaya başlamış ilk ölkədir. 

Pandemiya dövründə dövlətin məşğulluq və sosial rifaha dəstək tədbirləri 4 milyon 800 min nəfəri əhatə edib. 600 min işsizə, o cümlədən pandemiya dövründə gəlirini itirmiş şəxslərə yaşayış minimumu həcmində 190 manat birdəfəlik ödəniş verilib. Ötən il pandemiya səbəbindən əvvəlki illə müqayisədə 4,3 faiz az Ümumi Daxili Məhsul istehsal edilib, sənaye istehsalı 5 faiz azalıb.  Ödəmə qabiliyyətini itirən 4 bankın lisenziyası ləğv olunub. Pensiyalar artırılıb, ünvanlı sosial yardımın əhatə dairəsi genişləndirilib. Şəhid ailələri, müharibə əlilləri və onların ailələrinin sosial müdafiəsinin gücləndirilməsi məqsədilə Prezident İlham Əliyev tərəfindən müvafiq fərmanlar imzalanıb, onların qayğıları diqqət mərkəzində olub. Bu məqsədlə “YAŞAT” Fondu yaradılıb.

Baş nazir məlumat verib ki, zəngin Qarabağ torpaqları düşmən tərəfindən 30 ilə yaxın amansızcasına istismar olunub. Lakin biz bütün kənd və şəhərlərimizi bərpa edəcəyik. Artıq bununla bağlı proses başlayıb. Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin bərpası üçün ilkin olaraq dövlət büdcəsindən 2,2 milyard manat vəsait ayrılıb. Bu istiqamətdə atılacaq ən önəmli addım işğaldan azad edilmiş ərazilərin minalardan təmizlənməsidir. ANAMA-nın yenidən təşkili işğaldan azad edilmiş ərazilərin minalardan təmizlənməsi işlərinin keyfiyyətcə yeni səviyyədə aparılması baxımından böyük əhəmiyyət kəsb edir.

Çıxışının sonunda Baş nazir Əli Əsədov xalqımızın qədim bayramı olan Novruz bayramı və ilaxır çərşənbə münasibətilə təbriklərini çatdırıb.

Sonra Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq Komitəsinin sədri Tahir Mirkişili Nazirlər Kabinetinin 2020-ci ildə fəaliyyəti haqqında hesabat barədə fikirlərini bildirib.

Komitə sədri diqqətə çatdırıb ki, 2020-ci il üçün iqtisadiyyatımızın əvvəlcədən planlaşdırılmış inkişaf proqnozları yüksək olub, 1-ci rübün iqtisadi göstəriciləri bu proqnozların reallığa yaxın olduğunu göstərib. 2-cü rübün başlanğıcından etibarən isə Covid-19 pandemiyasının dünyada, o cümlədən Azərbaycanda geniş yayılması şəraitində dövlət  başçısı  cənab  İlham  Əliyevin  göstərişi  ilə  vətəndaşların  sağlamlığı əsas meyar kimi seçilib.

 Dövlət başçısı cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın birbaşa rəhbərliyi ilə həyata keçirilən tədbirlər epidemiyanın yayılma səviyyəsini kəskin azaltmaq və itkiləri minimuma endirməklə yanaşı, iqtisadiyyatımızın da gözlənilən itkilərinin azaldılması ilə nəticələnib.

İl ərzində dünya neft bazarında qiymətlərin kəskin ucuzlaşması iqtisadi böhranın əhatəliyini və kəskinliyini daha da artırıb. Böhran dünya əmtəə qiymətlərinin enerji sektorunda 18.3% ucuzlaşması, qeyri-enerji sektorunda 16.1% bahalaşması, dünya ərzaq qiymətlərinin 6.5% yüksəlməsi, neftin qiymətinin isə 33% düşməsi ilə müşayiət olunub.

Beləliklə, 2020-ci ildə Azərbaycan 3 cəbhədə - pandemiya ilə, qlobal böhran və işğalçı Ermənistan ilə mübarizə aparıb və bunun üçün kifayət qədər resurslarını səfərbər edib.

Koronavirus pandemiyası ilə mübarizə sahəsində təxirəsalınmaz tədbirlərin görülməsi üçün qısa bir müddətdə büdcə vəsaitləri səfərbər edilərək maliyyə təminatının yaradılması öz təsirini göstərib. Pandemiyanın yaratdığı problemlərə baxmayaraq, strateji layihələrin icrası, iqtisadi, sosial və institusional islahatların həyata keçirilməsi, ordu quruculuğu və hərbi potensialın gücləndirilməsi sahəsində görülən işlər müsbət qiymətləndirilməlidir.

Pandemiyaya qarşı iqtisadi tədbirlər paketi çərçivəsində fərdi sahibkarlara, muzdlu işçilərin əmək haqlarına göstərilən maliyyə dəstəyi, pandemiyanın təsir etdiyi sahələrdə çalışan sahibkarlara əldə etdikləri mənfəətin 75%-i miqdarında güzəştlərin tətbiq edilməsi və digər çoxsaylı güzəştlər iqtisadi mühitə müsbət təsir göstərib.

2020-ci  ildə  bankları,  qeyri-bank  kredit  təşkilatlarını,  kapital  və  pul bazarlarını, sığorta sistemini əhatə edən maliyyə sabitliyinin qorunması siyasətini uğurlu hesab edirik.

Komitə sədri diqqətə çatdırıb ki, hesabat ilində görülən tədbirlər iqtisadiyyatda şəffaflığı daha da artırıb, iqtisadi subyektlər və dövlət orqanları arasında etimad mühitini daha da gücləndirib.

Sonra hesabatla bağlı münasibətlərini bildirən Milli Məclisin komitə sədrləri Sadiq Qurbanov, Tahir Rzayev, Əhliman Əmiraslanov sənədi yüksək qiymətləndiriblər.

Müzakirələr zamanı çıxış edən Milli Məclis Sədrinin birinci müavini Əli Hüseynli, Sədr müavini Fəzail İbrahimli, deputatlardan Sevinc Fətəliyeva, İlham Məmmədov, Azay Quliyev, Vahid Əhmədov hesabat barədə fikirlərini açıqlayıblar.

Fasilədən sonra Nazirlər Kabinetinin 2020-ci ildə fəaliyyəti haqqında hesabatı ətrafında müzakirələr davam etdirilib.

Çıxış edən deputatlar Şahin İsmayılov, Məzahir Əfəndiyev, Rəşad Mahmudov, Fazil Mustafa, Fəzail Ağamalı, Qüdrət Həsənquliyev, Kamal Cəfərov, Qənirə Paşayeva, Azər Badamov, Elnur Allahverdiyev, Nigar Arpadarai, Eldəniz Səlimov, Tahir Kərimli, Musa Qasımlı, Razi Nurullayev, Əli Məsimli, Sədaqət Vəliyeva, Aqil Məmmədov, Soltan Məmmədov, Məlahət İbrahimqızı, İsa Həbibbəyli, Rauf Əliyev, Hicran Hüseynova seçiciləri narahat edən məsələlər, işğaldan azad edilmiş torpaqlarımıza Böyük Qayıdışın təmin edilməsi, pandemiyaya qarşı mübarizə sahəsində həyata keçirilən tədbirlər, qarşıda dayanan vəzifələr  barədə fikirlərini bildiriblər, 2020-ci ildə Nazirlər Kabinetinin fəaliyyətini yüksək qiymətləndiriblər.

Baş nazir Əli Əsədov deputatlar tərəfindən qaldırılan məsələlərə münasibət bildirdikdən sonra hesabat səsə qoyularaq nəzərə alınıb.

Sonra Milli Məclisin Sədri Sahibə Qafarova bildirib ki, gündəliyin ikinci məsələsi “Azərbaycan Respublikası Hesablama Palatasının sədr müavininin və auditorlarının təyin edilməsi haqqında” qərar layihəsidir.

Sədr diqqətə çatdırıb ki, Milli Məclisin Daxili Nizamnaməsinin 44-cü maddəsinin dördüncü hissəsinə və “Hesablama Palatası haqqında” qanunun 11.3-cü maddəsinə uyğun olaraq bu vəzifələrə təyinatlar Milli Məclisin Sədrinin təqdimatına əsasən Milli Məclis tərəfindən həyata keçirilir. Milli Məclisin Sədri Sahibə Qafarova  Nəsir Sadıqovun Azərbaycan Respublikası Hesablama Palatası sədrinin müavini vəzifəsinə, Cavid Bayramovun, Hilal Hüseynovun və Vəfa Mütəllimovanın isə Hesablama Palatasının auditorları vəzifələrinə namizədliklərini irəli sürüb. Bildirib ki, irəli sürülən namizədliklərə İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında da baxılıb və müsbət rəy verilib.  Sədr bu namizədlərin təyin ediləcəkləri vəzifələri uğurla icra edəcəklərinə əminliyini ifadə edib.

Sonra qərar layihəsi səsə qoyularaq təsdiqlənib.

İclasın sonunda Milli Məclisin Sədri Sahibə Qafarova qarşıdan gələn Novruz bayramı münasibətilə təbriklərini səsləndirib. Bildirib ki, Novruz dostluq, ünsiyyət, təmizlik və yenilik bayramıdır və əsrlərin sınağından çıxmış milli-mənəvi dəyərlərimizi təcəssüm etdirir. Milli Məclisin Sədri bu münasibətlə Möhtərəm Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya parlamentin adından təbrik məktubları ünvanlanmasını təklif edib. Deputatlar təklifi alqışlarla qarşılayıblar.  

 Bununla da Milli Məclisin iclası başa çatıb.

Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi



Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU