QDİƏT PM İqtisadiyyat, ticarət, texnologiya və ekologiya məsələləri komitəsinin 56-cı iclasında

Tədbirlər
17 mart 2021 | 18:05   
Paylaşın:        

Martın 17-də Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Məclisinin İqtisadiyyat, ticarət, texnologiya və ekologiya məsələləri komitəsinin videokonfrans formatında 56-cı iclası keçirilib.

 Videokonfransda qurumdakı Azərbaycan nümayəndə heyətinin rəhbəri Eldar Quliyev, nümayəndə heyətinin üzvü Elşad Mirbəşir oğlu və digər üzv ölkələrin – Rusiya, Türkiyə, Gürcüstan, Ukrayna, Moldova, Albaniya, Bolqarıstan, Yunanıstan, Rumıniya, Serbiya və Ermənistanın nümayəndələri iştirak ediblər.

Qurumun İstanbuldakı Beynəlxalq Katibliyinin təşkil etdiyi videokonfransda öncə gündəlik qəbul olunub. Sonra QDİƏT PM İqtisadiyyat, ticarət, texnologiya və ekologiya məsələləri komitəsinin 2020-ci ilin oktyabrında onlayn rejimdə keçirilmiş 55-ci iclasının protokolu təsdiqlənib.

“İnsan alverinin qarşısının alınmasında parlamentlərin rolu: iqtisadi aspektlər” mövzusuna həsr olunmuş 56-cı iclasda məruzə layihəsini Albaniya nümayəndə heyətinin rəhbəri Andrea Marto, tövsiyə layihəsini Türkiyə nümayəndə heyətinin rəhbəri Cemal Öztürk təqdim ediblər.

Mövzu ətrafında çıxışlardan sonra iclasda “İnsan alverinin qarşısının alınmasında parlamentlərin rolu: iqtisadi aspektlər” mövzusunda məruzə təsdiqlənib və Baş Assambleyada təqdim olunması üçün Andrea Marto məruzəçi təyin olunub.

İclasda təşkilati məsələlərə də baxılıb, Bolqarıstan nümayəndə heyətinin rəhbəri Petar Kanev QDİƏT PM İqtisadiyyat, ticarət, texnologiya və ekologiya məsələləri komitəsinin yeni sədri seçilib.

Tədbirdə Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Məclisinin Baş katibi Asəf Hacıyev də iştirak edirdi. Videokonfransın yekununda İqtisadiyyat, ticarət, texnologiya və ekologiya məsələləri komitəsinin 57-ci iclasının 15-16 sentyabr tarixlərində Bolqarıstanda  keçirilməsi qərara alınıb.

Milli Məclisin Mətbuat  və
ictimaiyyətlə əlaqələr şöbəsi



Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU