Milli Məclisdə Niderland səfiri ilə görüş olub

Tədbirlər
18 mart 2021 | 17:49   
Paylaşın:        

Martın 18-də Milli Məclisin Azərbaycan-Niderland parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Eldar Quliyev Niderland Krallığının Azərbaycan Respublikasındakı səfiri xanım Pauline Eizema ilə görüşüb.

Qonağı salamlayan Eldar Quliyev Azərbaycanda yeni fəaliyyətə başlayan xanım Pauline Eizemaya uğurlar arzulayıb. Azərbaycanın müstəqillik, demokratiya və parlamentarizm yolunda böyük mücadilələr yolu keçdiyini deyən deputat səfirə Azərbaycanın müstəqillik tarixi barədə ətraflı məlumat verib. Bildirilib ki, 70 illik sovet əsarətindən sonra xalqımız böyük qurbanlar bahasına 1991-ci ildə öz müstəqilliyini bərpa edəndə Ermənistanın işğalına, etnik təmizləmə siyasətinə məruz qalıb. İşğalın qarşısı yalnız Ulu öndər Heydər Əliyev Azərbaycanda hakimiyyətə gələndən sonra alınıb, 1994-cü ildə cəbhədə atəşkəs əldə edilib.

Eldar Quliyev bildirib ki,  44 günlük Vətən Müharibəsində Azərbaycan beynəlxalq hüquqa uyğun şəkildə özünə məxsus olan əraziləri işğaldan azad edərək BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi qətnamələrin icrasını təmin edib. Deputat bütün bunların fonunda Niderland parlamentinin işğalçı Ermənistanı müdafiə edən qərarlar qəbul etməsinin anlaşılmaz olduğunu deyib.

Pauline Eizema Vətən Müharibəsi ilə bağlı Niderland cəmiyyətinin əsasən birtərəfli məlumatlar aldığını, səfir kimi bölgədə gedən prosesləri hökumətinə olduğu kimi və mütəmadi çatdırdığını qeyd edib.  Xanım səfir vurğulayıb ki, parlamentdən fərqli olaraq Niderland hökuməti balanslı mövqe tutur.

Diplomat ölkəsinin Azərbaycanla daha sıx siyasi və iqtisadi iş birliyi yaradılması niyyətində olduğunu bildirib, işğaldan azad olunmuş ərazilərin bərpası, aqrar sahənin inkişafı, şəhərsalma, bərpa olunan enerji sektoru kimi sahələrdə iqtisadi əməkdaşlığın perspektivləri barədə danışıb.

Görüşdə iki ölkə arasında iqtisadi, humanitar, parlamentlərarası əməkdaşlığın inkişaf perspektivləri və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU