Milli Məclisin Sədri Sahibə Qafarova şəhid ailələri və Vətən müharibəsində yaralanan hərbçilərlə görüşüb

Sədrin görüşləri
18 mart 2021 | 18:56   
Paylaşın:        

Milli Məclisin Sədri Sahibə Qafarova deputat seçildiyi dairədən olan şəhid ailələri və Vətən müharibəsində yaralanan hərbçilərlə görüşüb. Videokonfrans formatında keçirilən görüşdə spiker Sahibə Qafarova şəhid ailələrinin üzvlərinin və yaralı hərbçilərin müraciətlərini dinləyib.

Vətən müharibəsində əldə olunan möhtəşəm zəfərin ölkəmizin dövlətçilik və müstəqillik tarixinin ən şərəfli səhifələrindən birini olduğunu qeyd edən spiker deyib ki, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə xalqımızın apardığı 44 günlük Vətən Müharibəsi zəfərlə başa çatıb, dövlətimizin ərazi bütövlüyü təmin olunub. Azərbaycan ədaləti bərpa edərək otuz il ərzində işğal altında olan torpaqlarımızı geri qaytarıb. Vətən müharibəsində qələbəni şəhidlərimizin qanı hesabına qazandığımızı vurğulayan Sahibə Qafarova qeyd edib ki, şəhidlərimiz bizim qəlbimizdə əbədi yaşayır və yaşayacaqdır. Onlar öz adlarını Azərbaycan xalqının şanlı tarixinə əbədi yazdırıb və biz şəhidlərimizin ruhu qarşısında baş əyirik. Eyni zamanda, qazilərimizin döyüşlərdə böyük fədakarlıq, qəhrəmanlıqlar göstərdiyini deyən Milli Məclisin Sədri bildirib ki, onlar öz sağlamlıqlarını Vətənimizin və torpaqlarımızın bütövlüyü uğrunda döyüşlərdə itiriblər.

Bu gün ölkəmizdə şəhid ailələrinin və döyüşlərdə sağlamlıqlarını itirimiş hərbçilərimizin dövlətin qayğısı ilə əhatə olunduqlarını söyləyən Sahibə Qafarova qeyd edib ki, onlara qayğı göstərmək prioritet vəzifədir və daim diqqət mərkəzindədir. Prezident İlham Əliyev və ölkəmizin Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva şəhid ailələri və qazilərlə mütəmadi olaraq görüşlər keçirir, onları narahat edən məsələlər, problemlər həllini tapır. Qeyd olunub ki, bu günə qədər 9200-ə yaxın şəhid ailəsi, müharibə əlili dövlət tərəfindən mənzillərlə təmin edilib. Təkcə keçən il 1572 mənzil verilib, bu il isə 3 minə yaxın mənzilin şəhid ailələrinə və qazilərə verilməsi nəzərdə tutulub. Prezident İlham Əliyev tərəfindən cari ilin yanvarında imzalanan Sərəncamla təsdiq olunmuş proqramlara əsasən, 2021-2025-ci illərdə ev şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan 11 mindən çox şəhid ailəsi və müharibə əlili mənzil, habelə fərdi evlə təmin ediləcək. Bundan başqa, müharibədə sağlamlığını itirmiş qazilərimizə indiyədək ümumilikdə 7200-ə yaxın minik avtomaşını verilib, onların sağlamlıqlarının bərpası, müalicəsinin həyata keçirilməsi istiqamətində ardıcıl işlər görülüb. Həmçinin, minlərlə hərbçimiz fəxri adlar, yüksək dövlət orden və medalları ilə təltif edilib.

Görüşdə çıxış edənlər də onların sosial müdafiəsinin gücləndirilməsi, mənzil şəraitlərinin yaxşılaşdırılması, yaralı hərbçilərin sağlamlıqlarının bərpası və bu istiqamətdə həyata keçirilən digər tədbirlərdən razılıqlarını bildirərək yüksək diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlıqlarını ifadə ediblər.

Görüşdə qaldırılan bir sıra məsələlərlə bağlı aidiyyəti icra orqanlarına müraciətlər ünvanlanıb, bir qism məsələlər isə yerində həll olunub.



Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU