Milli Məclisin iclasında

Plenar iclaslar
02 aprel 2021 | 19:03   
Paylaşın:        

Aprelin 2-də Milli Məclisin Sədri Sahibə Qafarovanın sədrliyi ilə parlamentin növbəti plenar iclası keçirilib. İclasda 13 məsələdən ibarət gündəlik təsdiqlənib.

Cari məsələlərin müzakirəsində deputatlar Məlahət İbrahimqızı, Siyavuş Novruzov, Fazil Mustafa, Ceyhun Məmmədov, Zahid Oruc, Şahin Seyidzadə, Bəhruz Məhərrəmov, Sədaqət Vəliyeva, Aydın Mirzəzadə və Aqil Abbas bir sıra aktual məsələlərə münasibət bildiriblər, təkliflərini diqqətə çatdırıblar.

Gündəlikdəki məsələlərin müzakirəsi “Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin (Ombudsmanın) illik məruzəsi”nin dinlənilməsi ilə başlanıb. 2020-ci il üzrə illik məruzəni parlamentə təqdim edən ombudsman Səbinə Əliyeva öncə Vətən müharibəsində qazandığımız tarixi qələbə münasibəti ilə müzəffər Ali Baş Komandan İlham Əliyev başda olmaqla qəhrəman ordumuza, bütün xalqımıza təbrik ünvanlayıb, şəhidlərimizin müqəddəs ruhu qarşısında baş əydiyini, qazilərimizə şəfa dilədiyini vurğulayıb.

Qeyd edib ki, ölkədə ictimai-siyasi sabitliyin təmin olunması, ictimai nəzarətin və korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi, dövlət orqanlarının fəaliyyətində səmərəliliyin artırılması məqsədilə idarəçilik sistemində tətbiq edilən yeniliklər aşkarlığın, şəffaflığın və qanunun aliliyinin təmin edilməsində, insan hüquqlarının etibarlı müdafiəsində özünü göstərməkdədir.

Bildirib ki, yola saldığımız ildə COVID-19 pandemiyası müəyyən çətinliklər yaratsa da, Azərbaycanda əhalinin həssas qruplarının dəstəklənməsinə yönəlmiş proqram və layihələrin icrası davam etdirilib. Ölkə Prezidentinin və Birinci vitse-prezident  Mehriban xanım Əliyevanın göstərişlərinə əsasən həyata keçirilən tədbirlər  pandemiya şəraitinin iqtisadiyyata, sosial müdafiəyə, məşğulluğa, sahibkarlığa mənfi təsirlərinin azaldılmasında əhəmiyyətli rol oynayıb. Ombudsman təsisatı da pandemiyaya qarşı mübarizədə fəal iştirak edib.

Deputatların nəzərinə çatdırılıb ki, ombudsman 44 günlük Vətən müharibəsinin gedişində erməni təcavüzünə məruz qalmış bölgələrə mütəmadi səfərlər edib, dağıdılmış yaşayış evlərinə və infrastruktur obyektlərinə baxışlar keçirilib, həlak olmuş şəxslərin yaxınları ilə, yaralılar və zərərçəkmişlərlə görüşüb, yaranmış problemlərin aradan qaldırılması məqsədilə yerli icra orqanları ilə məsləhətləşmələr aparıb.

Həmçinin Ermənistan tərəfindən 2020-ci ilin iyul ayında və 27 sentyabrdan sonrakı dövrdə Azərbaycanın dinc əhalisinə qarşı törədilmiş vandalizm aktları və müharibə cinayətləri nəticəsində dəymiş zərərin beynəlxalq hüquq normaları çərçivəsində qiymətləndirilməsi və beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılması məqsədilə Tovuz, Naftalan, Tərtər, Gəncə və Bərdə şəhərlərinə faktaraşdırıcı missiyalar həyata keçirilib. Əsir düşmüş Azərbaycan hərbi qulluqçularına münasibətdə beynəlxalq hüquq normalarının və humanitar hüquq qaydalarının kobud şəkildə pozulması, onların  işgəncələrə, alçaldıcı rəftara məruz qalmaları və digər faktlarla bağlı beynəlxalq təşkilatlara müraciətlər ünvanlanıb. Ötən il Azərbaycan ombudsmanı Ermənistanın törətdiyi müharibə cinayətləri ilə bağlı 8 bəyanat və 7 hesabat hazırlayıb,  videomüraciətlər də daxil olmaqla şikayət xarakterli 15 müraciət aidiyyəti beynəlxalq təşkilatlara, müxtəlif ölkələrin ombudsmanlarına və milli insan hüquqları təsisatlarına, səfirliklərə, dini icma və konfessiyalara göndərilib.

İl ərzində ombudsmanın ünvanına daxil olan 27 min 500 müraciət qanun çərçivəsində təhlil edilib, aidiyyəti dövlət qurumları ilə əməkdaşlıq şəraitində araşdırılıb, pozulmuş hüquqların bərpasına yönəlmiş tədbirlər görülüb, təkliflər verilib. Təsisatda fəaliyyətə başlayan 916 vahid Çağrı Mərkəzi, habelə “Facebook” və “Twitter” sosial şəbəkələrinin imkanlarından istifadə edilməsi vətəndaşların müraciət etmək hüququnun xüsusilə pandemiya dövründə səmərəli təminatına şərait yaradıb.

Ombudsman təsisatının ötən ildəki fəaliyyəti barədə parlamentə ətraflı məlumat verən Səbinə Əliyeva bir sıra təkliflərini də deputatların diqqətinə çatdırıb.

Məruzə dinlənildikdən sonra Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc çıxış edərək ombudsmanın illik məruzəsinə münasibət bildirib, təkliflərini nəzərə çatdırıb. Sonra müzakirələr başlanıb. Milli Məclis Sədrinin birinci müavini Əli Hüseynli, deputatlar Əli Məsimli, Fazil Mustafa, Etibar Əliyev, Tahir Kərimli, Hicran Hüseynova, Sahib Alıyev, Elman Nəsirov, Erkin Qədirli, Aqiyə Naxçıvanlı, Könül Nurullayeva, Qənirə Paşayeva, Sabir Rüstəmxanlı illik məruzəni və ombudsmanın 2020-ci ildə gördüyü işləri müsbət dəyərləndiriblər. İnsan hüquqları üzrə müvəkkilin fəaliyyətinin təkmilləşdirilməsi məqsədilə bəzi irad və təkliflər də nəzərə çatdırılıb.

İclasda ombudsman Səbinə Əliyeva deputatları maraqlandıran sualları cavablandırdıqdan sonra məsələ səsə qoyulub. Milli Məclisdə İnsan hüquqları üzrə müvəkkilin 2020-ci ilə dair illik məruzəsi nəzərə alınıb.

Fasilədən sonra plenar iclas işini davam etdirib. İclasda “Azərbaycan Respublikası Hökuməti ilə Pakistan İslam Respublikası Hökuməti arasında fövqəladə halların nəticələrinin qarşısının alınması, məhdudlaşdırılması və azaldılması sahəsində əməkdaşlıq haqqında” Sazişin təsdiq edilməsinə dair qanun layihəsini təqdim edən Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov ölkələrimiz arasındakı qardaşlıq, dostluq münasibətlərindən söhbət açıb. Qeyd edib ki, bu sənəd Azərbaycan dövlətinin milli maraqlarına cavab verir.

Fikir mübadiləsində Azərbaycan-Pakistan münasibətlərinə toxunan Milli Məclisin Sədri Sahibə Qafarova bildirib ki, Vətən müharibəsi günlərində Pakistan parlamentinin Spikeri ilə iki dəfə telefon danışığı olub və dəstəyə görə Azərbaycan parlamenti adından təşəkkürünü çatdırıb. Qarşılıqlı səfərlərlə əlaqədar  Sədr qeyd edib ki, “bu yaxınlarda Pakistanda İqtisadi Əməkdaşlıq Təşkilatının Parlament Assambleyasının iclası olmalı idi. Həmin iclasa biz də dəvətli idik. Azərbaycan parlamenti böyük bir nümayəndə heyəti ilə həmin tədbirdə təmsil olunacaqdı, rəsmi səfər də o çərçivədə baş tutacaqdı. Lakin pandemiya səbəbindən bu iclas təxirə düşdü.  Pandemiya bitəndən sonra ilk səfər edəcəyimiz ölkələrdən biri Pakistandır. Qarşılıqlı səfərlərimiz olacaq. Bizim dəvətimiz də onlara çatdırılıb.”

Müzakirədə çıxış edən deputatlar Sevinc Fətəliyeva, Fəzail Ağamalı, Siyavuş Novruzov, Qənirə Paşayeva Pakistanın hər zaman ölkəmizin yanında olduğunu, birinci və ikinci Qarabağ müharibələri dövründə birmənalı  olaraq Azərbaycanı dəstəklədiyini vurğulayıblar, dostluq və əməkdaşlıq əlaqələrinin daha da inkişaf etməsi üçün qarşılıqlı səfərlərin vacibliyini qeyd ediblər.   

Səsvermə zamanı parlament bu Sazişi dəstəkləyib.

Sonra üçüncü oxunuşda müzakirəyə çıxarılmış 3 qanun layihəsinə baxılıb. Həmin qanun layihələri barədə Əmək və sosial siyasət komitəsinin üzvü Vüqar Bayramov, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Kamal Cəfərov, İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili məlumat veriblər.

Milli Məclis “Azərbaycan Respublikasının Əmək Məcəlləsində dəyişiklik edilməsi haqqında”, “Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında”, həmçinin “Elektroenergetika haqqında”, “Qaz təchizatı haqqında”, “Su təchizatı və tullantı suları haqqında”, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” və “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” qanunlarda dəyişiklik edilməsi barədə” qanun layihələrini üçüncü oxunuşda qəbul edib.

Plenar iclasda “Məhkəmə-Hüquq Şurası haqqında” qanunda dəyişiklik edilməsi barədə məsələni  Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Nizami Səfərov şərh edib. Bildirib ki, Azərbaycan Prezidentinin qanunvericilik təşəbbüsü qaydasında parlamentə təqdim etdiyi bu layihədə qanunun 8.2-ci maddəsində Məhkəmə-Hüquq Şurası üzvlərinin səlahiyyətlərinin yerinə yetirilməsi ilə bağlı təmsilçilik xərclərinin ödənilməsi üçün Azərbaycan Respublikası Ali Məhkəməsi hakimlərinin əmək haqlarının 25 faizi məbləğində aylıq pul təminatı nəzərdə tutulur. Təqdim edilmiş layihəyə əsasən, “əmək haqqı” sözlərinin “vəzifə maaşı” sözləri ilə əvəz edilməsi təklif olunur.

Şərh dinlənildikdən sonra deputatlar qanun layihəsini qəbul ediblər.

“Əqli mülkiyyət hüquqlarının təminatı və piratçılığa qarşı mübarizə haqqında” qanunda dəyişiklik edilməsi barədə” qanun layihəsini parlamentə Milli Məclis Sədrinin birinci müavini, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli təqdim edib. Bildirib ki, xeyli müddətdir ölkəmizdə bir sıra dövlət orqanları publik hüquqi şəxs kimi fəaliyyət göstərir. Əqli mülkiyyət sahəsində bu fəaliyyəti Əqli Mülkiyyət Agentliyi həyata keçirir. Nazirlər Kabinetinin 2020-ci ildə qəbul etdiyi qərara əsasən, publik hüquqi şəxslər xəzinə hesabı ilə yanaşı, həm də xüsusi hesab aça bilərlər. Çünki onlar bir sıra hallarda ssuda toplayırlar və digər fəaliyyətlər həyata keçirirlər. Buna görə də “Əqli mülkiyyət hüquqlarının təminatı və piratçılığa qarşı mübarizə haqqında” qanunda “xəzinə hesabı” ifadəsi “hesabı” sözü ilə əvəz edilir.

Səsvermə zamanı millət vəkilləri qanun layihəsini dəstəkləyiblər.

Gündəlikdəki “İcra haqqında” qanunda dəyişiklik edilməsi barədə” qanun layihəsi iclasda ikinci oxunuşun prosedur qaydalarına uyğun müzakirə olunub. Deputatlar uyğunlaşdırma xarakteri daşıyan bu qanun layihəsini ikinci oxunuşda qəbul ediblər.

Plenar iclasın müzakirəsinə çıxarılmış növbəti 5 məsələ birinci oxunuşa təqdim olunmuş qanun layihələri olub.

İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsini şərh edən (birinci oxunuş) Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Kamal Cəfərov qeyd edib ki, kənd təsərrüfatı sahəsində subsidiyaların verilməsində korrupsiyanın qarşısının alınması və dövlət dəstəyinin əlçatanlığının təmin edilməsi məqsədilə ölkəmizdə “Elektron kənd təsərrüfatı” informasiya sistemi yaradılıb. Məcəlləyə əlavə olunan yeni maddə də həmin məqsədə xidmət edir.

Müzakirə zamanı Sahib Alıyev məsələyə münasibət bildirib. Layihə səsə qoyulub və birinci oxunuşda qəbul edilib.

İclasda Milli Məclisin Sədri Sahibə Qafarova bildirib ki, gündəlikdəki növbəti iki məsələ – “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” və “Veteranlar haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihələri  parlamentə bir zərfdə daxil olub və mahiyyətcə yaxın olan qanun layihələridir.

Parlamentə birinci oxunuşda təqdim olunmuş həmin qanun layihələri barədə Əmək və sosial siyasət komitəsinin sədr müavini Məlahət İbrahimqızı deputatlara ətraflı məlumat verib. Qeyd edib ki, dövlətimizin həyata keçirdiyi sosial siyasətin təməlində Azərbaycan Prezidentinin qarşıya qoyduğu əsas vəzifələrdən biri kimi şəhid ailələrinə və qazilərə göstərilən dövlət qayğısı durur. Bu gün biz bu qayğının hər an şahidi oluruq. Adı çəkilən qanunlara təklif olunan dəyişikliklər də zamanın tələbindən irəli gəlir və qeyd olunan siyasətin məntiqi davamıdır. Belə ki, işğaldan azad edilmiş Azərbaycan ərazilərində sosial-iqtisadi, humanitar, təşkilati və digər təxirəsalınmaz məsələlərin həlli, həmçinin bu sahədə fəaliyyətin əlaqələndirilməsi məqsədilə “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həlli ilə bağlı Əlaqələndirmə Qərargahının yaradılması haqqında” 24 noyabr 2020-ci il tarixli Prezident Sərəncamına uyğun olaraq yaradılmış işçi qrupunun müvafiq qərarına əsasən şəhidlər, şəhidlərin ailə üzvləri, müharibə ilə əlaqədar əlilliyi olan şəxslər və müharibə veteranları barədə vahid informasiya bazasının yaradılması nəzərdə tutulur.

 Şəhid və şəhid ailəsi statusu almış şəxslərin reyestrinin hazırlanmasında əsas məqsəd hazırki tarixədək verilmiş və bundan sonra verilə biləcək statuslar əsasında şəhidlər, şəhid ailə üzvləri barədə vahid informasiya bazasının yaradılması, müvafiq məlumatların toplanılması, saxlanılması və axtarışının avtomatlaşdırılmasının təmin edilməsidir. Reyestrin təşkili gələcəkdə status verilmiş şəxslərin dövlət orqanlarına müraciətləri zamanı statuslarının onlayn rejimdə müəyyənləşdirilməsi, habelə sosial təminat hüquqlarına proaktiv qaydada baxılması imkanları yaradacaq.

“Veteranlar haqqında” qanuna təklif olunan dəyişiklik də müharibə veteranlarının vahid informasiya bazasını yaratmaq məqsədilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) elektron informasiya sistemində müharibə veteranlarının reyestrini elektron formada aparmasını nəzərdə tutur.

Müzakirə zamanı deputatlar Siyavuş Novruzov, Tahir Kərimli, Sahib Alıyev, Aydın Hüseynov, Nigar Arpadarai, Əli Məsimli, Fəzail Ağamalı, Elnur Allahverdiyev, Aqil Abbas hər iki qanun layihəsinə müsbət münasibət bildiriblər. Sonra qanun layihələri ayrı-ayrılıqda səsə qoyularaq birinci oxunuşda qəbul edilib.

Gündəlikdəki sonuncu iki məsələni təqdim edən komitə sədrinin müavini Məlahət İbrahimqızı mahiyyətcə yaxın olan “Dövlət sosial sığorta sistemində fərdi uçot haqqında” və Əmək Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihələrini birinci oxunuşda ətraflı şərh edib. Bildirib ki, ölkəmizdə sosial sahədə aparılan islahatlar nəticəsində sosial sığorta, fərdi uçot və pensiya təminatı sahəsindəki funksiyaların bir-birini tamamladığı vahid dövlət pensiya təminatı sistemi formalaşdırılıb. Həmin sistemin fəaliyyəti müasir tələblər səviyyəsində təşkil olunmuş, o cümlədən hər bir sığortaolunana fərdi şəxsi hesab açılaraq ödənilən məcburi dövlət sosial sığorta haqlarının bu hesablarda fərdi uçotunun aparılması, vətəndaşların pensiya hüquqlarının dəyər ifadəsində həmin uçotun məlumatları əsasında müəyyənləşdirilməsi mexanizmi yaradılıb. Bu sahədə islahatların davamı olaraq fərdi uçot sistemində qanunvericilik bazasının təkmilləşdirilməsi və sadələşdirilməsi, eləcə də müasir dövrdə öz aktuallığını itirmiş müddəaların qanunvericilikdən çıxarılması zərurəti yaranıb.

Bildirilib ki, “Dövlət sosial sığorta sistemində fərdi uçot haqqında” qanunun bəzi maddələrində dəyişiklik edilməsi Əmək Məcəlləsində də müvafiq dəyişikliklərin edilməsi zərurətini yaradır. Vətəndaşların sosial müdafiəsinin gücləndirilməsi məqsədilə hazırlanmış dəyişiklik fərdi uçot sistemindəki müvafiq məlumatların çevik əldə edilməsini və əlavə xərclərin azaldılmasını nəzərdə tutur.

Müzakirədə deputatlar Eldar Quliyev və Etibar Əliyev rəy və təkliflərini bildiriblər.

Qanun layihələri ayrı-ayrılıqda səsə qoyulub və birinci oxunuşda qəbul edilib.

Bununla da Milli Məclisin iclası başa çatıb.

Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi



Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU