Milli Məclisin Sədri Sahibə Qafarova Misir Ərəb Respublikasının ölkəmizdəki səfiri ilə görüşüb

Sədrin görüşləri
07 aprel 2021 | 17:40   
Paylaşın:        

Aprelin 7-də Milli Məclisin Sədri Sahibə Qafarova Misir Ərəb Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Adel İbrahim Ahmed İbrahim ilə görüşüb.

Spiker qonağı səmimi salamlayaraq, Misirin Azərbaycanın müstəqilliyini ilk tanıyan ölkələrdən biri olduğunu vurğulayıb. O, ölkəmizin Misirlə ikitərəfli münasibətlərin daha da inkişaf etdirilməsinə əhəmiyyət verdiyini bildirərək, tərəflər arasında imzalanmış sənədlərin əməkdaşlığın daha da dərinləşməsinə müsbət töhfələr verdiyini qeyd edib.

İki ölkənin qanunvericilik orqanları arasında əməkdaşlığın əhəmiyyətini bildirən Sahibə Qafarova deyib ki, Milli Məclisdə Azərbaycan-Misir parlamentlərarası əlaqələr üzrə işçi qrupu fəaliyyət göstərir.

Görüşdə Azərbaycanın  Vətən müharibəsində əldə etdiyi böyük qələbə haqqında da məlumat verilib. Bildirilib ki, Azərbaycan bu qələbə nəticəsində Ermənistanın işğal altında saxladığı torpaqlarımızı azad edərək, öz ərazi bütövlüyünü və ədaləti bərpa edib. Bununla da ölkəmiz üçün yeni mərhələnin başlandığını diqqətə  çatdıran Sahibə Qafarova vurğulayıb ki, hazırda  qarşıda duran əsas məqsədlərdən biri azad olunmuş ərazilərimizin ən yüksək səviyyədə yenidən qurulması, şəhər və rayonlarımızın bərpa olunmasıdır.

Görüşdə qeyd olunub ki, ermənilər 30 il ərzində işğal etdikləri Azərbaycan torpaqlarında böyük dağıntılar, vandalizm aktları törədib, şəhərləri, evləri, kəndləri, tarixi, mədəni və dini abidələri, bütün infrastrukturu tamamilə dağıdıb, talan edib. Ermənistan həmçinin həmin əraziləri minalayıb və bu gün bütün çağırışlara baxmayaraq, beynəlxalq hüququn prinsiplərini kobud şəkildə pozmaqda davam edir, minalanmış ərazilərin xəritələrini Azərbaycan tərəfinə verməkdən imtina edir. Bunun nəticəsi olaraq, müharibədən sonra bir çox azərbaycanlı mülki şəxs və hərbçi minaya düşərək həlak olub və yaralanıb. Sahibə Qafarova həmin xəritələrin Azərbaycan tərəfinə verilməməsinin hərbi cinayət olduğunu vurğulayıb.

Səmimi qəbul üçün minnətdarlığını bildirən Misir Ərəb Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Adel İbrahim Ahmed İbrahim ölkəmizdə fəaliyyət göstərməsindən məmnunluğunu ifadə edib. O, Azərbaycanın bütün sahələrdə böyük nailiyyətlər qazandığını və inkişaf etdiyini vurğulayaraq hər iki ölkə rəhbərliyinin dəstəyi ilə ölkələrimiz arasında əlaqələrin daha da dərinləşdiyini bildirib.

Səfir iki ölkənin parlamentləri arasında əlaqələrin səviyyəsindən məmnunluğunu qeyd edib.

Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU