Milli Məclisin Sədri Sahibə Qafarova Qırğızıstan Parlamentinin Sədri ilə görüşüb

Sədrin səfərləri
15 aprel 2021 | 16:34   
Paylaşın:        

Xəbər verildiyi kimi, Milli Məclisin Sədri Sahibə Qafarovanın başçılığı ilə parlament nümayəndə heyəti Müstəqil Dövlətlər Birliyi Parlamentlərarası Assambleyasının yaz sessiyasında iştirak etmək üçün Rusiyanın Sankt-Peterburq şəhərində səfərdədir. 

Səfər çərçivəsində aprelin 15-də Milli Məclisin Sədri Sahibə Qafarova  Qırğızıstan Joqorku Keneşinin (Parlamentinin) Sədri Talant Mamıtovla görüşüb.

Milli Məclisin Sədri görüşdən məmnunluğunu ifadə edərək bildirib ki, bu qəbildən olan görüşlər iki ölkə arasında münasibətlərin inkişafına müsbət töfhə verir. O, qeyd edib ki, münasibətlərimizin möhkəmlənməsində dövlət başçılarımızın görüşləri və qarşılıqlı səfərləri xüsusi rol oynayır. Ölkələrimiz arasında imzalanmış sənədlər münasibətlərimizin hüquqi bazasını təşkil edir.  

Görüşdə məlumat verilib ki, bu gün Azərbaycanda müxtəlif siyasi və iqtisadi islahatlar uğurla həyata keçirilir. Böyük transmilli layihələr, neft və qaz boru kəmərlərinin inşası ölkəmizin, o cümlədən, tərəfdaş dövlətlərin inkişafına mühüm imkanlar yaradır. Eyni zamanda, Böyük İpək Yolunun bərpası həm Azərbaycan, həm də bu strateji yolun üzərində yerləşən ölkələr üçün çox böyük əhəmiyyətə malikdir. 

İki ölkə arasında parlamentlərarası münasibətlərə toxunan Milli Məclisin Sədri hər iki ölkənin qanunvericilik orqanında fəaliyyət göstərən dostluq qruplarının rolunu qeyd edib, beynəlxalq parlament təşkilatlarında uğurla həyata keçirilən əməkdaşlığın önəmini vurğulayıb. Bildirib ki, Joqorku Keneş Milli Məclisin Əməkdaşlıq Memorandumu imzaladığı parlamentlərdən biridir. 

Söhbət zamanı Spiker Sahibə Qafarova 44 günlük Vətən müharibəsi nəticəsində Azərbaycanın BMT-nin qətnamələrini icra edərək öz torpaqlarını işğaldan azad etdiyini söyləyərək, hazırda münaqişənin geridə qaldığını və ölkəmiz üçün yeni bir mərhələnin - quruculuq və yenidənqurma dövrünün başladığını qeyd edib.

Qırğızıstan parlamentinin Sədri Talant Mamıtov ölkəsinin Azərbaycanla əlaqələrin inkişafına böyük önəm verdiyini, bu münasibətlərin dərinləşməsi üçün yaxşı şərait olduğunu  söyləyib. Bildirilib ki, parlamentlər səviyyəsində münasibətlərimizin inkişafı həyatın digər sahələrində əməkdaşlığımızın daha da dərinləşməsinə xidmət edir. Deputatlarımızın mütəmadi görüşləri, müxtəlif beynəlxalq platformalarda birgə iştirakı ümumi mənafelərə xidmət edir.

O, Azərbaycanın qlobal pandemiya - koronavirusa qarşı mübarizədə ölkəsinə göstərdiyi dəstəyə görə minnətdarlığını bildirib. Talant Mamıtov daha sonra Qırğızıstanda keçirilən referendumun nəticələri haqqında məlumat verərək, bu referendumun ölkəsinin gələcək inkişaf tarixində mühüm rol oynayacağını vurğulayıb.   

Görüşdə tərəfləri maraqlandıran digər məsələlər barədə də fikir mübadiləsi aparılıb.

Milli Məclisin Mətbuat və 
ictimaiyyətlə əlaqələr şöbəsi



Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU