Milli Məclisin sədri Sahibə Qafarova: “Azərbaycanla Özbəkistan arasında əməkdaşlıq bütün sahələrdə uğurla inkişaf edir”

Sədrin səfərləri
15 aprel 2021 | 19:10   
Paylaşın:        

Bu fikri Milli Məclisin sədri Sahibə Qafarova Özbəkistan Ali Məclisi Senatının sədri Tənzilə Narbayeva ilə görüşdə söyləyib.

Söhbətdə Sahibə Qafarova iki ölkə arasında münasibətlərin yüksək səviyyədə olduğunu qeyd edərək bildirib ki,  dövlətlərimiz arasında imzalanmış sənədlər əməkdaşlığımızın möhkəm hüquqi bazasını təşkil edir. Milli Məclisin sədri münasibətlərimizin hazırkı yüksək səviyyəyə çatmasında ölkə prezidentlərinin qarşılıqlı səfərlərinin, aparılan danışıqların əhəmiyyətli rol oynadığını vurğulayıb.

Parlamentin sədri Sahibə Qafarova Dağlıq Qarabağ münaqişəsinin Azərbaycan üçün geridə qaldığını, 44 gün davam edən Vətən müharibəsində Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Silahlı Qüvvələrimizin 30 il işğal altında qalmış torpaqlarımızı azad etdiyini vurğulayıb. Milli Məclisin sədri azad olunmuş ərazilərdə aparılan quruculuq işləri barədə məlumat verib. Spiker təəssüflə bildirib ki, Ermənistan bütün çağırışlara baxmayaraq, beynəlxalq humanitar hüququn prinsiplərini kobud şəkildə pozaraq minalanmış ərazilərin xəritələrini Azərbaycan tərəfinə verməkdən imtina edir. O, beynəlxalq ictimaiyyəti bu məsələ ilə bağlı öz mövqeyini ortaya qoymağa çağırıb.

Sədr ölkəmizdə pandemiya ilə mübarizə sahəsində görülən işlər barədə həmsöhbətinə məlumat verib.

Özbəkistan Milli Məclisi Senatının sədri Tənzilə Narbayeva Azərbaycan-Özbəkistan münasibətlərinin inkişafında parlamentlərin rolunu vurğulayıb, 2013-cü ildə Azərbaycana səfərini məmnunluqla xatırlayıb. T.Narbayeva Azərbaycan və Özbəkistan regionları arasında əməkdaşlığın genişləndirilməsinin vacibliyini də diqqətə çatdırıb.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi



Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU