MİLLİ MƏCLİSDƏ RƏQABƏT MƏCƏLLƏSİNİN İCTİMAİ MÜZAKİRƏSİ KEÇİRİLDİ
Oktyabrın 15-də Milli Məclisdə parlamentin Hüquq siyasəti və dövlət quruculuğu, İqtisadi siyasət komitələri üzvlərinin, yerli və beynəlxalq təşkilatların təmsilçilərinin, mütəxəssislərin və ziyalıların iştirakı ilə yeni hazırlanan Rəqabət Məcəlləsi layihəsinin ictimai müzakirəsi keçirildi.
Milli Məclisin İqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadə bildirdi ki, rəqabətə davamlı milli iqtisadiyyatın formalaşması, ölkəmizin beynəlxalq əməkdaşlıq əlaqələrinin genişləndirilməsi və sivil bazar münasibətlərinin tətbiqi qanunvericiliyin təkmilləşdirilməsini zəruri edir. Qarşılıqlı münasibətlərin formalaşması nəticəsində ölkəmiz 140-dan çox ölkə ilə iqtisadi əlaqələr qurub. Bu gün Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təminatında mühüm rol oynayır. Bununla yanaşı, davamlı inkişafımızın uzun ömürlülüyünü təmin etmək, dövrün yeni tələblərinə cavab vermək üçün müvafiq hüquqi baza da yeni tələblərə cavab verməlidir.
Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli son zamanlar Rəqabət Məcəlləsi layihəsinin hazırlanması ilə bağlı görülən işlərin sürətləndirildiyini dedi. Qeyd olundu ki, verilən təkliflər ümumiləşdirilərək Milli Məclisin plenar iclasına təqdim olunacaq.
Layihənin ictimai müzakirəsi zamanı yeni hazırlanan Rəqabət Məcəlləsi layihəsinin əhəmiyyətindən söz açıldı və müxtəlif fikirlər səsləndi. Çıxış edənlər layihənin beynəlxalq standartlara uyğunlaşdırılması üçün görülən işləri məqbul sayaraq öz təkliflərini irəli sürdülər. Bununla da ictimai müzakirə başa çatdı.
Milli Məclisin
Mətbuat xidməti