Azərbaycanla Özbəkistan arasında əməkdaşlığın perspektivləri müzakirə olunub
Aprelin 21-də Milli Məclisin İntizam komissiyasının sədri, Azərbaycan-Özbəkistan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Eldar İbrahimov Özbəkistanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Bahrom Aşrafxanov ilə görüşüb.
Eldar İbrahimov səfiri salamlayaraq ölkəmizin Özbəkistan ilə münasibətlərin inkişaf etdirilməsinə böyük əhəmiyyət verdiyini bildirib. O, ölkələrimiz və xalqlarımız arasında tarixi dostluğun Ulu öndər Heydər Əliyevin dövründən başlayaraq daha da genişləndiyini və möhkəmləndiyini vurğulayıb. Bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyev və Özbəkistan Prezidenti Şavkat Mirziyoyev arasında yüksək səviyyəli münasibətlər əməkdaşlığımızın inkişafına mühüm töhfə verir.
Milli Məclisin Sədri Sahibə Qafarova və Özbəkistan Ali Məclisi Senatının sədri Tənzilə Narbayeva arasında bu yaxınlarda keçirilən görüşü xatırladan Eldar İbrahimov iki ölkənin qanunverici orqanları arasındakı əlaqələrdən, qarşılıqlı səfərlərdən, dostluq qruplarının fəaliyyətindən söz açıb.
Azərbaycanın 44 günlük Vətən müharibəsində qazandığı böyük Zəfərdən danışan Eldar İbrahimov işğaldan azad edilmiş ərazilərimizdəki erməni vandalizminin ağır nəticələrindən bəhs edib.
Görüş üçün minnətdarlığını bildirən Özbəkistanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Bahrom Aşrafxanov ölkəsinin Azərbaycanın ərazi bütövlüyünü həmişə dəstəklədiyini deyib. O, Azərbaycanın BMT qətnamələrinə və beynəlxalq hüquqa əsaslanaraq öz torpaqlarını işğaldan azad etməsi münasibətilə təbriklərini çatdırıb.
Söhbət zamanı özbəkistanlı diplomat ölkələrimiz arasında ikitərəfli qarşılıqlı faydalı əməkdaşlığın genişləndirilməsinə dair fikirlərini açıqlayıb.
Görüşdə Milli Məclisin Azərbaycan-Özbəkistan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvləri - Ziyad Səmədzadə, Cavanşir Paşazadə və Elman Nəsirov çıxış edərək müharibənin başa çatması ilə regionda sülhün və təhlükəsizliyin bərqərar olmasından, yeni əməkdaşlıq imkanlarının yaranmasından, Azərbaycan-Özbəkistan əlaqələrinin müsbət tendensiyalarından, mövcud potensialından, inkişaf perspektivlərindən bəhs ediblər.
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.
Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi