Milli Məclisdə görüş

Tədbirlər
21 aprel 2021 | 17:28   
Paylaşın:        

Aprelin 21-də Milli Məclisin Elm və təhsil komitəsinin sədri, İndoneziya ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Bəxtiyar Əliyev İndoneziyanın ölkəmizdəki səfiri Hildi Hamidlə görüşüb.

Bəxtiyar Əliyev Hildi Hamidə gələcək fəaliyyətində uğurlar arzulayıb. Azərbaycan ilə İndoneziya arasında mövcud olan dostluq münasibətlərindən, mənəvi yaxınlıqdan söz açan deputat bu əlaqələrin daha da inkişaf etdirilməsinə səfirin töhfə verəcəyinə inamını ifadə edib.

Milli Məclisin komitə sədri işğaldan azad edilmiş ərazilərdə ermənilərin törətdikləri vandalizm aktlarından söz açıb, vaxtilə özünün doğulub boya-başa çatdığı, indi isə dağıntıların miqyasına görə Azərbaycanın Xirosiması adlandırılan Ağdam şəhərindən bəhs edib. Deputat işğal vaxtı İndoneziyanın Azərbaycanın beynəlxalq hüquqa və ədalətə əsaslanan haqlı mövqeyini, ərazi bütövlüyünü dəstəkləməsini məmnuniyyətlə qeyd edib. Azad edilmiş ərazilərdə aparılan bərpa-quruculuq işlərindən danışıb.

Səmimi qəbula görə minnətdarlığını bildirən Hildi Hamid səfir kimi fəaliyyətində iki ölkə arasında münasibətlərin daha da inkişaf etdirilməsi üçün səylərini əsirgəməyəcəyini bildirib. Diplomat Azərbaycan Respublikasının erməni işğalından azad olunmuş ərazilərinə səfər edərək oradakı vəziyyətlə şəxsən tanış olmasından danışıb. O, Azərbaycanın azad edilmiş ərazilərdə həyata keçirdiyi işlərdən heyranlığını, İndoneziya şirkətlərinin bu işdə iştirak arzusunu ifadə edib.

Görüşdə parlamentlərarası əlaqələrin əhəmiyyəti, humanitar sahədə, təhsildə əməkdaşlıq, beynəlxalq qurumlarda birgə fəaliyyət və tərəfləri maraqlandıran digər məsələlər barədə fikir mübadiləsi aparılıb.

Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU