Milli Məclisin iclasında bir sıra qanunlara dəyişikliklər edildi

Tədbirlər
16 oktyabr 2012 | 06:10   
Paylaşın:        

Oktyabrın 16-da Milli Məclisin növbəti iclası keçirildi. İclasda əvvəlcə cari məsələlərə baxıldı, Milli Məclisin Sədri Oqtay Əsədov deputatların qaldırdıqları məsələlərə münasibətini bildirdi.
Sonra gündəlikdəki məsələlərin müzakirəsi başlandı. Deputatlar tanınmış hüquqşünas Mahir Cümşüd oğlu Muradovun Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hakimi, Fazil İbrahim oğlu İbrahimovun isə Hesablama Palatasının auditoru təyin edilməsi barədə məsələlərə müsbət münasibət bildirdilər.
İnzibati Xətalar Məcəlləsinin 247-1-ci maddəsinə redaktə xarakterli dəyişiklik edildikdən sonra Milli Məclis “Dövlət qulluğu haqqında” qanuna təklif olunan dəyişikliyi müzakirə etdi.
Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli bildirdi ki, dəyişiklikdə xüsusi dövlət mühafizə xidmətinin dövlət qulluğuna aid olan dövlət orqanları siyahısına daxil edilməsi nəzərdə tutulmuşdur. Qanun layihəsi təsdiq edildikdən sonra deputatlar “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 95 illiyi (1918-2013)” yubiley medalının təsis edilməsi ilə əlaqədar “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” Qanuna da dəyişiklik etdilər. “Miqrasiya orqanlarında qulluq keçmə haqqında Əsasnamə”yə təklif edilən dəyişikliklərdə isə deyilir ki, miqrasiya orqanlarına qulluğa qəbul olunmaq üçün müraciət etmiş və sənədləri qəbul edilmiş namizədlər aşkarlıq təmin edilməklə müsabiqədən və ya müsahibədən keçirlər. Kiçik xüsusi rütbələr nəzərdə tutulan vəzifələrə şəxslər müsahibə əsasında qəbul edilirlər. Bu layihə də səsə qoyularaq təsdiqləndi. Sonra  “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında”, “İcra haqqında” qanunlara, Əmək Məcəlləsinə, Cəzaların İcrası Məcəlləsinə, “Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyalar haqqında Əsasnamə”yə bir sıra redaktə və texniki xarakterli dəyişikliklər edildi.
“Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” Qanuna edilmiş dəyişiklikdə isə təsdiqlənmiş siyahıdan abidənin çıxarılmasının müvafiq icra hakimiyyəti orqanının təklifi əsasında, AMEA-nın rəyi nəzərə alınmaqla, müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilməsi nəzərdə tutulur.
 “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanuna edilən dəyişiklikdə isə bildirilir ki, dövlət reyestrindən arayış əldə etmək məqsədilə elektron müraciətlər dövlət orqanları tərəfindən elektron xidmətlərin göstərilməsini tənzimləyən normativ hüquqi aktların tələbləri nəzərə alınmaqla həyata keçiriləcəkdir.
İnzibati Xətalar Məcəlləsinə edilən başqa bir dəyişikliyə əsasən şəxsin dağınıq skleroz xəstəsi olması səbəbinə görə əmək müqaviləsinin bağlanmasından imtinaya  və ya əmək müqaviləsinə xitam verilməsinə görə vəzifəli şəxslər 1500 manatdan 2 min manata qədər cərimə ediləcəklər. Hər üç qanuna təklif olunan dəyişikliklər qəbul olunduqdan sonra Milli Məclis “Bələdiyyələrin əraziləri və torpaqları haqqında” Qanuna əlavə edilmiş “Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”na da dəyişiklik etdi.
İclasın sonunda “Ölçmələrin vəhdətinin təmin edilməsi haqqında” qanun layihəsi ikinci oxunuşda müzakirə edilərək qəbul olundu. Bununla da Milli Məclisin iclası başa çatdı.

 

Milli Məclisin
Mətbuat xidməti

 


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU