Milli Məclisin Sədri Sahibə Qafarovanın TBMM Sədri ilə telefon danışığı olub

Sədrin görüşləri
24 aprel 2021 | 23:47   
Paylaşın:        

Aprelin 24-də Milli Məclisinin Sədri Sahibə Qafarova ilə Türkiyə Böyük Millət Məclisinin (TBMM) Sədri  Mustafa Şentop arasında telefon danışığı olub. Sahibə Qafarovanın təşəbbüsü ilə baş tutan telefon danışığı zamanı  qardaş ölkə parlamentlərinin spikerləri Amerika Birləşmiş Ştatları Prezidenti Cozef Baydenin qondarma “erməni soyqırımı” ilə əlaqədar verdiyi bəyanatını qınadıqlarını ifadə ediblər.

Milli Məclis Sədri sözügedən bəyanatın tarixi xəta olduğunu və qəbuledilməz xarakter daşıdığını ifadə edib, bu xətadan tezliklə dönüləcəyinə ümidvar olduğunu dilə gətirib. Parlamentin Spikeri son dövrlər region dövlətləri arasında sülh və hərtərəfli əməkdaşlıq üçün ümidlərin yarandığı və bu tip bəyanatların bu ümidlərin üstündən xətt çəkmək potensialı daşıdığını dilə gətirib.

Tarixin siyasiləşdirilməsinin çox təhlükəli bir meyl olduğunu ifadə edən Milli Məclisin Sədri Azərbaycanın hər zaman qardaş Türkiyəni dəstəklədiyini vurğulayıb.

Qardaş Türkiyənin parlament sədri Mustafa Şentop tutduğu mövqe və göstərdiyi dəstəyə görə Milli Məclisin Sədri Sahibə Qafarovaya təşəkkür edib. TBMM Sədri ABŞ Administrasiyasının atdığı bu addımın böyük bir səhv olduğunu və bu səhvin ən qısa müddətdə aradan qaldırılacağına ümid etdiyini bildirib.

Sonda spikerlər Azərbaycan ilə Türkiyə arasında mövcud olan əməkdaşlıq və parlamentlərarası münasibətlərə dair fikir mübadiləsi aparıblar.

Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU