Parlamentin iclasında Milli Məclisin Sədri Sahibə Qafarova qondarma “erməni soyqırımı” iddialarına münasibət bildirib

Plenar iclaslar
27 aprel 2021 | 18:30   
Paylaşın:        

Aprelin 27-də Milli Məclisin yaz sessiyasında növbəti plenar iclası keçirilib. İclasda çıxış edən Milli Məclisin Sədri Sahibə Qafarova son günlər səsləndirilən qondarma “erməni soyqırımı” iddialarına münasibət bildirib.

Sədr diqqətə çatdırıb ki, 106 il bundan əvvəl ermənilərin guya soyqırıma məruz qaldığı barədə iddia Türkiyə ilə Amerika Birləşmiş Ştatları arasında gərginlik yaradıb. 

Biz “erməni soyqırımı” uydurmasına siyasi və hüquqi don geyindirmək üçün erməni şovinistlərinin və onların havadarlarının tarixi yenidən yazmaq, faktları saxtalaşdırmaq, yalanı həqiqət kimi qələmə vermək cəhdlərinin dəfələrlə şahidi olmuşuq.

Ancaq tarixi faktlar və sənədlər sübut edir ki, Osmanlı dövləti ərazisində ermənilərin planlı şəkildə kütləvi məhv edilməsi iddiaları cəfəngiyyatdan başqa bir şey deyildir. Bir sıra tarixçilərin, o cümlədən Amerikalı alimlər Stenford C.Şounun, Castin A. Makkartinin, Bernard Levisin və digərlərinin araşdırmalarından da bu nəticə hasil olur.

Sədr qeyd edib ki, “erməni soyqırımı”nın baş verdiyi iddia olunan dövrdə, yəni XX əsrin əvvəllərində yüz minlərlə günahsız insan, o cümlədən türklər, azərbaycanlılar və digər xalqların nümayəndələri erməni şovinistləri tərəfindən kütləvi şəkildə qətlə yetiriliblər.

Həm də Anadolu və Cənubi Qafqaz ərazilərində soyqırım cinayətləri mərhələ-mərhələ təşkil edilib. Azərbaycan xalqına qarşı soyqırım aktları 1918-ci ildə daha mütəşəkkil şəkildə və daha böyük qəddarlıqla həyata keçirilib. Həmin ilin mart-aprel aylarında Bakıda, Şamaxıda, Qubada, Muğanda, Lənkəranda ermənilər 50 mindən çox azərbaycanlını qətlə yetirib, evlərini talan edib, daha on minlərcə adamı yurd-yuvasından didərgin salıblar. Əslində, soyqırım baş verib, amma bu cinayətin müəllifləri erməni quldur dəstələri, qurbanları isə türklər, azərbaycanlılar və digər xalqların nümayəndələri olublar. 

Lap yaxın keçmişdə isə 1992-ci il fevralın 26-da Ermənistan silahlı qüvvələri Azərbaycanın Xocalı şəhərində soyqırım aktı törədiblər. Dəhşətli cinayət əməli nəticəsində 613 nəfər dinc azərbaycanlı milli mənsubiyyətinə görə vəhşicəsinə qətlə yetirilib.  487 nəfər şikəst edilib, 1275 sakin girov götürülərək amansız işgəncələrə məruz qalıb. 150 nəfərin, o cümlədən 68 qadının və 26 uşağın taleyi bu günədək məlum deyildir.

Spiker vurğulayıb ki, Xocalı faciəsi kimi real soyqırım aktına göz yumanların erməni təbliğatının təsiri altına düşərək, yaxud müəyyən siyasi dividendlər əldə etmək niyyəti güdərək saxta “erməni soyqırımı” haqqında iddialar səsləndirməsi yalnız təəssüf hissi doğurur.

Digər tərəfdən, Birləşmiş Millətlər Təşkilatı Baş katibinin rəsmi nümayəndəsi Stefan Dyujarrik bu günlərdə uydurma “erməni soyqırımını”  tanımaq planlarını şərh edərkən demişdir ki, “soyqırım” faktını ancaq müvafiq məhkəmə instansiyası müəyyən etməlidir.

Bu, “soyqırım” məsələsinə dair Birləşmiş Millətlər Təşkilatının mövqeyidir.

Məhkəmə məsələsinə gəlincə isə, Avropa İnsan Hüquqları Məhkəməsi 2013-cü və 2015-ci illərdə “Doğu Perinçek İsveçrəyə qarşı” işi üzrə çıxardığı hökmlərlə təsdiq edib ki, “erməni soyqırımı” ifadəsi tarixi fakt deyil, sadəcə,  bir fikirdir.

Milli Məclisin Sədri onu da xatırladıb ki, Türkiyə dövlətinin qərarı ilə Osmanlı dövrünə aid arxivlər açılıb, arzu edən hər kəs, o cümlədən erməni siyasətçiləri və alimləri bu sənədlərlə tanış olmağa dəvət ediliblər. Heç də təəccüblü deyil ki, erməni tərəfi sağlam diskussiya barəsində bu təklifə etinasızlıq göstərib. 

Sahibə Qafarova bildirib ki, Azərbaycan dövləti və cəmiyyəti hər bir məsələdə olduğu kimi, bu məsələdə də qardaş Türkiyənin yanındadır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Türkiyə Respublikasının Prezidenti cənab Rəcəb Tayyib Ərdoğanla sonuncu telefon danışığında bunu bir daha ifadə etdi. Cənab Prezident bir daha göstərdi ki, bütün məsələlərdə olduğu kimi, uydurma “erməni soyqırımı” üzərindən Türkiyəyə yönələn kampaniya qarşısında da qardaş ölkənin yanındadır.

Azərbaycan Xarici İşlər Nazirliyi bu məsələyə dair qəti mövqeyini ifadə edib. Ölkəmizdə fəaliyyət göstərən 48 siyasi partiyanın da birgə bəyanatı yayılıb.

Sədr diqqətə çatdırıb ki, aprelin 24-də Türkiyə Böyük Millət Məclisinin Sədri  cənab Mustafa Şentop ilə telefon danışığında Azərbaycan Respublikasının Milli Məclisi adından sözügedən məsələdə qardaş Türkiyə ilə həmrəy olduğumuzu bildirib. Qeyd edib ki, son dövrdə bölgədə sülh və hərtərəfli əməkdaşlıq üçün ümidlər yaranıb, lakin belə bəyanatlar bu ümidlərin üstündən xətt çəkmək potensialı daşıyır.

Milli Məclisin Sədri çıxışında bu günlərdə Ermənistanda olan Fransa Senatının sədri Jerar Larşenin verdiyi birtərəfli və qərəzli açıqlamalara da toxunub. Bildirib ki, bu açıqlamalarda cənab Larşe Azərbaycana qarşı əsassız ittihamlar irəli sürüb. Spiker qeyd edib ki, əgər Fransa Senatının sədri obyektiv və ədalətli mövqe tutsa idi, 30 illik işğal dövründə Azərbaycanın şəhər və kəndlərinin, dini və  mədəni abidələrinin Ermənistan tərəfindən yerlə yeksan edilməsinə, müqəddəs məkanlarımızın təhqir edilməsinə göz yummazdı. Milli Məclisin Sədri Fransa Senatı sədrinin belə bir mövqe tutmaq yerinə, qızışdırıcı bəyanatlar səsləndirməyə üstünlük verməsinə təəssüfünü ifadə edib.

Sonra iclasın gündəliyi qəbul edilib və cari məsələlərin müzakirəsinə başlanılıb. Parlamentin komitə sədri Zahid Oruc, deputatlardan Azər Badamov, Soltan Məmmədov, Sahib Alıyev, Vahid Əhmədov, Cavid Osmanov, Fazil Mustafa, Əli Məsimli, Elşad Mirbəşiroğlu, Qüdrət Həsənquliyev çıxış edərək  ABŞ Prezidenti Co Baydenin qondarma “erməni soyqırımı” ilə əlaqədar verdiyi bəyanata öz münasibətlərini bildiriblər. Millət vəkilləri bu bəyanatı kəskin qınayaraq onu tarixi yalan adlandırıblar. Deputatlar, eyni zamanda, Fransa Senatının sədri Jerar Larşenin Ermənistana səfəri zamanı qərəzli və obyektivlikdən uzaq açıqlamalarını regionda sabitliyə təhdid kimi dəyərləndiriblər. Çıxışlarda Azərbaycanın hər zaman Türkiyənin yanında olduğu qeyd edilib.

Sonra iclasda gündəlikdəki məsələlərə baxılıb. Parlamentin Sədri Sahibə Qafarova bildirib ki, bu gün 8 məsələ müzakirə ediləcək və ilk iki məsələ Milli Məclisin qərar layihələridir.

Daha sonra Milli Məclisin Sədri Sahibə Qafarova gündəliyin birinci məsələsi - Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının üzvlərinin və əvəzedici üzvlərinin seçilməsi barədə məlumat verib. Bildirilib ki, Mərkəzi Seçki Komissiyası üzvlərinin səlahiyyət müddəti başa çatıb və Milli Məclis Komissiyanın yeni tərkibini formalaşdırmalıdır. Seçki Məcəlləsinin 24.3-cü maddəsinə uyğun olaraq Mərkəzi Seçki Komissiyasının 18 üzvündən 6 nəfərin namizədlikləri Milli Məclisdə çoxluq təşkil edən siyasi partiya tərəfindən, 6 nəfərin namizədlikləri heç bir siyasi partiyaya mənsub olmayan deputatlar tərəfindən, 6 nəfərin isə namizədlikləri Milli Məclisdə azlıq təşkil edən siyasi partiyalar tərəfindən təqdim edilməlidir. Bununla birlikdə, Seçki Məcəlləsinin 19.7-ci maddəsinə görə Mərkəzi Seçki Komissiyasının 3 nəfər əvəzedici üzvünün namizədlikləri də eyni qaydada Milli Məclisə təqdim edilməlidir.

Spiker diqqətə çatdırıb ki, artıq bütün lazımi prosedurlar icra olunub və namizədlər müəyyən edilib. Milli Məclisdə çoxluq təşkil edən Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin qərarı ilə Mərkəzi Seçki Komissiyasının 6 nəfər üzvünün və 1 nəfər əvəzedici üzvünün, heç bir siyasi partiyaya mənsub olmayan deputatların yığıncağının qərarı ilə Mərkəzi Seçki Komissiyasının 6 nəfər üzvünün və 1 nəfər əvəzedici üzvünün, habelə Milli Məclisdə azlıq təşkil edən siyasi partiyaların – Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının, Vətəndaş Həmrəyliyi Partiyasının, Böyük Quruluş Partiyasının, Azərbaycan Demokratik Maarifçilik Partiyasının, Ana Vətən Partiyasının və Demokratik İslahatlar Partiyasının rəhbər orqanlarının qərarları ilə Mərkəzi Seçki Komissiyasının 6 nəfər üzvünün və 1 nəfər əvəzedici üzvünün namizədlikləri Milli Məclisə təqdim edilib.

Sahibə Qafarova onu da qeyd edib ki, Seçki Məcəlləsinin tələbinə uyğun olaraq Milli Məclisdə heç bir siyasi partiyaya mənsub olmayan deputatların təqdim etdiyi namizədlərdən biri Milli Məclisdə çoxluq təşkil edən Yeni Azərbaycan Partiyasının nümayəndələri ilə, digər bir namizəd isə azlıq təşkil edən siyasi partiyaların nümayəndələri ilə razılaşdırılıb.

Müzakirələr zamanı parlamentin komitə sədri Siyavuş Novruzov, deputatlardan Hikmət Məmmədov, Sabir Rüstəmxanlı məsələyə münasibət bildirdikdən sonra qərar layihəsi qəbul edilib.

Mərkəzi Seçki Komissiyasının üzvü Məzahir Pənahov çıxış edərək namizədlikləri irəli sürən tərəflərə və Milli Məclisin üzvlərinə minnətdarlığını ifadə edib. Qeyd edib ki,  Azərbaycanda müxtəlif sahələrdə olduğu kimi, seçkilərlə də bağlı son illər böyük nailiyyətlər əldə edilib. Bu nailiyyətlər, hər şeydən əvvəl, Azərbaycanda əldə edilmiş dayanıqlı ictimai-siyasi stabilliklə bağlıdır. İkinci, seçkilərin demokratik, şəffaf keçirilməsi üçün müasir tələblərə cavab verən hüquqi bazanın yaradılması ilə bağlıdır. Üçüncü, Mərkəzi Seçki Komissiyası da daxil olmaqla otuz mindən artıq Seçki Komissiyası üzvlərinin öz fəaliyyətini qanunvericiliyin tələblərinə uyğun həyata keçirməsi üçün yaradılmış nümunəvi şəraitlə bağlıdır. Bütün bu amillər ölkə başçısının təşəbbüsü və birbaşa rəhbərliyi  ilə icra strukturları tərəfindən həyata keçirilir və daim diqqətdə saxlanılır. MSK üzvü əminliklə bildirib ki, Mərkəzi Seçki Komissiyası bundan sonra da öz fəaliyyətini qanunvericiliyin tələbləri əsasında, Azərbaycan dövlətçiliyinin və xalqının maraqlarına uyğun şəkildə həyata keçirəcək.

Sonra iclasda növbəti məsələ - İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının (İƏTPA) Nizamnaməsi barədə Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini Sevinc Fətəliyeva məlumat verib.

Diqqətə çatdırılıb ki, İqtisadi Əməkdaşlıq Təşkilatı 1985-ci ildə yaradılıb. Hökumətlərarası təşkilatdır. Yarandığı vaxtdan Türkiyə, İran və Pakistan arasında iqtisadi, texniki və mədəni əməkdaşlığı möhkəmləndirmək məqsədi daşıyır. 1992-ci ildə daha 7 ölkə - Azərbaycan, Əfqanıstan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Tacikistan və Türkmənistan bu təşkilata qoşulublar. Təşkilatın fəaliyyətini tənzimləyən əsas sənəd – İzmir Müqaviləsidir. Əsas məqsədləri – iqtisadi əməkdaşlıq, İƏT regionunda ticarətdə məhdudiyyətlərin aradan qaldırılması, digər regionların təcrübəsini və qlobal iqtisadi meyilləri nəzərə alaraq,  regiondaxili və regionlararası ticarəti genişləndirməkdir.

Qeyd edilib ki, Azərbaycan 2006 və 2012-ci illərdə İqtisadi Əməkdaşlıq Təşkilatının zirvə toplantılarına ev sahibliyi edib.

Bildirilib ki, cari ilin martın 4-də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə İqtisadi Əməkdaşlıq Təşkilatının 14-cü zirvə toplantısı keçirilib. Azərbaycan Prezidenti İlham Əliyev bu tədbirdə çıxış edərək ölkəmizin təşkilata üzv dövlətlərlə münasibətinə böyük əhəmiyyət verdiyini qeyd edib.

Qeyd olunub ki, regionda yaranmış yeni reallıq fonunda İqtisadi Əməkdaşlıq Təşkilatının Parlament Assambleyasının Nizamnaməsinin təsdiqlənməsi və bu qurumun yaradılması xüsusi əhəmiyyət kəsb edir.

Müzakirələr zamanı komitə sədri Musa Quliyev, deputatlardan Vahid Əhmədov, Fəzail Ağamalı, İlham Məmmədov, Aydın Mirzəzadə İƏTPA-nın Nizamnaməsi barədə öz fikirlərini açıqlayıblar. Sevinc Fətəliyeva səsləndirilən fikirlərə münasibət bildirib.

Sənəd səsə qoyularaq qəbul edilib.

Sonra Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Əminə Ağazadə “Prokurorluq haqqında” qanunda dəyişiklik edilməsi barədə” qanun layihəsini üçüncü oxunuşda təqdim edib. Deputat layihənin ikinci oxunuşu zamanı yaranmış suallara aydınlıq gətirib.

Komitə sədri Siyavuş Novruzov qanuna edilən dəyişikliklər barədə fikirlərini söylədikdən sonra qanun layihəsi üçüncü oxunuşda qəbul olunub.

Daha sonra Əminə Ağazadə “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” qanunda dəyişiklik edilməsi barədə” qanun layihəsi ilə bağlı üçüncü oxunuşda məlumat verib.  Layihədə prokurorluqda stajorluq və sınaq keçmə ilə bağlı yeni müddəaların əlavə edilməsi, habelə prokurorluq işçisinə vaxtından əvvəl rütbə verilməsi və prokurorluq işçilərinin sosial müdafiəsinin gücləndirilməsi ilə bağlı dəyişikliklər nəzərdə tutulub.

Qanun layihəsi üçüncü oxunuşda qəbul edilib.

İclasda Milli Məclis Sədrinin müavini, İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fəzail İbrahimli “Dini etiqad azadlığı haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsini ikinci oxunuşda diqqətə çatdırıb. Bildirilib ki, qanun layihəsi ikinci oxunuşun tələblərinə tam cavab verir.

Qanun layihəsi dini etiqad azadlığı sahəsində mövcud olan və yeni yaranan münasibətləri ölkənin qanunvericilik sisteminə uyğun şəkildə tənzimləmək, dövlətin, vətəndaşların, dini qurumların bu sahədə hüquq, vəzifə və məsuliyyətini müəyyənləşdirmək, dini etiqad azadlığının həyata keçirilməsi üçün daha münbit şərait yaratmaq, qanunun tələblərinə riayət olunmasına nəzarəti və maarifləndirmə işini səmərəli təşkil etmək məqsədi daşıyır. Dəyişikliklər müxtəlif dini etiqadlar arasında qarşılıqlı hörmət, anlaşma və dözümlülük mühitinin möhkəmlənməsinə kömək edəcək.

Qanun layihəsi ikinci oxunuşda qəbul edilib.

Sonra Milli Məclis Sədrinin birinci müavini, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsini (ikinci oxunuş) təqdim edib. Bildirilib ki, bu sənəd "Dini etiqad azadlığı haqqında" qanunda dəyişiklik edilməsi haqqında" qanun layihəsinin icrası ilə əlaqədar hazırlanıb və burada  təklif edilən dəyişiklik uyğunlaşdırma xarakteri daşıyır.

Qanun layihəsi ikinci oxunuşda qəbul olunub.

Sonra Spiker Sahibə Qafarova bildirib ki, gündəliyin son iki məsələsi mahiyyətcə bir-birinə yaxın olan qanun layihələridir.

Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov “Şəkərli diabet xəstəliyinə tutulmuş şəxslərə dövlət qayğısı haqqında”, “Qanın, qan komponentlərinin donorluğu və qan xidməti haqqında”, “Yetkinlik yaşına çatmayanların baxımsızlığının və hüquq pozuntularının profilaktikası haqqında”, “Azərbaycan Qızıl Aypara Cəmiyyəti haqqında”, “Arıçılıq haqqında”, “Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası haqqında”, “Təhsil haqqında”, “Bədən tərbiyəsi və idman haqqında”, “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında”, “İnsanın immunçatışmazlığı virusunun törətdiyi xəstəliklə mübarizə haqqında” və “Məişət zorakılığının qarşısının alınması haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə qanun layihəsi (ikinci oxunuş)  və “Dağınıq skleroz  xəstəliyinə tutulmuş şəxslərə dövlət qayğısı haqqında”, “Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında”, “Yaşıllıqların mühafizəsi haqqında”, “Uşaqların icbari dispanserizasiyası haqqında”, “Tütün məmulatlarının  istifadəsinin məhdudlaşdırılması haqqında”, “Peşə təhsili haqqında”, “Əlilliyi olan şəxslərin hüquqları haqqında”, “Psixoloji yardım haqqında” və “Ümumi təhsil haqqında” qanunlarda dəyişiklik edilməsi barədə  qanun layihəsi (ikinci oxunuş) barədə məlumat verib.

Qeyd olunan qanun layihələri "Azərbaycan Respublikasında icbari tibbi sığortanın tətbiqinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 20 dekabr tarixli 418 nömrəli Fərmanının icrasını təmin etmək məqsədilə hazırlanıb.

Sənədlər ətrafında müzakirələr zamanı deputatlar Qüdrət Həsənquliyev, Fəzail Ağamalı, Hikmət Məmmədov öz fikirlərini söyləyiblər, koronavirus pandemiyası, ona qarşı  peyvəndin istehsalı və ölkəmizdə tətbiqi ilə bağlı suallarını səsləndiriblər. Komitə sədri Əhliman Əmiraslanov sualları ətraflı cavablandırıb.

Hər iki qanun layihəsi ayrı-ayrılıqda səsə qoyularaq ikinci oxunuşda qəbul edilib.

Bununla Milli Məclisin iclası başa çatıb.

Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi



Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU