Milli Məclisdə ailə strategiyasına dair dinləmələr keçirilib
Aprelin 28-də Milli Məclisdə Ailə, qadın və uşaq məsələləri komitəsi və Ombudsmanın birgə təşkilatçılığı ilə “Azərbaycan Ailə Strategiyasının formalaşması hüquq müstəvisində” mövzusunda onlayn formatda dinləmələr keçirilib.
Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova tədbirin görkəmli oftalmoloq alim, akademik Zərifə Əliyevanın doğum gününə təsadüf etdiyini qeyd edib. Bildirib ki, Zərifə xanımın ruhu şaddır, çünki onun üstün tərbiyəsi ilə böyümüş övladı, möhtərəm Prezidentimiz İlham Əliyev Azərbaycanın müasir dünyada lider dövlətə çevrilməsini təmin edib, hər birimizin 30 illik Qarabağ həsrətinə son qoyub. Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın da Zərifə xanımın ənənələrini davam etdirərək Azərbaycanın milli-mənəvi mirasının, ailə dəyərlərinin keşiyində dayandığı vurğulanıb.
Hər bir insanın, hətta hər bir xalqın inkişafında ailənin rolunu qeyd edən komitə sədri bugünkü tədbirin də ölkəmizdə ailə institutunun möhkəmləndirilməsi məsələlərinin, bu istiqamətdə qanunvericilikdə ortaya çıxan problemlərin, onların həlli yollarının araşdırılması və bu mövzuda fikir mübadiləsi aparmaq məqsədi daşıdığını bildirib.
Tədbirin keçirilməsində Milli Məclisin Sədri Sahibə Qafarovanın dəstəyini qeyd edən komitə sədri çıxışında ailə institutu ilə bağlı mövcud normativ-hüquqi bazanın tətbiqi, təkmilləşdirilməsi və cəmiyyəti bu sahədə narahat edən məsələlərə toxunub.
Çıxış edən İnsan Hüquqları üzrə Müvəkkil Səbinə Əliyeva məişət zorakılığı, erkən nikahlar, qeyri-rəsmi nikahlar kimi cəmiyyəti narahat edən mövzulardan danışıb, təkliflərini səsləndirib.
Onlayn konfransda Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsi sədrinin müavini Jalə Əliyeva, komitə üzvləri Ramin Məmmədov, Könül Nurullayeva, Tamam Cəfərova, Rəşad Mahmudov müzakirə olunan mövzu ilə bağlı fikirlərini bildiriblər, rəy və təkliflərini səsləndiriblər. Deputatlar ailə institutunun möhkəmləndirilməsi üçün qanunvericilikdə yeni normaların, anlayışların təsbitinin vacibliyini vurğulayıblar, Azərbaycan ailəsini müasir tendensiyaların, qloballaşma kimi proseslərin mənfi təsirindən qoruma yollarını müzakirə ediblər.
Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı, Təhsil nazirinin müavini Firudin Qurbanov, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Aynur Sofiyeva, Dövlət Statistika Komitəsinin sədr müavini Yusif Yusifov, Ədliyyə Nazirliyinin Vətəndaşlıq vəziyyəti aktlarının reyestri xidmətinin rəisi Reyhanə Kərimova, Ali Məhkəmənin hakimləri - Elşanə Vəliyeva və Şahin Yusifov, Daxili İşlər Nazirliyinin şöbə rəisi Adıgözəl Adıgözəlov, Baki Şəhər İcra Hakimiyyətinin İctimai-siyasi, humanitar məsələlər və dini qurumlarla iş şöbəsinin müdiri Elmin İmanov, “Təmiz Dünya” Qadınlara Yardim İctimai Birliyinin sədri Mehriban Zeynalova təmsil etdikləri təşkilatların bu sahədə gördüyü işlər, qarşıya çıxan problemlər barədə danışıblar, onların həlli ilə bağlı rəy və təkliflərini irəli sürüblər.
Konfransda Ailə, qadın və uşaq məsələləri komitəsinin üzvləri – Sevil Mikayılova, Nigar Arpadarai, Rauf Əliyev, Sədaqət Vəliyeva, Pərvin Kərimzadə və digər rəsmi şəxslər də iştirak ediblər.
Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi