Milli Məclisin Sədri Sahibə Qafarova "Beynəlxalq sülh və etimadın möhkəmləndirilməsində parlamentarilərin rolu" mövzusunda onlayn görüşdə iştirak edib

Sədrin görüşləri
28 aprel 2021 | 19:28   
Paylaşın:        

Aprelin 28-də Milli Məclisin Sədri Sahibə Qafarova bir sıra ölkələrin parlament rəhbərlərinin "Beynəlxalq sülh və etimadın möhkəmləndirilməsində parlamentarilərin rolu" mövzusunda onlayn görüşündə iştirak edib. Türkmənistan parlamentinin təşəbbüsü və təşkilatçılığı ilə təşkil olunan görüşdə spiker Sahibə Qafarova çıxış edib.

O, qeyd edib ki, bu gün qloballaşan dünyada sülh və inamın möhkəmləndirilməsində beynəlxalq və regional parlament təşkilatları ilə yanaşı, milli parlamentlər də xüsusi rol oynayır. Bəşəriyyətin üzləşdiyi qlobal problemlərin həlli üçün dünya ölkələri parlamentlərinin həm ikitərəfli formatda, həm də beynəlxalq və regional təşkilatlar çərçivəsində əməkdaşlığından çox şey asılıdır. Bu gün parlamentlərarası əməkdaşlıq beynəlxalq aləmdə sülh və sabitliyin bərqərar olmasında, dünya siyasətinin aktual problemlərinin həllində, habelə mövcud beynəlxalq hüquq normalarına riayət olunmasında ölkələrə geniş imkanlar yarada bilər.

Görüşdə artıq tarixə qovuşmuş Dağlıq Qarabağ münaqişəsi haqqında da danışan  Milli Məclisin  Sədri qeyd edib ki, Ermənistan 30 ilə yaxın Azərbaycan ərazilərinin 20 faizini işğal altında saxlayıb. Həmin dövrdə sözügedən işğal nəticəsində ölkəmizin üzləşdiyi çətinliklərə münasibətdə beynəlxalq birliyin susqunluğu və heç bir tədbir görməməsi müasir dünyada mövcud olan ikili standartlardan xəbər verir. Lakin 2020-ci ilin payızında Ermənistanın təxribatları nəticəsində yenidən alovlanan münaqişəyə 44 günlük Vətən müharibəsində son qoyuldu və Azərbaycan öz torpaqlarını Ermənistan işğalından azad etdi. Bununla da bölgəmizdə yeni reallıqlar yarandı. Azərbaycan Prezidentinin, Rusiya Prezidentinin və Ermənistan Baş nazirinin 2020-ci il 10 noyabr tarixli bəyanatı bölgədə sülhün bərqərar olması və əməkdaşlığın yeni mərhələsi üçün mühüm bir mərhələdir.

Sahibə Qafarova xatırladıb ki, Azərbaycan Prezidenti cənab İlham Əliyev bəyənatın  imzalanmasını  yüksək  qiymətləndirib və uzunmüddətli sülhün təmin edilməsi və bölgənin daha da inkişafı üçün bu sənədin əhəmiyyətini qeyd edib. Azərbaycan Prezidenti çıxışlarında müharibədən sonrakı dövrdə həm regional, həm də dost ölkələr üçün yeni əməkdaşlıq, rabitə, nəqliyyat dəhlizləri yaratmaq imkanı meydana gəldiyini vurğulamışdır.

Milli Məclisin Sədri çıxışında  Ermənistan  spikerinin görüşdə  səsləndirdiyi və ictimai rəyi çaşdırmağa yönələn həqiqətdən uzaq fikirlərinə cavab olaraq təəssüf hissi ilə bildirib ki, Ermənistan parlamentinin sədri münaqişə və nifrət nitqini davam etdirir. Azərbaycan üçtərəfli bəyanatda əksini tapan bütün öhdəlikləri yerinə yetirir. Sahibə Qafarova qeyd edib ki, Ermənistan tərəfindən Azərbaycanın işğaldan azad etdiyi və beynəlxalq səviyyədə tanınmış ərazilərinə gizli şəkildə təxribatçı diversantlar, terrorçular göndərilir. Bu da 10 noyabr tarixli bəyanatın Ermənistan tərəfindən kobud şəkildə pozulması deməkdir və bölgədə sülhü və təhlükəsizliyi pozmağa yönəlib. Ona görə də Azərbaycan Dövlət Təhlükəsizlik Xidməti və Müdafiə Nazirliyinin antiterror əməliyyatı zamanı tutulan təxribatçı, diversant qruplar hərbi əsirlər hesab edilə bilməzlər.

Spiker Sahibə Qafarova xatırladıb ki, 44 günlük müharibə dövründə Ermənistan tərəfindən müxtəlif ölkələrdən terrorçular – Suriyadan, Livandan, bəzi Avropa dövlətlərindən etnik ermənilər münaqişə zonasına gətiriliblər. Azərbaycan öz ərazilərini təxribatçı qruplardan, silahlı dəstələrdən, terrorçulardan təmizləməyə nail oldu. Bununla da Azərbaycan BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsini faktiki olaraq özü yerinə yetirdi, ərazi bütövlüyünü, ədaləti bərpa etdi.

Erməni terrorizmi barədə də danışan Sahibə Qafarova xatırladıb ki, 1992-ci ildə Ermənistan silahlı qüvvələri Azərbaycanın Xocalı şəhərində soyqırım aktı törədiblər. Dəhşətli cinayət əməli nəticəsində 613 nəfər dinc azərbaycanlı milli mənsubiyyətinə görə vəhşicəsinə qətlə yetirilib.  1275 sakin girov götürüb. Girov götürülən 70-ə yaxın qadının və 26 uşağın taleyi bu günədək məlum deyil.

Milli Məclisin Sədri daha sonra bildirib ki, Azərbaycan 30 illik işğalın nəticələrinin aradan qaldırılmasına yönəlmiş əməli addımlara başlayıb və artıq işğaldan azad olunmuş ərazilərdə bu istiqamətdə geniş proqramlar həyata keçirilməkdədir.

Görüşdə Türkmənistan Milli Şurası Məclisinin Sədri Gülşat Məmmədova,  Rusiya Federasiyası Federal Məclisi Federasiya Şurasının Sədri Valentina Matviyenko, Belarus Respublikası Milli Assambleyası Nümayəndələr Palatasının Sədri Vladimir Andreyçenko, Çin Xalq Respublikası Ümumçin Xalq Nümayəndələri Məclisi Daimi Komitəsinin Sədri Li Çjanşu, Moldova Respublikası Parlamentinin Sədri Zinaida Greçanıy, Pakistan İslam Respublikası Parlamenti Senatının Sədri Məhəmməd Sadiq Sancrani, Türkiyə Böyük Millət Məclisinin Sədri Mustafa Şentop, Tacikistan Respublikası Ali Məclisi Nümayəndələr Palatasının Sədri Mahmadtoir Zokirzoda Zoir, Özbəkistan Ali Məclisi Senatının Sədri Tənzilə Narbayeva, Ermənistan parlamentinin spikeri Ararat Mirzoyan, Qazaxıstan Respublikası Parlamenti Senatı Sədrinin müavini Nurlan Abdirov, Qırğızıstan Joqorku Keneşinin (parlamentinin) Sədrinin müavini Aida Kaysmaliyeva, Özbəkistan Respublikası Ali Məclisinin Qanunvericilik Palatasının Sədri Nurdinjon İsmoilov çıxış ediblər. Həmçinin Yaponiya Parlamenti Nümayəndələr Palatasının Sədri Tadamori Oşima, Koreya Respublikası Milli Assambleyasının Sədri Pak Byon Syouq, Əfqanıstan İslam Respublikası Parlamentinin Yuxarı Palatasının sədri Məhəmməd Aləm İsədyarın videomüraciəti dinlənilib.

Çıxışlarda müzakirə olunan məsələlərə toxunulub, gələcək əməkdaşlıqla bağlı fikirlər səsləndirilib.

Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi



Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU