İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclası keçirilib

Komitə iclasları
30 aprel 2021 | 17:25   
Paylaşın:        

Aprelin 30-da Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclası keçirilib.

İclası açan komitənin sədri Tahir Mirkişili bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyevin Altıncı çağırış Milli Məclisin ilk iclasında söylədiyi proqram xarakterli nitqində parlamentə verdiyi tövsiyələr Azərbaycan parlamentinin ötən dövr fəaliyyətində rəhbər tutulub.

Komitə sədri qeyd edib ki, bu gün birinci oxunuşda komitənin müzakirəsinə çıxarılan Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında və Azərbaycan Respublikasının Mülki Məcəlləsində, “Daşınmaz əmlakın dövlət reyestri haqında” və “İpoteka haqqında” qanunlarda dəyişiklik edilməsi barədə 2 qanun layihəsi də dövlət başçımızın müəyyənləşdirdiyi hədəflərə uyğun hazırlanıb.

Qanun layihələri Konstitusiya Məhkəməsi Plenumundan Milli Məclisə daxil olan tövsiyələr əsasında Milli Məclisin Sədri Sahibə Qafarovanın tapşırığı ilə İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsi tərəfindən yaradılmış işçi qrupun fəaliyyəti nəticəsində ərsəyə gətirilib. İrəli sürülən dəyişikliklərdə ipoteka saxlayanın məhkəmə qaydasında təmin olunmuş tələbi əsasında keçirilmiş təkrar hərrac baş tutmamış elan edildikdə, ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə edilməsi zamanı sadələşdirilmiş verginin ödənilməsi qaydalarının və ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə edilməsi zamanı mülkiyyət hüququnun rəsmiləşdirilməsinin və əldə edilmiş əmlakın satışı zamanı əsas borc həcmində dövriyyənin vergidən azad olunmasının  qanunvericiliklə dəqiq tənzimlənməsi nəzərdə tutulub.

İclasda Milli Məclis Sədrinin birinci müavini, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli, İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədr müavini Əli Məsimli, deputatlar – Mahir Abbaszadə, Vahid Əhmədov, Elnur Allahverdiyev, Aydın Hüseynov, Rüfət Quliyev, Nurlan Həsənov, Konstitusiya Məhkəməsinin hakimi Kamran Şəfiyev, Azərbaycan Banklar Assosiasiyasının prezidenti Zakir Nuriyev, Mərkəzi Bankın baş direktoru Rəşad Orucov və parlament Aparatının İqtisadi qanunvericilik şöbəsinin müdiri Məhəmməd Bazıqov çıxış ediblər. Çıxış edənlər təqdim olunan qanun layihələrinin hüquqi boşluqları aradan qaldırmaq və qanunvericiliyin təkmilləşdirilməsi məqsədi daşıdığını qeyd ediblər.

Tədbirdə qanun layihələri ətraflı müzakirə olunub, nəzərdə tutulan dəyişikliklərə müsbət münasibət bildirilib və deputatlar hər iki qanun layihəsini birinci oxunuşda Milli Məclisin plenar iclasına tövsiyə ediblər.

İclasda İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvləri Məzahir Əfəndiyev, Anar Məmmədov, İqbal Məmmədov, Məşhur Məmmədov, Mərkəzi Bankın Hüquq Departamentinin direktoru Rəna Məlikova, Konstitusiya Məhkəməsinin Vətəndaşların qəbulu və şikayətlər şöbəsinin müdiri Anar Cəfərov, Maliyyə Nazirliyinin Vergi siyasəti və gəlirlər şöbəsinin Vergi və gömrük siyasəti sektorunun müdiri Şaban Abdullayev və digər rəsmi şəxslər iştirak ediblər.

Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi



Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU