Milli Məclisdə Ulu öndər Heydər Əliyevin anadan olmasının 98 illiyinə həsr edilmiş tədbir keçirilib

Tədbirlər
07 may 2021 | 18:05   
Paylaşın:        

Mayın 7-də  YAP Səbail rayonu üzrə Azərbaycan Respublikası Milli Məclisinin 2 saylı İlk Ərazi Təşkilatı İdarə Heyətinin müasir Azərbaycan dövlətinin qurucusu, Ulu öndər Heydər Əliyevin anadan olmasının 98 illiyinə həsr edilmiş iclası keçirilib.

Tədbirdə əvvəlcə Ulu öndərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra İlk Ərazi Təşkilatı İdarə Heyətinin sədri, Milli Məclis Aparatının Sosial qanunvericilik şöbəsinin müdiri Adil Vəliyev Ulu öndərin Azərbaycan xalqı qarşısındakı misilsiz xidmətlərindən danışıb, tədbirin keçirilməsinə verdiyi dəstəyə görə Milli Məclisin Sədri Sahibə Qafarovaya təşəkkürünü bildirib.

Sonra Yeni Azərbaycan Partiyasının qurucularından biri, Milli Məclisin İntizam komissiyasının sədri Eldar İbrahimov “Müstəqil Azərbaycan Heydər Əliyevin həyat amalının təntənəsidir” mövzusunda məruzə ilə çıxış edib, Ulu öndərin mənalı həyat yoluna nəzər salıb, xatirələrini bölüşüb.

İclasda İlk Ərazi Təşkilatı İdarə Heyətinin üzvü, Milli Məclis Aparatının sektor müdiri Kəmalə Paşayeva “Heydər Əliyev və Azərbaycanda hüquqi dövlət quruculuğu” mövzusunda məruzə ilə çıxış edib.

Məruzələr ətrafında aparılan müzakirələrdə  Milli Məclis Sədrinin birinci müavini Əli Hüseynli, Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev, deputat Nizami Səfərov çıxış edərək Ümummilli lider Heydər Əliyev haqqında xatirələrini bölüşüblər, dahi rəhbərin Azərbaycan dövləti və xalqı üçün gördüyü nəhəng işlərdən danışıblar.

Qeyd olunub ki, Ulu öndərin illər öncə həyata keçirməyə başladığı siyasətin cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi sayəsində ilk dəfədir ki, Heydər Əliyevin doğum gününü Azərbaycanın ərazi bütövlüyünün təmin olunması şəraitində keçiririk. Torpaqlarımızın işğaldan azad edilməsi Ümummilli liderin ən böyük arzusu idi və bu gün onun ruhu şaddır.

Tədbirdə  İlk Ərazi Təşkilatı İdarə Heyətinin üzvləri də iştirak ediblər.

  YAP Səbail rayonu üzrə Azərbaycan Respublikası
 Milli Məclisinin 2 saylı İlk Ərazi Təşkilatı



Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU