Milli Məclisdə Litvanın ölkəmizdəki səfiri ilə görüş
Mayın 18-də Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov Litvanın Azərbaycandakı səfiri Eqidiyus Navikas ilə görüşüb.
Komitə sədri səfiri salamlayaraq Azərbaycanın xarici əlaqələrində baltikyanı ölkələrin, o cümlədən Litvanın xüsusi önəm daşıdığını qeyd edib. Bildirib ki, Avropa İttifaqı (Aİ) tərəfindən maliyyələşdirilən “Tvinninq” layihəsi Azərbaycanda Litvanın tərəfdaşlığı ilə həyata keçirilib. Uzun müddət davam edən “Tvinninq” layihəsi çərçivəsində litvalı dostlarımızın yardımı ilə Azərbaycanla Avropa arasında dövlət idarəçiliyində təcrübə mübadiləsi, eləcə də milli qanunvericilik sisteminin Aİ-nin standartlarına uyğunlaşdırılması sahələrində uğurlu nəticələr əldə olunub. Lakin son zamanlar baltikyanı ölkələrin də daxil olduğu Avropa İttifaqı ilə Azərbaycan arasında postmüharibə dövrü ilə bağlı müəyyən anlaşılmazlıqlar yaşanır. Səməd Seyidov bunların aradan qaldırılması üçün informasiya mübadiləsinin, ikitərəfli dialoqun, nümayəndə heyətlərinin qarşılıqlı səfərlərinin, deputatlar arasında təmasların artırılmasının vacibliyini vurğulayıb.
Öz növbəsində səfir Eqidiyus Navikas bölgədə davamlı sülhün və sabitliyin qorunması üçün dialoqların qurulmasından, əməkdaşlıqların yaradılmasından istifadə etməyin effektivliyinə əminliyini ifadə edib.
Görüşdə iştirak edən Azərbaycan-Litva parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Nəsib Məhəməliyev 44 gün davam edən müharibəyə son qoyan üçtərəfli bəyanatda əldə olunan razılaşmaların bölgədə uzunmüddətli sülhün bərqərar olması və gələcək inkişaf üçün möhkəm zəmin yaratdığını bildirib. Qeyd edib ki, Azərbaycan Ermənistan ilə sərhədlərini gücləndirmək istərkən yaşanan son gərginlikdə olduğu kimi erməni tərəfi hər fürsətdə bu zəmini yox etməyə, yalan və saxta informasiyalar yaymaqla özünə təəssübkeşlər cəlb etməyə çalışır. Bu cür birtərəfli və qərəzli informasiyalara əsaslanaraq düşünülməmiş qərarların, bəyanatların verilməsi isə bölgənin təhlükəsizliyi üçün böyük təhdid yaradır.
Söhbət zamanı Azərbaycanın bölgədə sülhün və sabitliyin təmin olunmasına sadiq qaldığı, yaranan hər hansı bir fikir ayrılığının həlli üçün konstruktiv yanaşmanın tərəfdarı olduğu diqqətə çatdırılıb.
Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi