Milli Məclisin Sədri Sahibə Qafarova İtaliya Senatının Sədri ilə görüşüb

Sədrin səfərləri
18 may 2021 | 20:00   
Paylaşın:        

Xəbər verildiyi kimi, Milli Məclisin Sədri Sahibə Qafarovanın başçılığı ilə parlament nümayəndə heyəti İtaliya tərəfinin dəvəti ilə mayın 17-dən Romada rəsmi səfərdədir.

Səfər çərçivəsində Milli Məclisin Sədri mayın 18-də Gustiniani sarayında  İtaliya Senatının Sədri xanım Maria Elisabetta Alberti Kasellati ilə görüşüb. İtaliya Senatının Sədri Milli Məclisin Sədri Sahibə Qafarovanı və nümayəndə heyətini salamlayaraq İtaliyanın Azərbaycanla əlaqələrin inkişafında maraqlı olduğunu diqqətə çatdırıb. 2018-ci ildə Bakıya səfərini xatırlayan xanım Kasellati iki ölkə arasında həm hökumətlərarası, həm də parlamentlərarası münasibətlərin yüksək səviyyədə olmasından məmnunluğunu ifadə edib. O, xüsusi olaraq vurğulayıb ki, COVİD-19 pandemiyasının dünyadakı təhlükəli fəsadlarına baxmayaraq, İtaliya-Azərbaycan münasibətləri yüksək səviyyədə davam edir.

İtaliyalı Spiker daha sonra regionda sülhün təmin olunmasının sevindirici olduğunu söyləyib və Azərbaycanın sabit və davamlı inkişaf etdiyini qeyd edib. O, xüsusi olaraq iqtisadiyyat sahəsində əldə olunan nailiyyətləri təqdir edib.
Azərbaycan tərəfindən həyata keçirilən layihələrin, xüsusilə TAP-ın əhəmiyyətini vurğulayan xanım Kasellati, bu layihəni Avropaya açılan qapı kimi qiymətləndirib. Senatın Sədri Azərbaycanın neft və qazla zəngin ölkə olmasına baxmayaraq, iqtisadiyyatın şaxələndirilmiş formada inkişaf etdiyini  və 2018-ci ildə Azərbaycana səfəri zamanı bunun bir daha şahidi olduğunu qeyd edib.

Xanım Kasellati Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın rəhbərliyi ilə Heydər Əliyev Fondunun gördüyü işləri xüsusilə alqışladığını qeyd edib. O, mədəniyyət sahəsində əməkdaşlığın əhəmiyyətini vurğulayaraq  mədəniyyəti xalqlar arasında körpü kimi qiymətləndirib.

Görüşdə Milli Məclisin Sədri Sahibə Qafarova göstərilən qonaqpərvərliyə və rəsmi səfərə dəvətə görə, Senatın Sədrinə təşəkkürünü bildirib, qarşılıqlı səfərlərin münasibətlərimizin inkişafında mühüm rol oynadığını vurğulayıb.

Sahibə Qafarova hazırda ölkələrimiz arasında münasibətlərin yüksək səviyyədə inkişaf etdiyini qeyd edərək 2018 və 2020-ci illərdə ölkə başçılarının qarşılıqlı səfərlərinin münasibətlərin dinamik inkişafında mühüm rolunu vurğulayıb.

Milli Məclisin Sədri ölkələrimiz arasında münasibətlərin inkişafında Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın xüsusi rolunu diqqətə çatdırıb. 2020-ci ilin İtaliyada “Azərbaycan mədəniyyət ili” elan olunmasının, film festivalları keçirilməsinin əhəmiyyətli olduğunu bildirib.

Daha sonra parlamentlərarası münasibətlərə toxunan Milli Məclisin Sədri qeyd edib ki, hal-hazırda ölkələrimizin parlamentləri arasında münasibətlər yüksək səviyyədədir, dostluq qrupları arasında əlaqələr qənaətbəxşdir.

44 günlük Vətən müharibəsi barədə danışan Milli Məclisin Sədri Qarabağ münaqişəsinin artıq həll olunduğunu və tarixə çevrildiyini vurğulayıb. Spiker Sahibə Qafarova diqqətə çatdırıb ki, Azərbaycan 30 illik işğala son qoyub və BMT Təhlükəsizlik Şurasının qətnamələrini özü icra edib. Hazırda isə Azərbaycan işğaldan azad edilmiş ərazilərimizin bərpasını həyata keçirir.
Milli Məclisin Sədri Ermənistanın 30 ilə yaxın işğal altında saxladığı azad olunmuş torpaqlarımızda törətdiyi dağıntılar, şəhərləri yerlə-yeksan etməsi, mədəni, tarixi abidələri məhv etməsi faktlarını qeyd edib. Sahibə Qafarova Ermənistanın növbəti təxribatını – minalanmış ərazilərin xəritəsini vermək istəmədiyini də diqqətə çatdıraraq bildirib ki, bunun nəticəsində həm mülki şəxslər, həm də hərbçilər həlak olurlar. Milli Məclisin Sədri qeyd edib ki, beynəlxalq ictimaiyyət bununla bağlı Ermənistana təzyiq göstərməlidir. Çünki minalanmış ərazilərin xəritələrinin verilməməsi, bundan imtina edilməsi beynəlxalq hüququn bütün normalarına görə hərbi cinayətdir.

Söhbət zamanı Sahibə Qafarova ölkəmizdə mövcud olan tolerantlıq və multikulturalizm mühitindən danışaraq Azərbaycanın bu sahədə bir sıra ölkələrə nümunə olduğunu vurğulayıb.

Ermənistan tərəfindən terrorçuların hərbi əsirlər kimi təqdim olunması cəhdlərinə də toxunan Milli Məclisin Sədri qeyd edib ki, Azərbaycanda hərbi əsirlər yoxdur, bütün hərbi əsirlər təhvil verilib. Azərbaycanda saxlanılan şəxslər isə terrorçulardır, çünki onlar 10 noyabr üçtərəfli bəyanatının imzalanmasından sonra Azərbaycan ərazisinə təxribat məqsədilə göndəriliblər.

Söhbət zamanı Milli Məclisin Sədri Vətən müharibəsi dövründə Azərbaycanın haqlı mövqeyini dəstəkləyən bütün İtaliya parlament nümayəndələrinə təşəkkürünü bildirib.

Görüşdə iki ölkə arasında parlamentlərarası əlaqələrin bu günü və gələcək inkişaf perspektivləri barədə də fikir mübadiləsi aparılıb.

Milli Məclisin Mətbuat
və ictimaiyyətlə əlaqələr şöbəsi


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU