Azərbaycan-İtaliya əlaqələri inkişaf edir

Sədrin səfərləri
18 may 2021 | 21:46   
Paylaşın:        

Milli Məclisin Sədri Sahibə Qafarova İtaliyaya rəsmi səfəri çərçivəsində mayın 18-də İtaliya Respublikasının Xarici işlər və beynəlxalq əməkdaşlıq nazirliyinin dövlət katibi, Azərbaycan Respublikası və İtaliya Respublikası arasında İqtisadi Əməkdaşlıq üzrə birgə Hökumətlərarası Komissiyanın həmsədri Manlio Di Stefano ilə görüşüb.

Manlio Di Stefano Azərbaycan nümayəndə heyətini salamlayaraq, İtaliyaya gerçəkləşən rəsmi səfərin uğurlu olacağına ümidvar olduğunu bildirib. Azərbaycana son səfərini məmnunluqla xatırlayan Di Stefano ölkəmizdən xoş təəssüratlarla ayrıldığını vurğulayıb.

Milli Məclisin Sədri Sahibə Qafarova səmimi görüşə görə təşəkkür edərək, rəsmi səfərin İtaliya Senatının Sədri Maria Elisabetta Alberti Kasellatinin dəvəti əsasında baş tutduğunu bildirib, Azərbaycan və İtaliya arasında münasibətlərin yüksək səviyyədə olduğunu diqqətə çatdırıb. Bildirib ki, İtaliya Prezidenti Sercio Mattarella 2018-ci ildə Azərbaycana, 2020-ci ildə Azərbaycan Prezidenti İlham Əliyevin İtaliyaya səfərləri əlaqələrin inkişafına böyük töhfə verib.

Mədəni əlaqələrin inkişafına toxunan Sahibə Qafarova Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın Heydər Əliyev Fondunun prezidenti, ICESCO-nun və UNESCO-nun xoşməramlı səfiri kimi İtaliyada həyata keçirdiyi layihələri vurğulayıb. Qeyd edilib ki, bu cür layihələr ölkələrimiz və xalqlarımız arasında münasibətlərin daha da dərinləşməsinə xidmət edir.

Daha sonra Milli Məclisin Sədri 44 günlük Vətən müharibəsi və artıq başa çatmış münaqişə barədə məlumat verib. Qeyd edilib ki, hazırda Azərbaycan işğaldan azad olunmuş ərazilərdə böyük quruculuq işlərinə başlayıb.
Ermənistanın münaqişə başa çatdıqdan sonra da tutduğu qeyri-konstruktiv mövqeyə toxunan Sədr bildirib ki, Ermənistan minalanmış ərazilərin xəritəsini təqdim etmir və bu yolla ərazilərdə bərpa işlərini və məcburi köçkünlərin öz torpaqlarına dönüşünü ləngidir. Eyni zamanda Ermənistan həqiqəti əks etdirməyən məlumatlar yayaraq, münaqişə başa çatdıqdan sonra saxlanılan terrorçuları “hərbi əsir“ kimi qələmə verməyə çalışır. Milli Məclisin Sədri vurğulayıb ki, Azərbaycan sülh tərəfdarıdır, regionda bütün insanların sülh içində yaşamasını istəyir.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb. 

Milli Məclisin Mətbuat
və ictimaiyyətlə əlaqələr şöbəsi


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU