MƏDƏNİYYƏT KOMİTƏSİNDƏ

Komitə iclasları
19 oktyabr 2012 | 05:10   
Paylaşın:        

Oktyabrın 19-da Milli Məclisin Mədəniyyət komitəsinin iclası oldu. Deputatların və sahə mütəxəssislərinin iştirakı ilə “Mədəniyyət haqqında” yeni qanun ikinci oxunuşda ətraflı müzakirə edildi.
Öncə komitənin sədri Nizami Cəfərov Azərbaycan mədəniyyətinin inkişafından və nailiyyətlərindən söz açdı. Bildirdi ki, mədəniyyət xalqımızın həyat tərzinə çevrilib. Dövlətimiz son illər milli mədəniyyətimizin təbliği sahəsində dünya miqyasında böyük layihələr həyata keçirib, beynəlxalq əlaqələrimiz genişlənib, ölkə daxilində mədəniyyət qurumları şaxələnərək artıb. Bütün bunlar mədəniyyət sahəsinin yeni qanunla tənzimlənməsi vacibliyini ortaya çıxarıb.
Nizami Cəfərov onu da qeyd etdi ki, hazırda qüvvədə olan analoji qanunun qəbulundan 15 il keçir. Həmin qanun öz dövründə uğurla işləyib. İndi əsas məsələ həm mədəniyyətimizin inkişaf tempinə uyğun gələn, həm də işlək qanunun hazırlanmasıdır.
Sonra iclasda Mədəniyyət və Turizm Nazirliyinin nümayəndəsi ikinci oxunuşa hazırlanmış qanun layihəsi barədə məlumat verdi. 13 fəsil, 69 maddədən ibarət  “Mədəniyyət haqqında” yeni qanunu şərh etdi. Sənəddə 26 yeni anlayışın verildiyini bildirdi. Mədəniyyət sahəsində Azərbaycanın vahid avtomatlaşdırılmış internet sisteminin yaradılmasını təklif etdiklərini diqqətə çatdırdı.
Müzakirələrdə komitənin sədr müavini Rafael Hüseynov, deputatlar Jalə Əliyeva, Sahibə Qafarova və Leyla Abdullayeva rəylərini bildirdilər. Birinci oxunuşdan sonra qanun layihəsi üzərində ciddi iş aparıldığını və sənədin təkmilləşdirildiyini razılıqla qeyd etdilər. Hazırkı layihənin yetərincə mükəmməl olduğu vurğulandı. İrad və təkliflər də nəzərə çatdırıldı.
Komitənin iclasına dəvət olunmuş qonaqlardan Mədəniyyət və turizm nazirinin birinci müavini Vaqif Əliyev,  Maliyyə və Ədliyyə nazirliklərinin nümayəndələri, Azərbaycan Mədəniyyət və İncəsənət Universitetinin, Teatr Xadimləri İttifaqının, Bakı Bələdiyyə Teatrının, Milli Kulinariya Assosiasiyasının təmsilçiləri çıxış edərək “Mədəniyyət haqqında” qanun layihəsinə münasibət bildirdilər.
Səmərəli fikir mübadiləsinin yekununda qanun layihəsi ikinci oxunuşda Milli Məclisin plenar iclasına tövsiyə olundu.

 

Milli Məclisin
Mətbuat xidməti


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU