Milli Məclisin növbəti iclasında
Mayın 21-də Milli Məclisin Sədri Sahibə Qafarovanın sədrliyi ilə parlamentin yaz sessiyasında növbəti plenar iclası keçirilib.
İclasa başlamazdan əvvəl Milli Məclisin Sədri onun rəhbərlik etdiyi parlament nümayəndə heyətinin mayın 17-dən 19-dək İtaliya Respublikasına rəsmi səfəri barədə məlumat verib.
Bildirib ki, səfər çərçivəsində İtaliya Senatının Sədri xanım Maria Elisabetta Alberti Kasellati, İtaliya Deputatlar Palatasının Sədri Roberto Fiko, İtaliya xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Luici Di Mario, İtaliya Xarici İşlər və Beynəlxalq Əməkdaşlıq Nazirliyinin dövlət katibi, Azərbaycan Respublikası ilə İtaliya Respublikası arasında İqtisadi Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın həmsədri Manlio Di Stefano, eləcə də İtaliya-Azərbaycan dostluq qrupunun və İtaliya-Azərbaycan Dostluq Assosiasiyasının üzvləri ilə görüşlər keçirilib.
Səfər zamanı keçirilən görüşlərdə və aparılan danışıqlarda Azərbaycanla İtaliya arasında münasibətlərin strateji tərəfdaşlıq ruhu daşıdığı bəyan edilib. Bu sahədə iki ölkənin dövlət başçılarının qarşılıqlı səfərləri mühüm rol oynayır. İtaliya Prezidenti cənab Sercio Mattarellanın 2018-ci ildə Azərbaycana rəsmi səfəri, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2020-ci ildə İtaliyaya dövlət səfəri zamanı mühüm sənədlər, o cümlədən “Azərbaycan Respublikası ilə İtaliya Respublikası arasında Çoxölçülü Strateji Tərəfdaşlığın Gücləndirilməsinə dair Birgə Bəyannamə” imzalanıb.
İkitərəfli münasibətlərin inkişafında Azərbaycan Respublikasının Birinci vitse-prezidenti xanım Mehriban Əliyevanın rəhbərliyi ilə Heydər Əliyev Fondunun xüsusi rolu vurğulanıb. Müsahiblərimiz bildiriblər ki, İtaliyada Heydər Əliyev Fondunun fəaliyyəti yaxından izlənilir və təqdirlə qarşılanır. TAP layihəsinin reallaşmasının əhəmiyyəti və bunun Azərbaycan üçün Avropaya “giriş qapısı” hesab olunması da qeyd edilib.
İkitərəfli əlaqələrin inkişafına parlament diplomatiyasının böyük töhfə verdiyi barədə ümumi fikir ifadə olunub.
Bütün görüşlərdə Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə xalqımızın apardığı 44 günlük Vətən müharibəsi barədə İtaliya tərəfinə ətraflı məlumat verilib. Qeyd edilib ki, Qarabağ münaqişəsi artıq tarixə çevrilib. Hazırda Ermənistanın işğalından azad edilmiş ərazilərdə yeni dövr – yenidənqurma və bərpa işləri başlanıb.
Milli Məclisin Sədri xatırladıb ki, İtaliya Senatının və Deputatlar Palatasının iki nümayəndə heyəti Azərbaycanda səfərdə olublar. Onlar erməni işğalçılarının Gəncədə, Ağdamda törətdikləri dağıntıları öz gözləri ilə müşahidə ediblər.
Sahibə Qafarova qeyd edib ki, İtaliyada keçirilən görüşlərdə münaqişə başa çatdıqdan sonra da Ermənistanın qeyri-konstruktiv mövqe tutduğu, minalanmış ərazilərin xəritələrini təqdim etmədiyi, münaqişə bitdikdən sonra Qarabağda saxlanılan terrorçuları “hərbi əsirlər” kimi təqdim etməyə çalışdığı nəzərə çatdırılıb.
İtaliya tərəfinə bu da bildirilib ki, hazırda Azərbaycan suveren hüququndan istifadə edərək, Ermənistanla sərhədlərin delimitasiyasını həyata keçirir. Lakin Ermənistan bu məsələdə də qeyri-konstruktiv mövqe nümayiş etdirərək yersiz hay-küy qaldırır, saxta məlumatlar yaymaqla dünya ictimaiyyətini aldatmağa çalışır. Bununla əlaqədar bizim tərəfimizdən qeyd edildi ki, Azərbaycan heç bir maneəyə baxmayaraq 2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanatın bütün bəndlərinin tam icrasını təmin etmək əzmindədir. Sədr qeyd edib ki, İtaliya tərəfi də adı çəkilən Bəyanatın bütünlüklə icra edilməsində maraqlı olduğunu ifadə edib.
Sədr diqqətə çatdırıb ki, Azərbaycan parlament nümayəndə heyətinin İtaliyaya səfəri iki ölkə arasında münasibətlərin yüksək səviyyədə olduğunu bir daha nümayiş etdirdi. Səfər iki dost ölkə arasında iş birliyinin daha da gücləndirilməsi üçün böyük potensial olduğunu da göstərdi.
Sonra Milli Məclisin Sədri dünən Avropa Parlamentində “Ermənistan və Azərbaycan arasında sonuncu münaqişədən sonra hərbi əsirlər” adlı qətnamənin qəbul edilməsinə də münasibət bildirib. Spiker S.Qafarova qeyd edib ki, qətnamə Ermənistanın və erməni lobbisinin yalanları əsasında formalaşıb. Bu qətnamədə Azərbaycana qarşı irəli sürülən qərəzli iddialar heç bir reallığı əks etdirmir. 30 il idi ki, torpaqlarımızda Ermənistan işğalı var idi. Lakin özünü demokratik dəyərlərin qoruyucusu hesab edən Avropa Parlamenti buna susurdu. 1 milyondan çox qaçqın və məcburi köçkünün taleyinə də səssiz qalırdı. Bu gün isə erməni təbliğatının təsiri altında Azərbaycana qarşı belə bir sənəd qəbul edilib.
Təbii ki, sözügedən qətnamə bizim üçün heç bir əhəmiyyət kəsb etmir və demək olar ki, bir kağız parçasıdır. Heç bir hüquqi dəyəri yoxdur və Avropa İttifaqının Azərbaycana və regiona dair siyasətini əks etdirmir. Azərbaycan Avropa İttifaqı ilə münasibətlərin hərtərəfli inkişafında maraqlıdır. Bu münasibətləri strateji tərəfdaşlıq əsasında genişləndirir.
Sahibə Qafarova qeyd edib ki, Avropa Parlamentində bəzi qərəzli qrupların səyləri Azərbaycan ilə Avropa İttifaqı arasında qarşılıqlı faydalı əməkdaşlığa xələl gətirə bilməyəcəkdir.
Sonra iclasda cari məsələlər müzakirə edilib. Cari məsələlərin müzakirəsi zamanı çıxış edən Milli Məclisin komitə sədri Zahid Oruc, deputatlardan Hikmət Məmmədov, Fəzail Ağamalı, Bəhruz Məhərrəmov, Naqif Həmzəyev, Əli Məsimli, Vahid Əhmədov, Sahib Alıyev, Fazil Mustafa, Razi Nurullayev və Musa Qasımlı sərhədlərin delimitasiyası, Zəngəzur dəhlizinin açılması, Avropa Parlamentinin Azərbaycana qərəzli münasibəti barədə fikirlərini bölüşüblər, seçiciləri narahat edən məsələləri diqqətə çatdırıblar.
Sonra Milli Məclisin Sədri bildirib ki, bugünkü iclasda 23 məsələ müzakirə ediləcək. Gündəliyin ilk 7 məsələsi Milli Məclisin qərar layihələridir. Möhtərəm Prezidentimizin təqdimatları əsasında bir sıra məhkəmələrin hakimləri təyin ediləcək, 2 nəfər isə vəzifəsinin dəyişdirilməsi ilə əlaqədar müvafiq məhkəmənin hakimi vəzifəsindən azad ediləcəkdir.
Sonra Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Nizami Səfərov ölkəmizdə aparılan məhkəmə-hüquq islahatları, ölkəmizin məhkəmə sisteminin müasir formada fəaliyyət göstərməsi üçün cənab Prezidentin müəyyən etdiyi istiqamətlər üzrə Milli Məclis tərəfindən həyata keçirilmiş zəruri qanunvericilik tədbirləri nəticəsində tətbiq olunan yeniliklər barədə məlumat verib. Nizami Səfərov diqqətə çatdırıb ki, institusional dəyişikliklər sırasında sahibkarların məhkəməyə müraciət imkanlarının asanlaşdırılması, sahibkarlıqla bağlı mübahisələrə bu sahədə daha dərin hüquqi bilik və təcrübəsi olan hakimlər tərəfindən baxılmasının təmin edilməsi məqsədilə 2020-ci ildən ölkənin bütün bölgələrində 6 kommersiya məhkəməsi və ayrıca inzibati məhkəmələr təsis edilib, yeni Sumqayıt Ağır Cinayətlər Məhkəməsi yaradılıb. Elektron məhkəmə-informasiya sistemi istifadəyə verilərək hazırda ölkə üzrə 70 faiz məhkəmədə tətbiqinə nail olunub. Bu sistem insanlara məhkəməyə gəlmədən elektron formada müraciət etmək və proses barədə məlumatları elektron daşıyıcıda almaq imkanları yaradır.
Nizami Səfərov bildirib ki, daim inkişafa ehtiyacı olan məhkəmə sistemində hakim korpusunda müvafiq təyinatların həyata keçirilməsi xüsusi yer tutur. Milli Məclisin bugünkü plenar iclasında namizədlikləri müzakirəyə çıxarılmış şəxslər təcrübəli və savadlı hüquqşünaslardır.
Müzakirələr zamanı komitə sədrləri Ziyafət Əsgərov, Siyavuş Novruzov, deputatlardan Qüdrət Həsənquliyev, Razi Nurullayev, Fəzail Ağamalı, Jalə Əliyeva, Sabir Rüstəmxanlı, Aydın Mirzəzadə, Etibar Əliyev və Jalə Əhmədova namizədlər barədə fikirlərini bildiriblər.
Sonra Azərbaycan Respublikası Ali Məhkəməsi və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsi hakimlərinin təyin edilməsi; Bakı, Sumqayıt və Şirvan Apellyasiya məhkəmələri hakimlərinin təyin edilməsi; Gəncə və Şəki Apellyasiya məhkəmələri hakimlərinin təyin və azad edilməsi haqqında təqdimatlar səsə qoyularaq təsdiqlənib.
Daha sonra gündəliyin 8-ci məsələsi "Azərbaycan Respublikası Hökuməti ilə Miqrasiya Siyasətinin İnkişafı üzrə Beynəlxalq Mərkəz (MSİBM) arasında MSİBM-in Azərbaycan Respublikasında statusuna dair" Sazişin təsdiq edilməsi haqqında qanun layihəsi müzakirə edilib. Məsələ barədə məlumat verən Milli Məclis Sədrinin birinci müavini, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli diqqətə çatdırıb ki, Azərbaycanın miqrasiya sahəsində əməkdaşlıq etdiyi iki beynəlxalq təşkilatdan biri Miqrasiya Siyasətinin İnkişafı üzrə Beynəlxalq Mərkəzdir. Bu təşkilatın Azərbaycanla səmərəli əməkdaşlığının nəticəsi olaraq Azərbaycan Hökuməti bu ilin mart ayında bu Mərkəzin ölkəmizdəki statusuna dair Saziş imzalayıb. Hesab edirik ki, əməkdaşlığımızın bu yüksək mərhələsində belə bir sazişin təsdiqi məqsədəmüvafiq olardı.
Milli Məclis Sədrinin birinci müavini çıxışında Avropa Parlamentinin Azərbaycan əleyhinə qətnaməsinin yolverilməz olduğunu və 2020-ci ilin 10 noyabrında imzalanmış bəyanatın münaqişəyə son qoyduğunu da diqqətə çatdırıb.
Komitə sədri Siyavuş Novruzovun, deputatlardan Razi Nurullayevin və Sabir Rüstəmxanlının fikirləri dinlənildikdən sonra Saziş səsə qoyularaq təsdiqlənib.
Sonra İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili məlumat verib ki, Vergi Məcəlləsində, “Lisenziyalar və icazələr haqqında” və “Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsi haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsi dəqiqləşdirmə xarakterlidir və digər qanunlarla uzlaşdırılması tələb olunur.
Qanun layihəsi səsə qoyularaq təsdiqlənib.
Sonra İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədr müavini Əli Məsimli gündəliyin növbəti iki məsələsini - “Dənizçinin şəxsiyyət sənədi haqqında Əsasnamə”nin və “Dənizçinin şəxsiyyət sənədinin spesifikasiyası, təsviri və nümunəsi”nin təsdiq olunması barədə” Azərbaycan Respublikasının 2008-ci il 1 fevral tarixli 541-IIIQ nömrəli Qanununda dəyişiklik edilməsi haqqında (ikinci oxunuş) və “Dövlət rüsumu haqqında” Qanunda dəyişiklik edilməsi barədə (ikinci oxunuş) qanun layihələrini təqdim edib.
Bildirib ki, hər iki sənəd dənizçilərin şəxsiyyət sənədlərinin formasının və məzmununun beynəlxalq konvensiyanın tələblərinə uyğunlaşdırılması məqsədi ilə hazırlanıb.
Hər iki qanun layihəsi ayrı-ayrılıqda səsə qoyularaq ikinci oxunuşda təsdiqlənib.
Spiker Sahibə Qafarova bildirib ki, gündəliyin növbəti iki məsələsi Konstitusiya Məhkəməsinin tövsiyəsi ilə Milli Məclisdə hazırlanıb və müvafiq qurumlarla razılaşdırılıb. Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında və Azərbaycan Respublikasının Mülki Məcəlləsində, “Daşınmaz əmlakın dövlət reyestri haqında” və “İpoteka haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihələri mahiyyətcə bir-birinə yaxındır.
Sonra komitə sədri Tahir Mirkişili ikinci oxunuşda hər iki qanun layihəsi barədə məlumat verib. Diqqətə çatdırılıb ki, qanun layihələri hərrac baş tutmadığı halda ipoteka kreditində olan girovun kredit verən təşkilatın əmlakına keçdiyi zaman hansı sənədin verilməsini və yaranan vergini kimin ödəməsi ilə bağlı məsələyə aydınlıq gətirir.
Qanun layihələri ayrı-ayrılıqda səsə qoyularaq ikinci oxunuşda qəbul edilib.
İclasda daha sonra “Baytarlıq haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsi ikinci oxunuşda müzakirəyə çıxarılıb. Layihəni Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev təqdim edib.
Bildirib ki, qanun layihəsinin qəbul olunması heyvanların sağlamlığının qorunmasına və xəstəliklərinin qarşısının alınmasına, eyni zamanda baytarlıq sahəsində özəl sektorun inkişafının dəstəklənməsinə və xidmət keyfiyyətinin yüksəldilməsinə şərait yaradacaq.
Qanun layihəsi ikinci oxunuşda qəbul edilib.
Sonra Milli Məclis Sədrinin birinci müavini, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli Mülki Məcəllədə və “Sığorta fəaliyyəti haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi haqqında (birinci oxunuş) məlumat verib.
Bildirib ki, təklif olunan dəyişiklik sığorta vasitəçilərinin statusunu müəyyən etmək məqsədi daşıyır.
Deputatlardan Razi Nurullayev və Rəşad Mahmudovun fikirləri dinlənildikdən sonra qanun layihəsi səsə qoyularaq birinci oxunuşda qəbul edilib.
Bununla da iclasın birinci hissəsi başa çatıb.
* * *
Fasilədən sonra Milli Məclisin iclası davam etdirilib.
Gündəlikdəki növbəti məsələni - "Dövlət satınalmaları haqqında" Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsini (birinci oxunuş) şərh edən komitə sədri Tahir Mirkişili qeyd edib ki, dövlət satınalmalarının məbləği və aparılma forması iqtisadi siyasətin əsas alətlərindən biridir. Azərbaycanda dövlət büdcə xərclərinin təxminən 25 faizə yaxını dövlət satınalmalarına sərf olunur ki, bu da 2020-ci ilin büdcəsi ilə təxminən 6,5 milyard manat deməkdir. Azərbaycanda hər il orta hesabla 12 min dövlət satınalması həyata keçirilir ki, bu prosesdə də 20 mindən çox sahibkar iştirak edir. Satınalmaların elektronlaşdırılması şəffaflığın və effektivliyin təmin edilməsinə xidmət edir. Bu prosesin elektronlaşdırılması onun daha tez, daha şəffaf və rəqabətlilik şəraitində keçirilməsini təmin edəcək.
Komitə sədri qanun layihəsində nəzərdə tutulan elektron satınalmanın əhatə dairəsinin genişləndirilməsi, dövlət satınalmalarında sahibkarların iştirakı üçün geniş imkanların yaradılması, prosedurların təkmilləşdirilməsi, vaxt məhdudiyyətinin qoyulması, məsuliyyət tədbirlərinin müəyyən edilməsi kimi məsələlər barədə məlumat verib.
Müzakirədə çıxış edən komitə sədri Zahir Oruc, deputatlardan Razi Nurullayev, Aydın Hüseynov, Etibar Əliyev, Qüdrət Həsənquliyev və Fazil Mustafa dövlət satınalmalarında şəffaflığın, sağlam rəqabətin və səmərəliliyin artırılması ilə bağlı fikirlərini səsləndiriblər, təkliflərini bildiriblər.
Qanun layihəsi səsə qoyularaq birinci oxunuşda qəbul edilib.
İclasda Milli Məclis Sədrinin birinci müavini, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli “Dövlət satınalmaları haqqında” qanunda dəyişikliklərdən irəli gələn İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsini təqdim edib, dövlət satınalmalarında pozuntulara görə nəzərdə tutulan sanksiyaları diqqətə çatdırıb.
Sonra qanun layihəsi birinci oxunuşda təsdiq olunub.
İclasda "Tibbi sığorta haqqında" Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş) barədə Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov məlumat verib. Bildirib ki, bu dəyişikliklər tibbi xidmətlər üçün müraciət edən şəxslərin dəstəklənməsinə, onların tibb müəssisələrinə müraciət imkanlarının artırılmasına xidmət edir.
Qanun layihəsi səsə qoyularaq birinci oxunuşda təsdiqlənib.
Sonra Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin
üzvü Arzu Nağıyev “Azərbaycan Respublikasının dövlət sərhədi haqqında” Qanunda dəyişiklik edilməsi barədə” qanun layihəsi haqqında (birinci oxunuş) məlumat verib. Bildirib ki, sənəd bu qanunun təsir dairəsində olan ictimai münasibətlərin dəqiq tənzimlənməsi və təkmilləşdirilməsi xarakteri daşıyır.
Komitə sədri Ziyafət Əsgərovun, deputatlardan Qüdrət Həsənquliyevin, Sahib Alıyevin və Musa Qasımlının fikirləri dinlənildikdən sonra qanun layihəsi birinci oxunuşda qəbul edilib.
Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Arzu Nağıyev məlumat verib ki, “Azərbaycan Respublikasının Əmək Məcəlləsində və Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” qanun layihəsi “Vətən Müharibəsi Qəhrəmanı” adı verilmiş şəxslər üçün nəzərdə tutulan güzəşt və imtiyazlarla əlaqədardır.
Növbəti məsələ isə “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin qarnizon və qarovul xidmətləri nizamnaməsi”ndə, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Daxili xidmət nizamnaməsi”ndə, “Hərbi xidmətkeçmə haqqında Əsasnamə”də, “Vətən uğrunda həlak olanların xatirəsinin əbədiləşdirilməsi haqqında”, “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında”, “Gənclər siyasəti haqqında” və “Azərbaycan Respublikasının Dövlət Himnindən istifadə qaydaları haqqında” qanunlarda dəyişiklik edilməsini nəzərdə tutur. Layihəyə əsasən hərbi ehtiram göstərilən şəxslərin sırasına “Vətən Müharibəsi Qəhrəmanı” adı verilmiş, “Zəfər” və “Qarabağ” ordeni ilə təltif edilmiş şəxslər də daxil edilir. Dəyişiklik həmçinin Vətən Müharibəsi Qəhrəmanlarının xatirəsinin əbədiləşdirilməsini və qorunmasını təsbit edir.
Komitə sədri Qənirə Paşayevanın, deputatlardan Azər Badamovun və Elman Məmmədovun fikirləri dinlənildikdən sonra hər iki məsələ ayrı-ayrılıqda səsə qoyularaq birinci oxunuşda qəbul edilib.
"Məşğulluq haqqında" Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi haqqında (birinci oxunuş) Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev məlumat verib. Bildirib ki, qanuna iki yeni maddə əlavə olunur. Bu dəyişikliklər özünəməşğulluq layihələrinin həyata keçirilməsində effektivliyin və şəffaflığın yüksəldilməsinin, nəzarət-monitorinq tədbirlərinin keçirilməsinin, təlim planlarının hazırlanması xidmətlərinin maliyyələşdirilməsinin hüquqi bazasının yaradılmasını özündə ehtiva edir.
Komitə sədri Qənirə Paşayeva və deputat Etibar Əliyev layihə barədə fikirlərini bildirdikdən sonra qanun layihəsi birinci oxunuşda qəbul edilib.
Gündəliyin sonuncu məsələsi - Azərbaycan Respublikasının Torpaq Məcəlləsində, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində, "Antiinhisar fəaliyyəti haqqında", "Enerji resurslarından istifadə haqqında", "Yerin təki haqqında", "Qaz təchizatı haqqında", "Energetika haqqında", "Lisenziyalar və icazələr haqqında" və "Tikinti və infrastruktur obyektləri ilə əlaqədar investisiya layihələrinin xüsusi maliyyələşmə əsasında həyata keçirilməsi haqqında" qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsi haqqında (birinci oxunuş) Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev məlumat verib.
Bildirib ki, dəyişikliklər uyğunlaşdırma xarakteri daşıyır və bəzi idafələrin təmilləşdirilməsini özündə ehtiva edir. Əsasən bu dəyişikliklər "Lisenziyalar və icazələr haqqında" haqqında Qanunun müddəalarına uyğunlaşdırılır.
Deputat Elman Nəsirovun layihə barədə fikirləri dinlənildikdən sonra qanun layihəsi səsə qoyularaq birinci oxunuşda qəbul olunub.
Bununla da Milli Məclisin iclası başa çatıb.
Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi