Şuşa Azərbaycanın mədəniyyət paytaxtıdır

Komitə iclasları
24 may 2021 | 18:06   
Paylaşın:        

Mayın 24-də Milli Məclisin Mədəniyyət, Hüquq siyasəti və dövlət quruculuğu, İqtisadi siyasət, sənaye və sahibkarlıq və Regional məsələlər komitələrinin birgə iclasında  “Azərbaycanın mədəniyyət paytaxtı – Şuşa şəhəri haqqında” qanun layihəsi birinci oxunuşda müzakirəyə çıxarılıb. İclasda Milli Məclis Sədrinin birinci müavini, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli, bir sıra əlaqədar qurumların təmsilçiləri iştirak ediblər.

Tədbirdə öncə 44 günlük Vətən müharibəsində həlak olan şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Sonra 15 maddədən ibarət qanun layihəsini təqdim edən Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva 2020-ci ilin Azərbaycan xalqı üçün tarixi ədalətin bərpa olunduğu Zəfər ili, qələbə ili kimi yaddaşlara köçdüyünü vurğulayıb. Bu qələbədə Ulu öndərin vəsiyyətini sədaqətlə yerinə yetirmiş olan Ali Baş Komandan İlham Əliyevin və müzəffər Azərbaycan Ordusunun müstəsna xidmətlərini qeyd edib.

Tədbir iştirakçılarına məlumat verilib ki, layihəyə görə Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərinin inzibati sərhədləri daxilində Şuşa Şəhəri Dövlət Qoruğu yaradılır. Parlamentin müzakirəsinə təqdim olunmuş qanun layihəsi Şuşa şəhərində dövlət siyasətinin əsas istiqamətlərini; Şuşa ərazisində və onun mühafizə zonasında hüquqi tənzimləməni; abidələrin bərpası, qorunması, öyrənilməsi, istifadəsi və təbliğini; ətraf mühitin mühafizəsini; Şuşa ərazisində tikinti, memarlıq və şəhərsalma fəaliyyətini; nəqliyyatın təşkilini; mənzil fondunun idarə edilməsini; sahibkarlıq, reklam, turizm və digər fəaliyyətləri; həmçinin Şuşada beynəlxalq səviyyəli tədbirlərin keçirilməsini və digər bir sıra mühüm məsələləri tənzimləyəcək.   

Geniş müzakirələrdə Şuşanın işğaldan azad edilməsinin bütün dünya azərbaycanlıları üçün, bütün türk dünyası üçün tarixi, siyasi, mənəvi əhəmiyyəti xüsusi vurğulanıb. Mədəni irs baxımından bu qədim şəhərin inkişaf tarixinə, Azərbaycanın siyasi və mədəni həyatında oynadığı rola nəzər salınıb, Cənubi Qafqazın konservatoriyası və mədəniyyət mərkəzi olduğu qeyd edilib. Çıxışlarda qanun layihəsi yüksək dəyərləndirilib, sənədin konseptual baxımdan mükəmməl hazırlandığı bildirilib.

İclasda Milli Məclis Sədrinin birinci müavini, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli qanunvericilik tariximizdə çox mühüm bir sənədi qəbul etdiyimizi bildirib, Şuşanın statusunun xüsusi qanunla müəyyən edilməsini dövlət quruculuğu sahəsində çox mühüm siyasi hadisə kimi dəyərləndirib.

İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili qeyd edib ki, qanun layihəsində iqtisadi müddəaların yer alması şəhərin iqtisadi həyatının canlanmasına, Şuşanın investorlar üçün cəlbedici olmasına, eyni zamanda Şuşa şəhərinin gələcəkdə innovativ həllər mərkəzi kimi Azərbaycan şəhərlərinə nümunə  olmasına imkan yaradacaq.

Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov bildirib ki, bu cür qanunların qəbul edilərək icra olunması sayəsində Şuşa gələcəkdə yalnız bölgənin deyil, ümumiyyətlə Avropanın ən aparıcı şəhərlərindən və Avropanın mədəniyyət mərkəzlərindən birinə çevriləcək.

Komitələrin birgə iclasında çıxış edən komitə sədrlərinin müavinləri Qüdrət Həsənquliyev, Fazil Mustafa, Əli Məsimli və Elşən Musayev, deputatlar Nizami Cəfərov, Sabir Rüstəmxanlı, Cavanşir Feyziyev, Əziz Ələkbərov,  Novruzəli Aslanov qanun layihəsinin məziyyətlərini qeyd etməklə yanaşı  bir sıra təkliflərini də diqqətə çatdırıblar.

Sonra Qarabağ Dirçəliş Fondunun İdarə Heyətinin sədri Rəhman Hacıyev, Ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Aparat rəhbəri Rəşad İsmayılov, Dövlət Turizm Agentliyinin Aparat rəhbəri Kənan Qasımov, DOST Agentliyinin İdarə Heyətinin sədri Fərid Məmmədov, Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar Dövlət Agentliyinin Aparat rəhbəri Fuad Qarayev, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə Heyəti sədrinin birinci müavini Natiq Həsənov qanun layihəsinə münasibətlərini bildiriblər, rəy və təkliflərini deputatların nəzərinə çatdırıblar.

Müzakirələrin yekununda qərara alınıb ki, milli qanunvericilik tariximizdə mühüm sənəd olan “Azərbaycanın mədəniyyət paytaxtı – Şuşa şəhəri haqqında” qanun layihəsi birinci oxunuşda parlamentin plenar iclasına tövsiyə olunsun.

Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi



Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU