Azərbaycan və Türkiyə təhsil sahəsində əməkdaşlığın yeni səhifəsini açır
Mayın 27-də Milli Məclisin Elm və təhsil komitəsinin onlayn iclası keçirilib.
İclasda “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında peşə təhsili sahəsində əməkdaşlığa dair Protokol”un təsdiq edilməsi haqqında qanun layihəsinə baxılıb.
Elm və təhsil komitəsinin sədri Bəxtiyar Əliyev sənəd barədə məlumat verərək onun iki qardaş ölkə arasında bir çox sahələrdə olduğu kimi uğurlu layihələrin həyata keçirildiyi təhsil sahəsində əməkdaşlıqda da yeni səhifə açdığını bildirib. 15 maddədən ibarət əməkdaşlıq protokolu peşə təhsili sahəsində Türkiyə təcrübəsinin öyrənilməsini özündə ehtiva etməklə yanaşı, peşə təhsili müəssisələrinin təsis edilməsini də nəzərdə tutur. Bu müəssisələrdə Türkiyənin böyük nailiyyətlər əldə etdiyi informasiya texnologiyaları, turizm, mebel, dizayn və qida sahələri üzrə peşə ixtisaslarının veriləcəyi bildirilib.
Komitə sədri qeyd edib ki, nəticədə ölkənin peşə ixtisası üzrə ehtiyaclarına uyğun müasir tələblərə cavab verən mütəxəssislərin hazırlanmasında Türkiyə təcrübəsindən yararlanmaqla bu sahədə elmi-texnoloji yeniliklərin tətbiqi sürətlənəcək. Komitə sədri protokol çərçivəsində təsis olunacaq müəssisələrin xüsusiyyətləri, sənədə görə tərəflərin öhdəlikləri, müəllim, işçi heyətinin, maddi-texniki bazanın təşkili prinsipləri barədə danışıb. Bəxtiyar Əliyev sənədə əsasən tələbələrin ikili diplomlarının tanınmasını hökumətlər arasında bir ilk təcrübə kimi yüksək dəyərləndirib və qeyd edib ki, görüləcək işlər həm də Azərbaycanın peşə təhsili sahəsində apardığı islahatlara öz töhfəsini verəcək.
Milli Məclisin Hesablayıcı komissiyasının sədri Eldar Quliyev, Elm və təhsil komitəsinin sədr müavini Musa Qasımlı, komitə üzvləri Aqiyə Naxçıvanlı, Anar İsgəndərov, Şahin Seyidzadə, Ceyhun Məmmədov, Etibar Əliyev, Müşfiq Məmmədli gündəlikdəki məsələ ilə bağlı çıxışlarında Türkiyə ilə peşə təhsili sahəsində imzalanmış əməkdaşlığa dair protokolun Azərbaycanın təhsil sahəsində apardığı islahatlara uyğun olduğunu bildiriblər, bu sənədin dövlətin peşə təhsili sahəsində qarşıya qoyduğu məqsədlərə çatmaq üçün yeni imkanlar yaradacağına inamlarını ifadə ediblər. Deputatlar tərəflər arasında öhdəlikləri də dəqiq müəyyən edən sənədi nümunəvi sənəd kimi səciyyələndiriblər və qanun layihəsini Milli Məclisin plenar iclasında müzakirəyə tövsiyə ediblər.
İclasda Elm və təhsil komitəsinin üzvləri Ülviyyə Ağayeva, Tamam Cəfərova, Kamilə Əliyeva, Afət Həsənova, Pərvin Kərimzadə, Fatma Yıldırım və digər rəsmi şəxslər iştirak ediblər.
Milli Məclisin Mətbuat
və ictimaiyyətlə əlaqələr şöbəsi