“Sərbəst toplaşmaq azadlığı haqqında” Qanuna, eləcə də Cinayət və İnzibati Xətalar məcəllələrinə dəyişikliklər ediləcək

Komitə iclasları
24 oktyabr 2012 | 03:10   
Paylaşın:        

Oktyabrın 23-də Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclası keçirildi.
Komitənin sədri Əli Hüseynli bildirdi ki, Milli Məclisin deputatı Rəfael Cəbrayılov qanunvericilik təşəbbüsü qaydasında yuxarıda adı çəkilən qanunlara dəyişikliklər edilməsi ilə bağlı yeni layihə hazırlamışdır. Bu dəyişikliklər həmin qanunların təkmilləşməsinə və qanunlardakı bəzi boşluqların aradan qalxmasına xidmət edəcəkdir. 
Sonra layihənin müəllifi Rəfael Cəbrayılov həmin dəyişikliklər barədə ətraflı məlumat verdi. Diqqətə çatdırdı ki, qanunlara təklif olunan dəyişikliklərdə əsasən qanunsuz toplantıların təşkilatçılarının və iştirakçılarının inzibati tənbeh tədbirlərinə cəlb edilməsi, cərimə və digər sanksiyaların sərtləşdirilməsi nəzərdə tutulmuşdur.
“Sərbəst toplaşmaq azadlığı haqqında” Qanunun “Toplantının keçirilməsi barədə xəbərdarlıq” adlanan 5-ci maddəsinə təklif edilən dəyişiklikdə deyilir ki, toplantı təşkilatçıları barədə məlumatlar, yəni  fiziki şəxsin adı, soyadı, atasının adı və ünvanı konkret göstərilməlidir. “Toplantının təşkilatçısı” adlanan 6-cı maddəyə təklif olunan əlavədə isə deyilir ki, yığıncağın, mitinqin, küçə yürüşünün və ya piketin təşkilatçısı dedikdə, dinc toplantını təşkil edən, müvafiq icra hakimiyyəti orqanına təqdim edilmiş yazılı xəbərdarlıqda göstərilən bir və ya bir neçə hüquqi və ya fiziki şəxs nəzərdə tutulur.
Qeyd edildi ki, bu gün mövcud olan qanunvericilikdə təyin olunan cərimələrin aşağı səviyyədə olması onları ödəyənlərin maddi durumuna heç cür təsir etmir və cüzi bir cəriməni illərlə qanunsuz toplantı keçirib ödəmək olar. Ona görə də, Cinayət Məcəlləsində nəzərdə tutulmuş cərimələrin məbləği artırılmalıdır.  
Cinayət Məcəlləsinin “Toplantıları keçirmə qaydasını pozma” (maddə 169) maddəsinə təklif olunan dəyişiklikdə bildirilir ki, qanunvericiliklə qadağan olunmuş hallarda toplantılar təşkil etmə, keçirmə və ya belə toplantılarda iştirak etmə vətəndaşların hüquq və qanuni mənafelərinin əhəmiyyətli pozulmasına səbəb olduqda, təşkilatçı 5000 manatdan 8000 manatadək cərimə və ya iki ilədək müddətə islah işləri, yaxud da iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Hazırkı qanunvericilikdə bu pozuntuya görə üç yüz manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Toplantıların keçirilməsi zamanı toplantıda iştirak edənlər tərəfindən odlu və ya soyuq silah, yaxud partlayıcı maddə və qurğular, eləcə də ətrafdakıların həyat və sağlamlığı üçün təhlükə törədən sair maddə və əşyaları gəzdirənlər üçün də 5000 manatdan 8000 manatadək cərimə və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Hazırkı qanunvericilikdə isə bu əməl üç yüz manatdan beş yüz manatadək miqdarda cərimə və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Həmin Məcəllənin 233-cü maddəsinə təklif olunan dəyişiklikdə isə deyilir ki, ictimai qaydanı kobud surətdə pozan, hakimiyyət nümayəndəsinin qanuni tələblərinə tabe olmamaqla əlaqədar olan, nəqliyyatın, müəssisə, idarə və təşkilatın normal fəaliyyətinin pozulmasına səbəb olan hərəkətlərin bir qrup şəxs tərəfindən törədilməsini təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştiraka görə 5000 manatdan 8000 manatadək cəza, yaxud da iki ilədək müddətdə islah işləri və üç ilədək azadlıqdan məhrum etmə cəzası  müəyyən olunmuşdur. Hazırkı qanunvericilikdə bu, beş yüz manatdan min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
 İnzibati Xətalar Məcəlləsinə təklif olunan dəyişikliklərdə isə inzibati tənbeh növləri, inzibati cərimə, yığıncaqların, mitinqlərin, nümayişlərin, küçə yürüşlərinin və piketlərin keçirilməsinə mane olmaya görə məsuliyyət və digər məsələlər nəzərdə tutulmuşdur.
Komitə üzvləri, eləcə də iclasda iştirak edən Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Rəbiyyət Aslanova layihə ilə bağlı rəy və təkliflərini bildirdilər.
Sonda hər üç qanun layihəsi Milli Məclisin plenar iclasında müzakirəyə tövsiyə olundu. 

                  
Milli Məclisin
Mətbuat xidməti


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU