AŞPA-nın yay sessiyasına hazırlıq iclası keçirilib
İyunun 8-də Milli Məclisin Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin AŞPA-nın yay sessiyasına hazırlıq iclası keçirilib.
Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov bildirib ki, iyunun 21-dən 24-dək keçiriləcək sessiyada qurumun Bürosunun və Daimi Komitəsinin hesabatları dinləniləcək, Avropa İnsan Hüquqları məhkəməsinə hakimlər seçiləcək, Bolqarıstanda və Albaniyada keçirilmiş parlament seçkilərinin nəticələri, Media azadlığı və ictimai etimad, COVİD vəsiqələri və sertifikatlar, Pandemiyanın yaratdığı sosial-iqtisadi böhranın aradan qaldırılması, Pandemiyanın uşaq hüquqlarına təsiri, Avropada diasporlarla bağlı siyasət və digər mövzular müzakirə olunacaq.
Sonra iclasda sessiyada müzakirəyə çıxarılacaq məsələlər ətrafında fikir mübadiləsi aparılıb, nümayəndə heyətinin üzvləri gündəlikdəki məsələlərlə bağlı qeyd və təkliflərini diqqətə çatdırıblar.
Hazırlıq iclasında Milli Məclisin AŞPA-dakı nümayəndə heyətinin üzvləri Rafael Hüseynov, Sevinc Fətəliyeva, Asim Mollazadə, Erkin Qədirli, Könül Nurullayeva, Nigar Arpadarai, Tural Gəncəliyev, Sabir Hacıyev və Kamal Cəfərov iştirak ediblər.
Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi