Milli Məclisdə Əfqanıstan diplomatları ilə görüş
İyunun 10-da Milli Məclisdə ADA Universitetində (Azərbaycan Diplomatik Akademiyası) təlim keçən Əfqanıstan İslam Respublikasının diplomatları ilə görüş olub.
Görüşdə Milli Məclisin Əfqanıstanla parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Musa Qasımlı qonaqları salamlayaraq Azərbaycan-Əfqanıstan parlament əlaqələrindən danışıb. 44 günlük Vətən müharibəsi dövründə Azərbaycanın haqq işinə verdiyi dəstəyə görə Əfqanıstan dövlətinə, parlamentinə və xalqına təşəkkürünü ifadə edib.
Söhbət zamanı Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini Sevinc Fətəliyeva 30 il Ermənistanın işğalı altında qalan torpaqlarımızın azad edilməsi ilə Cənubi Qafqaz regionunda davamlı sülhün və əmin-amanlığın təmin olunmasına münbit şərait yarandığını bildirib. Bölgədə yaranmış yeni reallıq və azad olunmuş ərazilərdə həyata keçirilən layihələrdən söz açıb.
Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü Asim Mollazadə qonaqlara Azərbaycanın tarixi və mədəniyyəti, parlament ənənələri, Şərq aləmində ilk parlamentin məhz Azərbaycanda yarandığı, ölkənin siyasi sistemi, müstəqil Azərbaycan dövlətinin əsas dəyərləri, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə xalqımızın 2020-ci ildə qazandığı şanlı Qələbənin bölgə üçün əhəmiyyəti və bir sıra digər mühüm məsələlər barədə gənc əfqan diplomatlarına məlumat verib.
Söhbət zamanı Milli Məclisin deputatları ADA universitetinin həyata keçirdiyi bu proqram çərçivəsində müxtəlif ölkələrdən gələn gənc diplomatların Azərbaycanla tanışlıq imkanı qazanmasından məmnun olduqlarını bildiriblər. Bu proqramın həyata keçirilməsində Milli Məclisin ADA ilə yaxından əməkdaşlıq etdiyini nəzərə çatdırıblar. Deputatlar Azərbaycan-Əfqanıstan əməkdaşlığının perspektivlərinə toxunaraq xalqlarımız arasındakı tarixi bağlardan danışıblar, əlaqələrimizin daha da gücləndirilməsinin vacibliyini qeyd ediblər. Azərbaycan parlamentinin nümayəndələri gənc əfqan diplomatlarını maraqlandıran suallara cavab veriblər, gələcək fəaliyyətlərində onlara uğurlar diləyərək tövsiyələrini bildiriblər.
Görüşdə Əfqanıstanın Azərbaycandakı səfiri Amanullah Ceyhun və digər rəsmi şəxslər iştirak ediblər.
Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi