Norveç bölgədə sülhün və sabitliyin tərəfdarıdır

Tədbirlər
14 iyun 2021 | 17:00   
Paylaşın:        

İyunun 14-də Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov Norveç Krallığının Azərbaycanda akkreditə olunmuş səfiri Erling Sönsberq ilə görüşüb.

Səməd Seyidov səfiri salamlayaraq ölkələrimiz arasında əlaqələrin mövcud vəziyyətindən söz açıb. Səfir Erling Sönsberqin dövründə  ölkələrimiz arasında ikitərəfli əlaqələrdə əldə edilmiş nəticələrə toxunan komitə sədri təhsil və humanitar sahələrdə əməkdaşlıq layihələrindən bəhs edib.

Səməd Seyidov VI çağırış Milli Məclisin mütərəqqi yenilikləri barədə səfirə məlumat verib, onun çoxpartiyalı parlament kimi formalaşmasını,  müxalifət partiyalarının nümayəndələrinin qanunverici orqanın sədarətində və komitələrin rəhbərliyində geniş təmsil olunmasını qonağın diqqətinə çatdırıb. Bildirib ki, Milli Məclisdə Norveçlə parlamentlərarası əlaqələr üzrə işçi qrupu formalaşdırılıb.

Səməd Seyidov 44 günlük Vətən müharibəsində Azərbaycanın BMT TŞ-nin qətnamələrinə və beynəlxalq hüququn müddəalarına əsasən öz ərazilərini azad etməsindən bəhs edib. Dünya dövlətlərinin, beynəlxalq təşkilatların bu reallıqları qəbul etməsinin regionda sülhün və sabitliyin möhkəmlənməsinə əhəmiyyətli dəstək olacağına inam ifadə olunub.

Öz növbəsində Norveçin Azərbaycandakı səfiri Erling Sönsberq ölkəsinin Azərbaycanın ərazi bütövlüyünü həmişə dəstəklədiyini, bölgədə sülhün və sabitliyin davamı üçün dialoqların qurulmasının, Azərbaycanla Ermənistan arasında problemlərin danışıqlar yolu ilə həllinin tərəfdarı olduğunu bildirib. O, təmsil etdiyi hökumətin Azərbaycanla bütün sahələrdə əməkdaşlığa önəm verdiyini vurğulayıb.

Görüşdə 44 gün davam edən müharibəyə son qoyan üçtərəfli bəyanatda əldə olunan razılaşmaların bölgədə uzunmüddətli sülhün bərqərar olması və gələcək inkişaf üçün möhkəm zəmin yaratdığı bildirilib. Bölgədə sülhün və sabitliyin təmin olunması üçün problemlərin  və fikir ayrılıqlarının həlli üçün konstruktiv yanaşmanın önəmi vurğulanıb, bu istiqamətdə Azərbaycan, Rusiya və Ermənistan baş nazirlərinin müavinlərinin sədrliyi ilə İşçi qrupunun fəaliyyətindən bəhs edilib.

Görüşdə tərəflər  parlamentlərarası əlaqələrin genişləndirilməsi, əməkdaşlığın perspektivləri, təcrübə mübadiləsi kimi məsələlərlə bağlı fikir mübadiləsi aparıblar.

Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi



Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU