Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin iclasında

Komitə iclasları
18 iyun 2021 | 18:25   
Paylaşın:        

İyunun 18-də Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin iclası keçirilib. Komitə sədri Sadiq Qurbanov bildirib ki, gündəliyə “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” Azərbaycan Respublikasının qanun layihəsi birinci oxunuşda daxil edilib. Qeyd edilib ki, sənəd qanunvericilik təşəbbüsü qaydasında ölkə Prezidenti tərəfindən Milli Məclisə təqdim olunub.

Qanun layihəsi barədə Energetika Nazirliyinin Elektroenergetika və enerji səmərəliliyi  şöbəsinin müdiri Ələsgər Həsənov məlumat verib. Diqqətə çatdırılıb ki, qanun enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi sahəsində dövlət siyasətinin hüquqi, təşkilati və iqtisadi əsaslarını müəyyən edir, bu sahədə dövlət orqanlarının, fiziki və hüquqi şəxslərin fəaliyyətini və onlar arasında yaranan münasibətləri tənzimləyir.

8 fəsil, 23 maddədən ibarət olan sənəddə enerji resurslarından  səmərəli istifadə və enerji effektivliyi sahəsində dövlət siyasətinin əsas məqsədi və dövlətin vəzifələri  göstərilib, enerji effektivliyi üzrə xidmətlərin təşkili və təşviqinə dair məqamlar, istehlak olunan enerjinin hesablanması, istehsalı, saxlanması, ötürülməsi, paylanması və təchizatında səmərəlilik məsələləri öz əksini tapıb. Layihədə enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi  sahəsində informasiya təminatı və maarifləndirmə, beynəlxalq əməkdaşlıq, dövlət nəzarətinin həyata keçirilməsi ilə bağlı müddəalar ehtiva olunub.

Müzakirələr zamanı çıxış edən komitə sədrinin müavini Asim Mollazadə, komitə üzvləri Məşhur Məmmədov, Nəsib Məhəməliyev, İltizam Yusifov, Fatma Yıldırım, Naqif Həmzəyev qanun layihəsi barədə öz fikirlərini açıqlayıblar, qeyd və təkliflərini söyləyiblər.

İclasda iştirak edən energetika nazirinin müavini Samir Vəliyev, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti vitse-prezidentinin müavini Nüsrət Əliyev, Azərenerji ASC-nin Aparat rəhbəri Vüqar Əliyev və digər mütəxəssislər qanun layihəsinin əhəmiyyəti barədə danışıblar, enerji resurslarının istehsalı və istehlakı sahəsində effektivliyin artırılması, ekoloji mühitin yaxşılaşdırılması ilə bağlı məsələlərdən bəhs ediblər. Bildirilib ki, müzakirəyə çıxarılan qanun layihəsi bu istiqamətdə ölkədə həyata keçirilən islahatlar çərçivəsində önəmli rol oynayacaq.

İclasda komitə üzvləri Afət Həsənova, Anar Məmmədov, Əliabbas Salahzadə, Mixail Zabelin iştirak ediblər.

Tədbirin sonunda “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” qanun layihəsi birinci oxunuşda Milli Məclisin plenar iclasına tövsiyə olunub.

Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi



Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU