Azərbaycan və Çili parlamentlərarası dostluq qruplarının görüşü keçirilib
İyunun 23-də Azərbaycan Milli Məclisi və Çili Senatının parlamentlərarası dostluq qruplarının videokonfrans formatında görüşü keçirilib.
Görüşdə Azərbaycan tərəfindən Çili ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Azər Badamov, qrupun üzvü İqbal Məmmədov, ölkəmizin Argentina, Çili, Uruqvay, Paraqvay və Boliviyadakı səfiri Rəşad Aslanov, digər rəsmi şəxslər iştirak ediblər.
Azər Badamov öz çıxışında bildirib ki, Azərbaycan və Çili dost ölkələrdir, 26 ildir ki, ölkələrimiz arasında diplomatik əlaqələr mövcuddur, parlamentlərarası münasibətlər də inkişaf etməkdədir. Millət vəkili Azərbaycanın son dövrdə bir çox nailiyyətlər əldə etdiyini söyləyib. O, ölkələrimiz arasında əlaqələrin genişləndirilməsi istiqamətində yaxşı imkanların olduğunu deyib, münasibətlərin inkişafında parlamentlərin rolundan danışıb.
Deputatımız 30 ilə yaxın erməni işğalı altında olan torpaqlarımızın müzəffər Ordumuz tərəfindən azad olunduğunu, Azərbaycanın ərazi bütövlüyünün bərpa edildiyini vurğulayıb. O, Çilinin bu məsələdə bizi həmişə dəstəklədiyini təqdir edib.
Onlayn görüşdə iştirak edən Çili Senatının Azərbaycanla dostluq qrupunun sədri, senator Fransisko Çahuan ölkəsinin Azərbaycanla əlaqələrin intensivləşməsində maraqlı olduğunu bildirib.
Münasibətlərin inkişafında parlament diplomatiyasının əhəmiyyətindən danışan Çili parlamentarisi bu istiqamətdə qarşılıqlı səfərlərin önəmli olduğunu söyləyib. İki ölkə arasında ticarət, sosial, mədəni sahələrdə əməkdaşlığın genişləndirilməsinin vacibliyini bildirib.
Görüşdə Milli Məclisin deputatı İqbal Məmmədov, Çili Senatının Azərbaycanla dostluq qrupunun üzvü, senator İvan Moreira Barros, Xarici əlaqələr idarəsinin rəhbəri Julio Kamara, onun müavini Juan Oses ölkələrimiz arasında münasibətlərə dair öz fikirlərini bölüşüblər.
Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi