Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclasında

Komitə iclasları
24 iyun 2021 | 19:05   
Paylaşın:        

İyunun 24-də  Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclası keçirilib.

İclası açan Milli Məclis Sədrinin birinci müavini, bu komitənin sədri Əli Hüseynli bildirib ki, gündəliyə Milli Məclisə eyni zərfdə daxil olmuş və hamısı birinci oxunuşda müzakirəyə təqdim edilmiş 4 qanun layihəsi daxildir. Dəyişikliklər cənab Prezidentin “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” 3 aprel 2019-cu il tarixli Fərmanının icrası istiqamətindəki tədbirlər çərçivəsində hazırlanıb. Bunlar Mülki Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında, İnzibati Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında iki qanun layihəsi və “Dövlət rüsumu haqqında” Qanunda dəyişiklik edilməsi barədə məsələlərdir.

Əli Hüseynli diqqətə çatdırıb ki, təklif olunan dəyişikliklər ölkəmizdə məhkəmə-hüquq sistemində davam etdirilən islahatlarla əlaqədar olaraq hazırlanıb. Dəyişiklikləri hazırlayan işçi qrupuna Ali Məhkəmənin Mülki Kollegiyasının sədri Sənan Hacıyev rəhbərlik edib. Ona görə də bu 4 qanuna təklif olunan dəyişikliklərlə bağlı o, özü məlumat verəcək.

Gündəlikdəki 4 qanun layihəsi barədə məlumat verən  Ali Məhkəmənin Mülki Kollegiyasının sədri Sənan Hacıyev bildirib ki, mülki-prosessual qanunvericilikdə 160-dək maddəyə dəyişiklik təklif olunur. Əsas dəyişikliklər Yazılı icraat institutunun tətbiqi, Məhkəməyə hazırlıq institutunun gücləndirilməsi, Elektron məhkəmə sisteminin tətbiqi, Müvəqqəti təminat tədbirlərinin görülməsi, İcrada dönüş institutunun yaradılması ilə əlaqədardır.

İşçi qrupunun təhlili göstərdi ki, məhkəmələrdə işlərin uzanmasının əsas səbəbi onların məhkəmələrə hazırlıqsız şəkildə təqdim olunmasıdır. Buna görə də məhkəməyə hazırlıq institutu gücləndirilməli, sübutlar hazırlıq iclasına təqdim olunmalıdır. Burada məqsəd işlərə prosessual qanunvericilikdə müəyyən olunmuş zaman çərçivəsində baxılmasını təmin etmək, vətəndaşların ədalət mühakiməsindən məmnunluq səviyyəsini artırmaq, eyni zamanda cavabdeh tərəflərə özünümüdafiəni qurmağa imkan verməkdən ibarətdir. Yeniliklərdən biri də videokonfrans əlaqə sistemindən istifadə etməklə proseslərin həyata keçirilməsi imkanıdır. Bundan başqa, məhkəməyə sübutların təqdim edilməməsinə görə intizamlandırıcı tədbir olaraq tətbiq olunan 50 manat cərimənin məbləğinin 2000 manatadək artırılması təklif olunur. Əsassız vəsatətlərlə işin uzadılmasına nail olma halları zamanı da tərəflərin 500 manatadək cərimələnməsi nəzərdə tutulur ki, bu da intizamlandırıcı məqsəd daşıyır. Bundan başqa, dəyişikliklərdə bəzi prosessual müddətlərin azaldılması, bəzilərinin isə artırılması nəzərdə tutulur. Dəyişikliklərdə kasasiya şikayətlərinin hədləri də dəyişdirilir. Vahid məhkəmə sisteminin təmin edilməsi baxımından bu həddin 2000 manatdan 5000 manata qaldırılması nəzərdə tutulur.

Qanun layihələri ətrafında aparılan müzakirələrdə çıxış edən komitə üzvləri Qüdrət Həsənquliyev, Fəzail Ağamalı, Bəhruz Məhərrəmov, Azay Quliyev, Tahir Kərimli və Vüqar İskəndərov təklif olunan dəyişiklikləri yüksək qiymətləndiriblər. Bildirilib ki, bu dəyişikliklər məhkəmə-hüquq sisteminin təkmilləşdirilməsinə və vətəndaş məmnunluğunun artırılmasına yönəldilib.

İclasda çıxış edən İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili təqdim olunan dəyişikliklərin iqtisadi aspektlərinə aydınlıq gətirib.

Müzakirələrin sonunda gündəlikdəki 4 məsələnin hamısı birinci oxunuşda Milli Məclisin plenar iclasında müzakirəyə tövsiyə olunub.

İclasda Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Nurlan Həsənov və digər rəsmi şəxslər də iştirak ediblər.

Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi



Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU