Avronest PA-nın Büro iclasında

Tədbirlər
25 iyun 2021 | 18:46   
Paylaşın:        

İyunun 25-də Avronest Parlament Assambleyasının videokonfrans formatında Büro iclası keçirilib.

Onlayn iclasda Avronest Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin rəhbəri Azər Kərimli iştirak edib.

Tədbir Avronest PA-nın həmsədrləri Andrius Kubilius və Maka Botçorişvilinin açılış nitqləri ilə başlayıb. Büronun işinə Andrius Kubilius moderatorluq edib.

İclasda iştirak edən nümayəndə heyətlərinin rəhbərləri çıxış edərək ölkələrində gedən iqtisadi-siyasi proseslər, Covid-19 pandemiyasının mövcud vəziyyəti və onunla mübarizə tədbirləri barədə məlumat veriblər, Şərq Tərəfdaşlığı bölgəsində təhlükəsizliyin təmin edilməsi və ölkələrin ərazi bütövlüyünün qorunması məsələlərinə toxunublar.

Azərbaycan nümayəndə heyətinin rəhbəri Azər Kərimli ötən ilin sonunda ölkəmizin öz ərazi bütövlüyünü bərpa etməsi ilə regionda yaranmış yeni əməkdaşlıq imkanları barədə məlumat verib. Bildirib ki, yeni reallıqlar Azərbaycan və Ermənistan arasında 30 illik silahlı qarşıdurmaya son qoyub, tərəflər arasında normal münasibətlərin qurulmasına, davamlı sülhün, iqtisadi əlaqələrin bərqərar edilməsinə, infrastruktur və kommunikasiya layihələrinin həyata keçirilməsinə əlverişli zəmin yaradıb. O, Ermənistanda formalaşacaq yeni hökumətin Azərbaycana qarşı revanşizmlə məşğul olmayacağına, Üçtərəfli Bəyanatın müddəalarına əməl edərək regional əməkdaşlığı dəstəkləyəcəyinə ümidini ifadə edib.

Azər Kərimli, qarşı tərəfin mina xəritələrini təqdim etməməsindən, Azərbaycan jurnalistlərinin minaya düşməsindən, Zəngəzur dəhlizinin reallaşdırılmasından, Qarabağda bərpa işlərindən danışıb.

İclasda Şərq tərəfdaşlığı ölkələri arasında əlaqələrin inkişafı, bu ilin sonunda baş tutması gözlənilən “Şərq tərəfdaşlığı” sammitinin gündəliyi və digər məsələlərlə bağlı müzakirələr aparılıb müvafiq qərarlar qəbul edilib.

Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU