Milli Məclisdə görüş
İyunun 29-da Milli Məclis Sədrinin müavini, parlamentin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fəzail İbrahimli işğaldan azad edilmiş ərazilərdə faktaraşdırıcı missiya həyata keçirmək məqsədilə ölkəmizdə səfərdə olan Türkiyə İnsan Hüquqları və Bərabərlik Qurumunun nümayəndə heyəti ilə görüşüb.
Fəzail İbrahimli Türkiyə İnsan Hüquqları və Bərabərlik Qurumunun sədri Süleyman Arslanın başçılıq etdiyi nümayəndə heyətini Qalib Azərbaycanda salamlamaqdan məmnunluğunu ifadə edib. O, bu qalibiyyətin Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərlik bacarığı, sərkərdə qabiliyyəti sayəsində milli birliyimiz, ölkənin iqtisadi qüdrəti, ordumuzun rəşadəti ilə əldə olunduğunu vurğulayıb. Azərbaycanın bu haqq işində Türkiyənin dəstəyini yüksək qiymətləndirib. Milli Məclis Sədrinin müavini Azərbaycan və Türkiyənin dünya dövlətləri arasında layiqli yer tutaraq bütün təhdidlərə qarşı birgə mübarizə apardığını diqqətə çatdırıb.
Türkiyə İnsan Hüquqları və Bərabərlik Qurumunun sədri Süleyman Arslan 100 il əvvəl olduğu kimi, indi də Türkiyə və Azərbaycanın dünya imperializminə qarşı birgə səylərlə mübarizə apardığı qeyd edib və təmsil etdiyi təşkilatın azərbaycanlı qardaşlarının hüquqlarının qorunması üçün beynəlxalq arenada hər cür dəstək verməyə hazır olduğunu bildirib.
Görüşdə iştirak edən Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva 44 günlük Vətən Müharibəsinin ilk günündən qardaş Türkiyə rəhbərliyinin və xalqının mənəvi dəstəyini, xüsusən də insan hüquqlarının müdafiəsi sayəsində göstərilən köməyi xüsusi qeyd edib, Türkiyənin İnsan Hüquqları və Bərabərlik Qurumunun Qarabağ qrupu yaratmasını yüksək dəyərləndirib. O, Türkiyə heyətinin səfər çərçivəsində müharibə nəticəsində zərər çəkmiş ərazilərdə araşdırmalar aparacağını bildirib.
Görüşdə Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc Azərbaycan və Türkiyəni birləşdirən dəyərlərdən, bu birliyin davam etməsinin əhəmiyyətindən bəhs edib.
Sonra qonaqların suallarına cavab verilib, qarşılıqlı maraq doğuran məsələlər barədə fikir mübadiləsi aparılıb.
Görüşdə Milli Məclisin deputatı Kamal Cəfərov və digər rəsmi şəxslər də iştirak ediblər.
Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi