Milli Məclisin Sədri Sahibə Qafarova Türk Şurasının Budapeşt nümayəndəliyinin ofisində çıxış edib
Macarıstanda rəsmi səfərdə olan Milli Məclisin Sədri Sahibə Qafarovanın başçılığı ilə Azərbaycan parlamentinin nümayəndə heyəti iyunun 29-da Türk Şurasının Budapeşt nümayəndəliyinin ofisində "2021 - ci il - Nizami Gəncəvi ili"nə həsr olunmuş tədbirdə iştirak edib.
Tədbiri Türk Şurasının Budapeşt ofisinin rəhbəri Yanoş Hovari açaraq Spiker Sahibə Qafarovanın rəhbərlik etdiyi Azərbaycan nümayəndə heyətini salamlayıb. O, Türk Şurası çərçivəsində əməkdaşlıqdan bəhs edərək Macarıstanın bu qurumda müşahidəçi qismində fəaliyyəti ilə bağlı fikirlərini bölüşüb.
Sonra Macarıstan Xarici İşlər Nazirliyinin dövlət katibinin müavini Andraş Baranye çıxış edərək Azərbaycanla-Macarıstan arasında münasibətlərin mövcud vəziyyəti və inkişaf perspektivləri haqqında danışıb. O, Azərbaycanın Macarıstan üçün qardaş və strateji tərəfdaş dövlət olduğunu vurğulayıb, münasibətlərin dinamik inkişafından məmnunluğunu ifadə edib. A.Baranye Türk Şurası çərçivəsində həyata keçirilən əməkdaşlığın iki ölkə arasında ikitərəfli münasibətlərin inkişafına töhfə verdiyini qeyd edib.
Tədbirdə Milli Məclisin Sədri Sahibə Qafarova çıxış edib.
Spiker Sahibə Qafarova Türk Şurasının Budapeştdəki ofisini dərin tarixi kökləri rəmzləşdirən, türk dünyası ilə macarları birləşdirən məkan kimi yüksək dəyərləndirib. O, Macarıstan parlamentinin Türk dünyasına inteqrasiyanı davam etdirmək qərarının əhəmiyyətini vurğulayıb. Milli Məclisin Sədri qeyd edib ki, hazırda həm Macarıstan, həm də Türk dövlətləri aralarındakı əməkdaşlığı dərinləşdirmək üçün səy göstərirlər. Bildirilib ki, Macarıstan Türk Şurasına cəmi üç il əvvəl qəbul edilsə də, əlaqələrin möhkəmləndirilməsi üçün ötən müddətdə xeyli addımlar atılıb. Siyasi əlaqələrin möhkəmlənməsinin digər sahələrə təsirinə toxunan Azərbaycan parlamentinin Sədri bildirib ki, bu baxımdan Macarıstanla Türk ölkələri arasında məqsədyönlü birgə səylər iqtisadiyyatda artıq müsbət nəticələrini verib.
Şuranın bütün üzv dövlətlərinin nümayəndələrinin Budapeştə, Türk Şurasının nümayəndəliyinə təşrif gətirməsini xalqlarımız arasında təmasların daha bir təcəssümü olduğunu söyləyən Sahibə Qafarova vurğulayıb ki, Azərbaycan, Türkiyə, Qırğızıstan, Özbəkistan və Qazaxıstan nümayəndələri macar həmkarları ilə birgə mövcud əlaqələrin intensivləşməsinə böyük əhəmiyyət verirlər. Bu gün Türk Şurası öz strateji baxışını yaratmaq üzərində işləyir. “Türk Dünyasının baxışı-2040” bir yol xəritəsidir, ondan istifadə edərək biz xarici siyasət sahəsində daha yaxşı əlaqələndirməyə, təhlükəsizlik sahəsində aydın əməkdaşlığa, aramızda azad ticarət müqavilələrinin imzalanmasına, nəqliyyat əməliyyatları üçün sərhədlərin açılmasına və əlbəttə ki, dil və əlifba sahələrində daha dərin əməkdaşlığa doğru irəliləyə bilərik. Bu sahələr bizi heç vaxt olmadığı qədər yaxınlaşdırır və ölkələrimiz arasındakı inteqrasiya proseslərinə töhfə verir. Ortaq proqramlara və müxtəlif sahələrdə daha dəqiq əlaqələndirməyə malik olmaqla biz Türk dünyası üçün daha yaxşı gələcək qura bilərik.
Sahibə Qafarova qeyd edib ki, Türk Şurasının qarşıya qoyduğu vacib vəzifələrdən biri də beynəlxalq terrorizm, separatizm, ekstremizm və transsərhəd cinayətlərə qarşı mübarizədə fəaliyyətlərin koordinasiyasıdır. O, bu baxımdan tədbir iştirakçılarına xatırladıb ki, Azərbaycan 30 il ərzində Ermənistanın işğalından əziyyət çəkib. Keçən il isə Azərbaycan öz hərbi-siyasi imkanlarından istifadə edərək otuz illik erməni işğalına son qoyub. Təəssüf ki, BMT Təhlükəsizlik Şurasının Ermənistan qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərindən dərhal, tam və qeyd-şərtsiz çıxarılmasını tələb edən 4 qətnaməsi üç onillik ərzində, Azərbaycan özü bu qərarların icrasını təmin edərək ərazi bütövlüyünü bərpa edənə qədər kağız üzərində qalmışdı. Sahibə Qafarova vurğulayıb ki, 44 günlük Vətən müharibəsi zamanı Azərbaycan tarixi torpaqları olan Qarabağı tamamilə azad etdi və Ermənistanı 10 noyabr 2020-ci ildə təslim aktını imzalamağa məcbur etdi. Spiker təcavüzə və işğala qarşı aparılmış Vətən müharibəsində Azərbaycanın haqlı və ədalətli mövqeyini dəstəklədiklərinə görə Türk Şurasına üzv-dövlətlərin hökumətlərinə və xalqlarına öz adından və Azərbaycan Respublikasının Milli Məclisi adından səmimi təşəkkürünü ifadə edib.
Milli Məclisin Sədri vurğulayıb ki, ölkələrimizin türk birliyinin parlament ölçüsünü yaratmağa nail olmaları çox sevindiricidir. Türkdilli Ölkələrin Parlament Assambleyası – TÜRKPA xalqlarımız arasındakı mövcud əməkdaşlığın dərinləşməsi üçün son dərəcə vacibdir. Əminlik ifadə edib ki, TÜRKPA-da müşahidəçi statusuna malik olan Macarıstanın bu qurumla inteqrasiyası dərinləşdikcə, xalqlarımız bir-birinə daha da yaxınlaşacaq. Türk Şurasına üzv olmaq üçün digər ölkələrdən gələn yeni müraciətlər məmnunluq doğurur, 10-dan çox tərəfdaşımız bu qurumda müşahidəçi statusu almaq niyyətlərini ifadə ediblər.
Sonra tədbirdə Nizami Gəncəvinin Macarıstanda dərc olunan və dahi Azərbaycan şairinə həsr olunan kitabın tərcüməçisi Laura Pal, Peri Benedik və digərləri çıxış edib, Nizami Gəncəvinin xatirəsinə həsr olunmuş proqram nümayiş etdirilib.
Sonda Milli Məclisin Sədri xatirə kitabını imzalayıb.
Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi