Milli Məclisin Sədri Sahibə Qafarova Macarıstan Milli Assambleyasının Sədri Laszlo Kover ilə görüşüb

Sədrin səfərləri
01 iyul 2021 | 13:25   
Paylaşın:        

Milli Məclisin Sədri Sahibə Qafarova Macarıstana rəsmi səfəri çərçivəsində iyunun 30-da bu ölkənin Milli Assambleyasının Sədri Laszlo Kover ilə görüşüb.

Milli Məclisin Sədrini və nümayəndə heyətini salamlayan Laszlo Kover onun dəvətini qəbul edərək Macarıstana səfərə gəldiyinə görə Azərbaycan parlament nümayəndə heyətinə təşəkkürünü bildirib. O, diqqətə çatdırıb ki, müasir dünyada parlament diplomatiyasının əhəmiyyəti getdikcə artmaqdadır. Laszlo Kover dost və strateji tərəfdaş münasibətlərinə malik olan Macarıstan və Azərbaycan parlamentlərində fəaliyyət göstərən dostluq qruplarının əlaqələrimizin inkişafı baxımından mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıb. Qeyd edib ki, deputatlarımız beynəlxalq parlament təşkilatlarında da uğurla əməkdaşlıq edir, ölkələrimizin maraqları baxımından bir-birinə dəstək verirlər.

Laszlo Kover Macarıstanın müşahidəçi statusuna sahib olduğu TÜRKPA çərçivəsində türk dünyası ilə artan əməkdaşlıq ölkələrimizin mövqelərinin daha da möhkəmlənməsinə xidmət edəcəyinə inamını ifadə edib. Macarıstan Parlamentinin sədri çətin anlarda, o cümlədən pandemiya dövründə macar xalqına verdiyi dəstəyə görə Azərbaycana təşəkkürünü bildirib. "Bu dostcasına hərəkət bizim üçün çox dəyərlidir", - deyən L.Kover iki xalq arasında əlaqələrini yüksək qiymətləndirdiyini diqqətə çatdırıb.

Görüşdə çıxış edən Milli Məclisin Sədri Sahibə Qafarova göstərilən qonaqpərvərliyə və bu ölkəyə rəsmi səfərə dəvətinə görə həmkarına minnətdarlığını ifadə edib. Macarıstanın Azərbaycanın müstəqilliyini ilk tanıyan ölkələrdən biri olduğunu qeyd edən Sahibə Qafarova ölkəmizin Macarıstanla hərtərəfli əlaqələrin inkişafında maraqlı olduğunu deyib. Qeyd edib ki, bu gün bu münasibətlər dostluq və strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib. Münasibətlərimizin inkişafında dövlət başçılarımızın qarşılıqlı səfərlərinin, keçirdikləri görüşlərin və imzalanan sənədlərin xüsusi rolu var.

Azərbaycanla Macarıstan arasında ticarət dövriyyəsinə dair göstəricilərə toxunan Milli Məclisin Sədri vurğulayıb ki, ticarət dövriyyəsini artırmaq üçün daha yüksək potensial var. Qeyd edilib ki, hazırda Azərbaycan Cənubi Qafqazın böyük bir iqtisadi mərkəzidir. Ölkəmiz enerji təhlükəsizliyi sahəsində etibarlı tərəfdaşdır, Avropaya enerji təchizatı marşrutlarının şaxələndirilməsinin təmin edilməsində mühüm rol oynayır. Humanitar əlaqələrdən danışan Spiker bu əlaqələrin inkişafındakı xidmətlərinə görə Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın Macarıstanın Ali mükafatı ilə təltif olunduğunu xatırladıb.

Söhbət zamanı Sahibə Qafarova bildirib ki, parlamentlərarası əlaqələrimiz də daim inkişaf edir. Hər iki ölkənin parlamentlərindəki qarşılıqlı dostluq qrupları qanunverici orqanlar arasındakı münasibətlərin daha da dərinləşməsinə töfhə verir. Deputatlarımızın beynəlxalq təşkilatlardakı əməkdaşlığı təqdirəlayiqdir. Milli Məclisin Sədri Macarıstan hökumətinə, Macarıstan parlamentinin rəhbərliyinə və deputatlara 44 günlük Vətən müharibəsi dövrü də daxil olmaqla Azərbaycanın haqlı və ədalətli mövqeyini dəstəklədiyinə görə təşəkkürünü bildirib.

Sədr diqqətə çatdırıb ki, artıq müharibə başa çatıb və Azərbaycan azad edilmiş ərazilərdə genişmiqyaslı bərpa və yenidənqurma işlərinə başlayıb. Tərəflər 10 noyabr 2020-ci il tarixində imzalanmış Üçtərəfli Bəyanatla bütün məsələləri həll etmək barədə razılığa gəlsələr də, Ermənistanın azad edilmiş torpaqlarımızdakı minalanmış ərazilərin tam xəritəsini verməməsi nəticəsində hərbi qulluqçular və mülki şəxslər, o cümlədən, jurnalistlər mina partlayışlarının qurbanı olur. Milli Məclisin Sədri minalanmış ərazilərin təmizlənməsi işində Macarıstanın ANAMA-ya verdiyi dəstəyə görə minnətdarlığını ifadə edib və beynəlxalq ictimaiyyətin Ermənistanı minalanmış ərazilərin  tam xəritəsini verməyə məcbur etməsinin vacibliyindən danışıb.

Sonra görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər barəsində fikir mübadiləsi aparılıb.

Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi



Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU