AZƏRBAYCANLA RUSİYANIN PARLAMENTLƏRARASI ƏLAQƏLƏRİNİN PERSPEKTİVLƏRİ GENİŞDİR

Tədbirlər
02 noyabr 2012 | 05:11   
Paylaşın:        

Noyabrın 2-də Milli Məclisdə Rusiya Federasiyasının Federal Məclisi ilə əməkdaşlıq üzrə parlamentlərarası komissiyanın onuncu iclası keçirildi.
İclası həmin komissiyanın Azərbaycan tərəfdən həmsədri, Milli Məclis Sədrinin müavini Valeh Ələsgərov açdı. Qeyd etdi ki, ölkələrimiz arasında yüksək səviyyəli dostluq və əməkdaşlıq əlaqələri var. Keçirilən müştərək tədbirlər bəhrəsini verir, münasibətlərimiz daim inkişaf edir. Həmsədr əminliklə dedi ki, bugünkü iclasda aparılacaq müzakirələr əməkdaşlığımızın dərinləşməsinə yeni təkan verəcək. Siyasi, iqtisadi, ticarət, humanitar, mədəni və digər sahələrdə əlaqələrimizin daha da genişlənməsinə xidmət edəcək.
Valeh Ələsgərov Azərbaycanın Milli Məclisi ilə Rusiya Federasiyasının Federal Məclisinin əməkdaşlıq üzrə parlamentlərarası komissiyasının onuncu iclasına uğurlar arzuladı, müzakirələrin məhsuldar keçəcəyinə, qarşıya qoyulmuş məqsədlərə çatmaq üçün qarşılıqlı etimad şəraitində fikir mübadiləsi aparılacağına, nəticənin səmərəli olacağına ümidvar olduğunu bildirdi.
Sonra parlamentlərarası komissiyanın Rusiya tərəfdən həmsədri, Rusiya Federal Məclisinin Federasiya Şurası sədrinin müavini Svetlana Orlova Bakıya növbəti gəlişlərindən məmnunluq ifadə etdi. O dedi ki, bu gün ölkələrimiz arasında siyasi, iqtisadi, humanitar, mədəni və digər sahələrdə əlaqələr inkişaf edir, münasibətlərimiz bütün sahələrdə genişlənir və möhkəmlənir. Ticarət dövriyyəmiz ilbəil artır. Ən başlıcası isə budur ki, Rusiya-Azərbaycan münasibətləri strateji əməkdaşlıq xarakteri daşıyır.  
Bakıda keçirilən Beynəlxalq Humanitar Forumun əhəmiyyətindən danışan Svetlana Orlova qeyd etdi ki, belə mötəbər məclislərdə aparılan müzakirələr, əldə olunan razılaşmalar bizi daha da yaxınlaşdırır.
Rusiyalı həmsədr Azərbaycan Prezidenti İlham Əliyevlə görüşdən məmnun qaldıqlarını bildirdi və həmin görüşdə toxunulan məsələlər barədə danışdı. Vurğuladı ki, söhbət zamanı əməkdaşlığımızın bütün sahələrdə inkişafının vacibliyi qeyd olunub. İqtisadiyyat, maşınqayırma, ticarət, kənd təsərrüfatı, innovasiya sahələrində əlaqələrin  dərinləşdirilməsi üçün geniş imkanlar olduğu bildirilib.
Rusiya Federal Məclisinin Federasiya Şurası sədrinin müavini onu da qeyd etdi ki, əlaqələrimizin genişlənməsində parlamentlərin rolu böyükdür. MDB PA-da sıx əməkdaşlıq edən deputatlarımız beynəlxalq təşkilatlarda, o cümlədən AŞPA-da da səmərəli əməkdaşlıq edirlər. Hər iki tərəf bəzən Avropa Şurasında ikili standartlarla üzləşir. Biz bu cür yanaşmaların əleyhinəyik. Svetlana Orlova parlamentlərarası komissiyanın onuncu iclasında səmərəli müzakirələr aparılacağına və faydalı qərarlar qəbul ediləcəyinə inamını vurğuladı.
Sonra iclas öz işini davam etdirdi.
***
Tədbir çərçivəsində mətbuat konfransı keçirildi. Azərbaycanın Milli Məclisi ilə Rusiya Federal Məclisinin əməkdaşlıq üzrə parlamentlərarası komissiyasının həmsədrləri Valeh Ələsgərov və Svetlana Orlova onuncu iclasdakı müzakirələr barədə jurnalistlərə ətraflı məlumat verdilər, KİV nümayəndələrini maraqlandıran suallara aydınlıq gətirdilər.

 

Milli Məclisin
Mətbuat xidməti


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU