Milli Məclisin iclasında

Plenar iclaslar
02 iyul 2021 | 19:01   
Paylaşın:        

İyulun 2-də Milli Məclisin növbədənkənar sessiya çərçivəsində daha bir iclası keçirilib.

İclasa başlamazdan əvvəl, Milli Məclisin Sədri Sahibə Qafarova Azərbaycan parlament nümayəndə heyətinin Macarıstana rəsmi səfəri barədə məlumat verib.

Bildirib ki, səfər iyunun 28-də başlayıb və 30-da başa çatıb. Diqqətə çatdırıb ki, Macarıstan Avropa İttifaqının, NATO-nun və digər Avropa təşkilatlarının üzvüdür. Bu ölkə tarixi köklərinə əsaslanaraq, öz xarici  siyasətində türkdilli dövlətlərlə münasibətləri inkişaf etdirməyə, türk dünyasına inteqrasiyaya xüsusi əhəmiyyət verir.

Macarıstan Türk Şurasında, Türkdilli Ölkələrin Parlament Assambleyasında, türkdilli dövlətlərin digər inteqrasiya qurumlarında müşahidəçi kimi iştirak edir.

Sədr qeyd edib ki, Azərbaycanla Macarıstan arasında münasibətlər strateji tərəfdaşlıq xarakteri daşıyır.  Ölkələrimiz arasında əməkdaşlıq dinamik inkişaf edir və bu əməkdaşlığın dərinləşdirilməsinə  hər iki tərəfdən böyük diqqət göstərilir.

Azərbaycan parlament nümayəndə heyətinin rəsmi səfəri də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Macarıstanla münasibətlərin inkişafına verdiyi əhəmiyyətin ifadəsi idi.

Spiker bildirib ki, səfərin birinci günü, yəni iyunun 28-də  nümayəndə heyətimiz Azərbaycanın Budapeştdəki Səfirliyində olub. Burada Ulu öndər Heydər Əliyevin xatirəsi anılıb, büstü önünə gül dəstələri qoyulub. Nümayəndə heyətimiz Azərbaycanın Macarıstandakı fövqəladə və səlahiyyətli səfiri Vilayət Quliyevlə görüş keçirib və fikir mübadiləsi aparıb.

İyunun 29-da nümayəndə heyətimiz Türk Şurasının Budapeşt nümayəndəliyinin ofisində “2021-ci il – Nizami Gəncəvi ili”nə həsr  olunmuş tədbirdə iştirak edib.

Türk Şurasının Budapeşt ofisinin rəhbəri cənab Yanoş Hovari, Macarıstan Xarici İşlər Nazirliyinin dövlət katibinin müavini cənab Andraş Baranye öz çıxışlarında Azərbaycanın Macarıstan üçün qardaş və strateji tərəfdaş dövlət olduğunu vurğulayıblar.

Onlar Türk Şurası çərçivəsində əməkdaşlığın iki ölkə arasında ikitərəfli münasibətlərin inkişafına töhfə verdiyini qeyd ediblər.

Milli Məclisin Sədri bu tədbirdə etdiyi çıxışda bildirib ki, Türk Şurasının üzvü olan bütün dövlətlərin nümayəndələrinin Budapeştə, Türk Şurasının nümayəndəliyinə təşrif gətirməsi xalqlarımız arasında sıx əlaqələrin daha bir təzahürüdür. 

Qeyd edib ki, bu gün Türk Şurası öz strateji baxışını yaratmaq üzərində işləyir. “Türk Dünyasının baxışı – 2040” yol xəritəsindən istifadə edərək biz bütün sahələrdə əməkdaşlığı daha da dərinləşdirə bilər və türk dünyası üçün daha yaxşı gələcək qura bilərik.

Spiker xatırladıb ki, Türk Şurasının qarşıya qoyduğu vacib vəzifələrdən biri də beynəlxalq terrorizmə, separatizmə, ekstremizmə və transsərhəd cinayətlərə qarşı mübarizədə fəaliyyətin əlaqələndirilməsidir. Sədr Azərbaycan torpaqlarının Ermənistan tərəfindən 30 illik işğalına son qoymaq uğrunda aparılan Vətən müharibəsində haqlı və ədalətli mövqeyimizə dəstək verdiklərinə görə Türk Şurasının üzvü olan dövlətlərin hökumətlərinə və xalqlarına öz adından və Milli Məclis adından səmimi təşəkkürünü ifadə edib.

Sahibə Qafarova bildirib ki, iyunun 29-da Macarıstanın Baş naziri cənab Viktor Orbanla görüşüb.  

Baş nazir ilk öncə Azərbaycan xalqını 44 günlük müharibədə qələbə çalması və torpaqlarını azad etməsi münasibətilə təbrik edib. Bildirib ki, Azərbaycandan gələn nümayəndə heyətləri hər zaman Macarıstan xalqı və dövləti üçün xüsusi qonaqlardır. Macarıstan dost ölkə olan Azərbaycanla münasibətlərin inkişafına böyük önəm verir. Bu gün ölkələrimiz arasında siyasi, iqtisadi, mədəni, humanitar sahələrdə əməkdaşlıq yüksələn xətlə inkişaf edir.

Milli Məclisin Sədri iki xalqın ortaq tarixi köklərə malik olduğunu bildirərək qeyd edib ki,  Azərbaycan onun müstəqilliyini ilk tanıyan dövlətlərdən biri olan Macarıstanla hərtərəfli əməkdaşlığın inkişafına böyük əhəmiyyət verir.

 O, Azərbaycan torpaqlarının işğalına son qoymaq üçün aparılan 44 günlük Vətən müharibəsi dövründə ədalətli mövqe nümayiş etdirdiyinə görə Macarıstan dövlətinə və xalqına minnətdarlığımızı bildirib. Azad edilmiş ərazilərin minalardan təmizlənməsi işində Macarıstan tərəfindən verilən dəstəyə görə təşəkkür edib və bunu Macarıstanın dost münasibəti kimi dəyərləndirib.

Elə həmin gün Azərbaycanla parlamentlərarası dostluq qrupunun üzvləri ilə görüş olub. 

İki ölkənin parlamentləri arasında əməkdaşlıq barəsində hər iki dostluq qruplarının üzvləri faydalı fikir mübadiləsi aparıblar. Qeyd olunub ki, parlamentlər arasında münasibətlər dövlətlərarası əlaqələrimizin daha da möhkəmlənməsində mühüm rol oynayır. Bu sahədə parlamentlərarası dostluq qrupları xüsusi əhəmiyyətə malikdir. Hər iki ölkənin  deputatlarının beynəlxalq təşkilatlarda yaxın əməkdaşlığından, bir-birini dəstəkləməsindən məmnunluq ifadə edilib.

İyunun 30-da nümayəndə heyətimiz  Əlil uşaqlar üçün Laszlo Batyani İnstitutunun Reabilitasiya Mərkəzini ziyarət edib. Mərkəzin böyük bir korpusu Heydər Əliyev Fondunun dəstəyi ilə inşa olunub.

Mərkəzin kollektivi ilə söhbət zamanı Milli Məclisin Sədri bildirib ki, Heydər Əliyev Fondunun bu dəstəyi iki dost xalq arasında münasibətlərin yüksək səviyyəsini nümayiş etdirir. Müasir Azərbaycan dövlətinin qurucusu və banisi, xalqımızın Ümummilli lideri Heydər Əliyevin adını daşıyan və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Fond hər zaman xeyirxah və humanist təşəbbüsləri ilə məlumdur, nəinki Azərbaycanda, həm də ölkə hüdudlarından kənarda bir çox mühüm layihələr həyata keçirir və Fondun çoxşaxəli və xoşməramlı fəaliyyəti həmişə yüksək qiymətləndirilir.

Mərkəzə Milli Məclis adından xatirə hədiyyəsi təqdim edilib. 

Elə həmin gün nümayəndə heyətimiz Macarıstan Diplomatik Akademiyasında olub. Əvvəlcə Milli Məclisin Sədri Sahibə Qafarovanın Macarıstanın Dövlət katibi – Macarıstan Diplomatik Akademiyasının prezidenti xanım Orsolya Pacsay Tomassiç ilə görüşü olub. Sonra isə Sədr Akademiyada mühazirə ilə çıxış edib. Tədbir iştirakçılarına Azərbaycanın keçdiyi inkişaf yolu barədə məlumat verib, minillik tarixə malik dövlətçilik ənənələrimizdən danışıb.

Spiker qeyd edib ki, ortaq tarixi köklərə və oxşar tarixi taleyə malik olan xalqlarımız arasında ikitərəfli münasibətlər yüksək səviyyədədir. Dövlət başçılarının qarşılıqlı səfərləri, görüşləri və indiyədək imzalanmış sənədlər əməkdaşlığımızın gələcək inkişafı üçün möhkəm zəmin yaradıb. 

Sədr parlamentlərarası əməkdaşlıq məsələləri haqqında da fikirlərini bölüşüb.

İyunun 30-da Milli Məclisin Sədri və nümayəndə heyətimiz Macarıstan Milli Assambleyasının Sədri cənab Laszlo Kover ilə görüşüblər.

Söhbət zamanı ölkələrin qarşılaşdıqları problemlərin həllində  parlament diplomatiyasının əhəmiyyətindən danışılıb. Qeyd edilib ki, deputatlarımız beynəlxalq parlament təşkilatlarında uğurla əməkdaşlıq edir, ölkələrimizin maraqlarının müdafiəsində bir-birinə dəstək verirlər. Macarıstan və Azərbaycan parlamentlərində fəaliyyət göstərən dostluq qruplarının ikitərəfli əlaqələrin inkişafında mühüm rol oynadıqları da vurğulanıb. 

Sahibə Qafarova Milli Məclisdəki çıxışında xüsusilə qeyd edib ki, Macarıstanda keçirdikləri hər bir görüşdə – həm Baş nazir cənab Viktor Orbanla, Milli Assambleyanın Sədri cənab Laszlo Koverlə, Azərbaycanla parlamentlərarası dostluq qrupunun üzvləri ilə görüşlərdə, həm də Türk Şurasının Budapeşt nümayəndəliyinin ofisində, Macarıstan Diplomatik Akademiyasında etdiyi çıxışlarda belə bir fikir ana xətt kimi keçmişdir ki, Ermənistan Azərbaycan ərazilərini 30 il ərzində işğal altında saxlamışdır. Bu isə Qafqazda regional inkişafa və inteqrasiyaya böyük maneə törədib. Təəssüf ki, BMT Təhlükəsizlik Şurasının Ermənistan qoşunlarının işğal olunmuş ərazilərdən dərhal, tam və qeyd-şərtsiz çıxarılmasını tələb edən 4 qətnaməsi kağız üzərində qalmışdı.

Nəhayət, ötən il Azərbaycan özü hərbi-siyasi imkanları hesabına bu qərarların icrasını təmin etdi və ərazi bütövlüyünü bərpa etdi.

Artıq azad edilmiş ərazilərdə geniş miqyaslı bərpa və yenidənqurma işlərinə başlanıb. Təəssüf ki,  Ermənistan azad edilmiş torpaqlarımızda minalanmış ərazilərin xəritələrini verməkdən imtina edir. Nəticədə Azərbaycan vətəndaşı olan hərbi qulluqçular və mülki şəxslər minaya düşərək həlak olur və ya yaralanırlar. Milli Məclisin Sədri bir daha beynəlxalq ictimaiyyəti Ermənistanı minalanmış ərazilərin xəritələrini verməyə məcbur etməyə çağırıb.

Sədr bildirib ki, Ermənistan müxtəlif təxribatlara əl atır,  münaqişə başa çatdıqdan sonra Qarabağda saxlanılmış terrorçuları “hərbi əsirlər” kimi təqdim etməyə çalışır.  

Hazırda Azərbaycan suveren hüququndan istifadə edərək, Ermənistanla sərhədlərin delimitasiyasını həyata keçirir.  Lakin Ermənistan bu məsələdə də qeyri-konstruktiv mövqe nümayiş etdirərək saxta məlumatlar yaymaqla dünya ictimaiyyətini aldatmağa çalışır. Bununla əlaqədar Spiker bildirib ki, Azərbaycan heç bir maneəyə baxmayaraq, 2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanatın bütün bəndlərinin tam icrasını təmin edəcəkdir.

Sonra iclasın gündəliyi təsdiq edilib və cari məsələlərin müzakirəsinə başlanılıb.

Milli Məclis Sədrinin birinci müavini, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli öz çıxışında Macarıstana səfərdə dostluq qrupunun rəhbəri kimi iştirak etdiyini qeyd edərək söyləyib ki, bu səfər iki ölkə arasında mövcud olan münasibətlərin daha da inkişaf etdirilməsinə xidmət edir.

Birinci vitse-spiker bildirib ki, Vətən müharibəsi bitdikdən sonra Azərbaycanda güc strukturlarının, hərbi strukturların peşə bayramları xüsusi şəraitdə qeyd olunur. Torpaqlarımız işğaldan azad olunub və bu prosesdə hərbçilər, güc strukturları yaxından iştirak ediblər. Bu gün Azərbaycan polisinin peşə bayramıdır. Azərbaycan polisi birinci Qarabağ müharibəsində olduğu kimi, Vətən müharibəsində də peşəkarcasına, cəsarətlə iştirak edib, onlarla, yüzlərlə şəhid verərək, qazi olaraq Azərbaycan dövlətçiliyinə sədaqətlə xidmət edib.

Qeyd edilib ki, ötən əsrin 90-cı illərinin əvvəllərində də Azərbaycan polisi birinci Qarabağ müharibəsində fədakarlıq göstərib və Vətəni müdafiə edib. Növbəti mərhələdə, 1993-cü ildə Ulu öndər hakimiyyətə qayıtdıqdan sonra ölkədə ictimai-siyasi sabitliyin bərpa olunmasında Azərbaycan polisinin müstəsna rolu olub. 1994-1995-ci illərdə dövlət çevrilişinə cəhdin qarşısı uğurla alınıb. Daha sonda isə mütəşəkkil cinayətkarlığa qarşı effektiv mübarizə həyata keçirilib və Azərbaycanda tam ictimai-siyasi sabitlik bərpa olunub.

Əli Hüseynli parlament rəhbərliyi və deputatlar adından Azərbaycan daxili işlər orqanlarının əməkdaşlarını peşə bayramları münasibəti ilə təbrik edərək bildirib ki, artıq torpaqlarımız işğaldan azad olunub. Bu dövr ərzində hərbi vəziyyətdə biz bir daha Azərbaycan polisinin peşəkar fəaliyyətinin şahidi olduq. Birinci vitse-spiker əminliklə vurğulayıb ki, Azərbaycan polisi bundan sonra da ölkə Prezidentinin siyasətinə, xalqımıza və dövlətimizə uğurla xidmət edəcək.

Milli Məclisin Sədri Sahibə Qafarova diqqətə çatdırıb ki, bütün deputat korpusu bu təbriklərə qoşulur.

Sonra çıxış edən komitə sədrləri Musa Quliyev, Zahid Oruc, deputatlardan Sahib Alıyev, Azər Badamov, Razi Nurullayev, Məlahət İbrahimqızı, Elşən Musayev, Eldəniz Səlimov, Bəhruz Məhərrəmov, Ramin Məmmədov da polis işçilərinin peşə bayramlarını təbrik ediblər. Millət vəkilləri, eyni zamanda, gündəmdə olan bir sıra aktual mövzularla bağlı öz fikirlərini bölüşüblər, seçiciləri narahat edən bəzi problemlərdən bəhs ediblər.

İclasın davamında parlamentin Spikeri deputatların diqqətinə çatdırıb ki, gündəlikdə 10 məsələ var. Qeyd edib ki, ilk 4 məsələ üçüncü oxunuşda olan qanun layihələridir. Birinci və ikinci məsələlər cənab Prezidentin bir məktubu ilə Milli Məclisə daxil olub və mahiyyətcə bir-birinə yaxındır. Bildirilib ki, gündəliyin birinci məsələsi “Əmək pensiyaları haqqında” qanunda dəyişiklik edilməsi, ikinci məsələsi isə “Əlilliyi olan şəxslərin hüquqları haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihələridir.

Hər iki məsələ barədə məlumat verən parlamentin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev qeyd edib ki, hər iki qanuna edilən dəyişikliklər vətəndaşlarımızın sosial müdafiəsinin gücləndirilməsinə xidmət edir. Layihəyə əsasən, əgər şəxsə əlillik müddəti bitəndən sonra 6 aya qədər dövr ərzində yenidən əlillik təyin edilibsə, yeni əlillik təyinatı onun əvvəlki əlillik müddətinin bitdiyi tarixdən rəsmiləşəcək.

Deputat Qüdrət Həsənquliyev fikirlərini söylədikdən sonra hər iki qanun layihəsi ayrı-ayrılıqda səsə qoyularaq üçüncü oxunuşda qəbul edilib.

Sonra Spiker Sahibə Qafarova bildirib ki, gündəliyin üçüncü və dördüncü məsələləri də cənab Prezident tərəfindən bir zərfdə daxil olub və mahiyyətcə bir-birinə yaxındır.

Əvvəlcə, Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev “Əmək pensiyaları haqqında” qanunda dəyişikliklə bağlı məlumat verib. Bildirilib ki, sənəd vətəndaşların sosial müdafiəsini gücləndirmək məqsədilə hazırlanıb. Dəyişikliklərin mahiyyəti ondan ibarətdir ki,  dövlət orqanı əsasında publik hüquqi şəxs yarandığı zaman dövlət qulluğuna xitam verilən işçilərin pensiya yaşına iki il qalıbsa və onların 13 il stajı varsa, onların pensiyaları dövlət qulluqçusu kimi hesablanacaq. Yəni onlara iki il güzəşt tətbiq olunur. Komitə sədri qanun layihəsinin ikinci oxunuşu zamanı söylənilən fikirlərə, verilən təkliflərə də münasibət bildirib.

Qanun layihəsi üçüncü oxunuşda qəbul olunub.

Sonra Milli Məclis Sədrinin birinci müavini, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli “Dövlət qulluğu haqqında” qanunda nəzərdə tutulan dəyişikliklər barədə danışıb. Bildirilib ki, dəyişikliklər uyğunlaşdırma xarakteri daşıyır. Belə ki, “Əmək pensiyaları haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsində göstərilən müddəalar faktiki olaraq “Dövlət qulluğu haqqında” qanunda da öz əksini tapmalıdır.

Qanun layihəsi üçüncü oxunuşda qəbul olunub.

İclasda Spiker Sahibə Qafarova diqqətə çatdırıb ki, digər 6 məsələ ikinci oxunuşda olan qanun layihələridir. Növbəti iki məsələ cənab Prezidentin bir məktubu ilə daxil olub və mahiyyətcə bir-birinə yaxındırlar.

Milli Məclis Sədrinin birinci müavini, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli Əmək Məcəlləsində, Mülki Prosessual Məcəllədə, Ailə Məcəlləsində, Mülki Məcəllədə, Vergi Məcəlləsində, Cinayət-Prosessual Məcəlləsində, İnzibati Xətalar Məcəlləsində, İnzibati Prosessual Məcəlləsində, “Sosial sığorta haqqında”, “Tibbi sığorta haqqında”, “Dövlət rüsumu haqqında”, “Məhkəmə-Hüquq Şurası haqqında” və “İnzibati icraat haqqında” qanunlarda dəyişiklik edilməsi və “Mediasiya haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihələrinə dair  məlumat verib.

Bildirilib ki, “Mediasiya haqqında” qanunun tətbiqi ilə bağlı bir sıra məcəllələrə və qanunlara əlavə və dəyişikliklər təklif olunur. Eyni zamanda, o da qeyd edilib ki, “Mediasiya haqqında” qanun dünəndən qüvvəyə minib. Təqdim olunan qanun layihələrinin qüvvəyə minmə tarixi də 1 iyul nəzərdə tutulub. Lakin bu qanun layihələri faktiki olaraq ikinci oxunuşdadır. Bu səbəbdən həmin müddəa çıxarılıb və cənab Prezidentin imzaladığı  tarixdən qüvvəyə minəcək. Layihələrdə bəzi texniki düzəlişlər də edilib. Qeyd olunub ki, təqdim olunan layihələr  Mediasiya institutunun inkişafına xidmət edəcək.

Deputatlar Qüdrət Həsənquliyev, Etibar Əliyev, Sədaqət Vəliyeva, Sahib Alıyev qanun layihələri barədə fikirlərini açıqlayıblar.

Əli Hüseynli səsləndirilən  fikirlərə münasibət bildirdikdən sonra hər iki qanun layihəsi ayrı-ayrılıqda səsə qoyularaq ikinci oxunuşda qəbul edilib.

Sonra iclasda “Dövlət qulluğu haqqında”, “Prokurorluq orqanlarında qulluq keçmə haqqında”, “Diplomatik xidmət haqqında”, “Ədliyyə orqanlarında qulluq keçmə haqqında”, “Fövqəladə hallar orqanlarında xidmətkeçmə haqqında” qanunlarda və Azərbaycan Respublikasının 1999-cu il 7 dekabr tarixli 768-IQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Gömrük orqanlarında xidmət haqqında Əsasnamə”də, 2001-ci il 12 iyun tarixli 141-IIQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə”də, 2001-ci il 29 iyun tarixli 168-IIQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə”də və 2009-cu il 4 dekabr tarixli 930-IIIQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Miqrasiya orqanlarında qulluq keçmə haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə qanun layihəsinə baxılıb. Sənədlə əlaqədar parlament Sədrinin birinci müavini, komitə sədri Əli Hüseynli məlumat verib. Bildirib ki, dəyişiklik xüsusi dövlət orqanından dövlət qulluğuna, dövlət qulluğundan xüsusi dövlət qulluğuna keçən zaman sınaq müddətinin və stajın yenidən tətbiq olunmamasını özündə ehtiva edir.

Deputatlar Fazil Mustafa, Elnur Allahverdiyev sənədə dair öz münasibətlərini bildirdikdən sonra qanun layihəsi ikinci oxunuşda qəbul edilib.

Sonra Milli Məclisin Sədri Sahibə Qafarova deyib ki, gündəliyin növbəti üç  məsələsi – Mülki Prosessual Məcəllədə, “Dövlət rüsumu haqqında” qanunda və İnzibati Prosessual Məcəllədə dəyişiklik edilməsi haqqında qanun layihələridir. Qeyd edilib ki, ötən iclasda bu məsələlər gündəliyin son 4 məsələsi kimi nəzərdə tutulmuşdu. İnzibati Prosessual Məcəllədə dəyişiklik edilməsi barədə iki qanun layihəsi var idi. Həmin layihələri birləşdirərək bir sənəd kimi təqdim etmək qərara alınıb.

Spiker diqqətə çatdırıb ki, ötən iclasda Mülki Prosessual Məcəllədə dəyişiklik edilməsi barədə qanun layihəsinə müəyyən rəylər bildirilib. Bunları nəzərə alaraq, dünən Hüquq siyasəti və dövlət quruculuğu, İqtisadi siyasət, sənaye və sahibkarlıq komitələrinin birgə iclasında həmin layihənin ictimai müzakirəsi keçirilib. İclasa Ali Məhkəmənin, Ədliyyə Nazirliyinin, Vəkillər Kollegiyasının nümayəndələri də dəvət edilib. Suallara aydınlıq gətirilib, təkliflər dinlənilib. Müzakirə nəticəsində qanun layihəsini Milli Məclisin iclasına təqdim etmək qərara alınıb.

Məsələ ilə bağlı çıxış edən birinci vitse-spiker, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli bildirib ki, dünən ictimai müzakirə formatında komitələrin çox effektiv iclası keçirilib. Fikir mübadiləsi zamanı deputatlar maraqlı təkliflər veriblər. Nəticə etibarilə biz hüquq ictimaiyyətini, daha çox vəkilləri narahat edən məsələlərlə bağlı qanunvericilik təşəbbüsü subyekti ilə razılıq əldə etdik.

Bildirilib ki, ən vacib məqamlardan biri 174-cü maddə ilə bağlı idi. Verilən təkliflər də nəzərə alınaraq 174.5-ci maddə yeni formada veriləcək.

Əli Hüseynli bildirib ki, ikinci məsələ rüsumlarla bağlıdır. Diqqətə çatdırılıb ki, məhkəmə-hüquq islahatları çərçivəsində pulsuz hüquqi yardımla bağlı qanunun təqdim olunması nəzərdə tutulub.

Hakimlərin sayının artırılması məsələsinə toxunan komitə sədri bildirib ki, cari ilin fevral ayında cənab Prezidentin müvafiq fərmanının tətbiqi ilə bağlı 44 yeni hakim təyin olunub, hazırda 44 hakim tədris mərhələsinə keçib, 152 hakimliyə namizəd ikinci mərhələdədir, 100 nəfər isə yenidən hakim olmaq üçün müraciət edib. Qeyd olunub ki,  hakimlərin seçilməsi prosesi davamlı surətdə gedir. Ümumiyyətlə, hakimlərin sayının artırılması ilə bağlı Prezidentin fərmanının tətbiqi sahəsində son iki ildə çox ciddi işlər aparılıb. Əli Hüseynli qanun layihəsinin ölkədə həyata keçirilən məhkəmə-hüquq islahatlarına töhfə verəcəyini söyləyib.

Sonra İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili “Dövlət rüsumu haqqında” qanunda dəyişiklik edilməsi barədə sənədi təqdim edib. Qeyd edilib ki, əsas məqamlardan biri rüsum dəyişmə sisteminin əhalinin sosial qayğıya ehtiyacı olan təbəqəsinə təsirilə bağlıdır. Bildirilib ki, qanun layihəsində aztəminatlı təbəqənin qorunması ehtiva olunub.

Sonra Milli Məclisin Sədri Sahibə Qafarova qeyd edib ki, deputatlar həmişə mediaya açıq olmalıdır. Biz nə qədər mediaya açıq olsaq, bir o qədər cəmiyyətdə yaranan suallar öz cavabını tapacaq.

Müzakirələr zamanı komitə sədrləri Zahid Oruc, Siyavuş Novruzov, Ziyafət Əsgərov, deputatlar Fazil Mustafa, Fəzail Ağamalı, Razi Nurullayev, Elşən Musayev, Etibar Əliyev, Aydın Hüseynov dəyişikliklər barədə öz fikirlərini söyləyiblər.

Sonra hər üç qanun layihəsi ayrı-ayrılıqda səsə qoyularaq ikinci oxunuşda qəbul edilib.

Bununla Milli Məclisin növbəti plenar iclası başa çatıb.

Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi



Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU