MİLLİ MƏCLİSİN NÖVBƏDƏNKƏNAR SESSİYASI BAŞA ÇATIB
İyulun 9-da parlamentin növbədənkənar sessiyasının son plenar iclası keçirilib. İclası Milli Məclis Sədrinin birinci müavini Əli Hüseynli aparırdı.
Cari məsələlərin müzakirəsi zamanı deputatlar Nigar Arpadarai, Rəşad Mahmudov, Razi Nurullayev, Mahir Abbaszadə, Qüdrət Həsənquliyev, Sahib Alıyev, Ramil Həsən, Cavid Osmanov, Müşfiq Cəfərov və Bəhruz Məhərrəmov pandemiya ilə mübarizə, Qarabağ, Zəngəzur iqtisadi rayonlarının yaradılması və seçiciləri düşündürən məsələlərlə bağlı fikirlərini bildiriblər.
Sonra Milli Məclis Sədrinin birinci müavini Əli Hüseynli diqqətə çatdırıb ki, gündəliyin ilk 7 məsələsi üçüncü oxunuşda olan qanun layihələridir.
Əvvəlcə Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” qanun layihəsi (üçüncü oxunuş) üzərində ikinci oxunuşdan sonra aparılmış işlər barədə məlumat verib. Bildirib ki, layihə ilə bağlı bütün məsələlərə aydınlıq gətirilib.
Sonra məsələ səsə qoyulub və 8 fəsil, 23 maddədən ibarət olan “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” qanun layihəsi üçüncü oxunuşda qəbul edilib.
Sonra Birinci vitse-spiker, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli növbəti məsələlər - Əmək Məcəlləsində, Mülki Prosessual Məcəllədə, Ailə Məcəlləsində, Mülki Məcəllədə, Vergi Məcəlləsində, Cinayət-Prosessual Məcəlləsində, İnzibati Xətalar Məcəlləsində, İnzibati Prosessual Məcəlləsində, “Sosial sığorta haqqında”, “Tibbi sığorta haqqında”, “Dövlət rüsumu haqqında”, “Məhkəmə-Hüquq Şurası haqqında” və “İnzibati icraat haqqında” qanunlarda dəyişiklik edilməsi və “Mediasiya haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihələrinin üçüncü oxunuşu barədə məlumat verib.
Bildirilib ki, dəyişikliklər “Mediasiya haqqında” Qanunun tətbiqi ilə bağlıdır. “Mediasiya haqqında” Qanun qüvvədədir və onun “Məcburi mediasiya” hissəsi iyul ayının 1-dən qüvvəyə minib. Qəbul ediləcək dəyişikliklər isə o məsələnin prosessual əsaslarını yaradır.
Hər iki qanun layihəsi ayrı-ayrılıqda səsə qoyularaq üçüncü oxunuşda qəbul olunub.
Sonra iclasda “Dövlət qulluğu haqqında”, “Prokurorluq orqanlarında qulluq keçmə haqqında”, “Diplomatik xidmət haqqında”, “Ədliyyə orqanlarında qulluq keçmə haqqında”, “Fövqəladə hallar orqanlarında xidmətkeçmə haqqında” qanunlarda və Azərbaycan Respublikasının 1999-cu il 7 dekabr tarixli 768-IQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Gömrük orqanlarında xidmət haqqında Əsasnamə”də, 2001-ci il 12 iyun tarixli 141-IIQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə”də, 2001-ci il 29 iyun tarixli 168-IIQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə”də və 2009-cu il 4 dekabr tarixli 930-IIIQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Miqrasiya orqanlarında qulluq keçmə haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə qanun layihəsinə üçüncü oxunuşda baxılıb. Sənədlə əlaqədar parlament Sədrinin birinci müavini, komitə sədri Əli Hüseynli məlumat verib. Bildirib ki, dəyişiklik xüsusi dövlət orqanından dövlət qulluğuna, dövlət qulluğundan xüsusi dövlət qulluğuna keçən zaman sınaq müddətinin və stajın yenidən tətbiq olunmamasını özündə ehtiva edir.
Qanun layihəsi üçüncü oxunuşda qəbul edilib.
Sonra Birinci vitse-spiker deyib ki, gündəliyin növbəti üç məsələsi – Mülki Prosessual Məcəllədə, “Dövlət rüsumu haqqında” qanunda və İnzibati Prosessual Məcəllədə dəyişiklik edilməsi haqqında qanun layihələridir. Bu layihələr cənab Prezidentin məhkəmə-hüquq islahatları çərçivəsində imzaladığı Fərmanın icrası ilə bağlı təqdim olunub. Qeyd edilib ki, əvvəlcə bu, gündəliyin 4 məsələsi kimi nəzərdə tutulmuşdu. İnzibati Prosessual Məcəllədə dəyişiklik edilməsi barədə iki qanun layihəsi var idi. Həmin iki layihəni birləşdirərək bir sənəd kimi təqdim etmək qərara alınıb.
Əli Hüseynli bildirib ki, qanun layihəsi ictimai müzakirə formatında komitələrin birgə iclasında geniş müzakirə olunub, hüquq ictimaiyyətini, daha çox vəkilləri narahat edən məsələlərə aydınlıq gətirilib.
Hər üç qanun layihəsi ayrı-ayrılıqda səsə qoyularaq üçüncü oxunuşda qəbul olunub.
Sonra Milli Məclisin Sədrinin birinci müavini Əli Hüseynli diqqətə çatdırıb ki, növbəti məsələ hökumətlərarası müqavilə ilə bağlı olduğuna görə bir oxunuşda müzakirə olunacaq.
"Azərbaycan Respublikasının Müdafiə Nazirliyi ilə Belarus Respublikasının Müdafiə Nazirliyi arasında ikitərəfli əməkdaşlığın həyata keçirilməsi zamanı məxfi informasiyanın qarşılıqlı ötürülməsinə dair" Müqavilənin təsdiq edilməsi haqqında qanun layihəsi barədə Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov məlumat verib. Bildirib ki, 13 maddədən ibarət sənəddə tərəflərin məxfi məlumatlar üzrə öhdəlikləri öz əksini tapıb.
Sənəd barədə komitə sədrləri Siyavuş Novruzovun, Zahid Orucun, deputatlardan Qüdrət Həsənquliyevin və Fəzail Ağamalının fikirləri dinlənildikdən sonra layihə səsə qoyularaq təsdiqlənib.
Sonra Əli Hüseynli bildirib ki, gündəliyin növbəti 4 məsələsi uyğunlaşdırma və dəqiqləşdirmə xarakterlidir və bir oxunuşda qəbul olunacaq. Məlumat verib ki, gündəliyin 9-cu məsələsi Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsidir. Milli Məclisdə “Dənizçinin şəxsiyyət sənədi haqqında” Əsasnamə qanunla təsdiq edilib. Dəyişikliyə görə, bu iki sənəd bir-birilə uyğunlaşdırılır.
Layihə səsə qoyularaq təsdiqlənib.
Gündəliyin növbəti 3 məsələsi barədə Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsi sədrinin müavini Əli Məsimli məlumat verib.
Bildirib ki, Azərbaycan Respublikasının Ticarət Gəmiçiliyi Məcəlləsində və "Dəniz limanları haqqında" Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi Bakı Beynəlxalq Dəniz Limanı Qapalı Səhmdar Cəmiyyətinin Azərbaycan İnvestisiya Holdinqinin idarəetməsinə verilməsi və “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” Qapalı Səhmdar Cəmiyyətinin yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin Sərəncamında dəyişiklik edilməsi barədə 11 fevral 2021-ci il Sərəncamı əsasında hazırlanıb.
"Dövlət rüsumu haqqında" Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi isə dəqiqləşdirmə xarakterlidir.
Əli Məsimli diqqətə çatdırıb ki, "Torpaq bazarı haqqında", "Beynəlxalq xüsusi hüquq haqqında", "Dövlət satınalmaları haqqında", "Xüsusi iqtisadi zonalar haqqında", "Ölçmələrin vəhdətinin təmin edilməsi haqqında" və "Uyğunluğun qiymətləndirilməsi sahəsində akkreditasiya haqqında" qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsi isə torpaq bazarı, beynəlxalq xüsusi hüquq, dövlət satınalmaları, xüsusi iqtisadi zonalar, ölçmələrin vəhdətinin təmin edilməsi və akkreditasiya sahəsində münasibətlərin "Ələt azad iqtisadi zonası haqqında" Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq tənzimlənməsini nəzərdə tutur.
Sonuncu layihə barədə deputatlardan Rəşad Mahmudovun və Etibar Əliyevin fikirləri dinlənildikdən sonra hər üç qanun layihəsi ayrı-ayrılıqda səsə qoyularaq təsdiqlənib.
Sonra Milli Məclis Sədrinin birinci müavini, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli gündəliyin sonuncu məsələsi - Azərbaycan Respublikası Milli Məclisinin İntizam komissiyasının Əsasnaməsi haqqında Qərar layihəsi barədə məlumat verib.
Bildirib ki, Hüquq siyasəti və dövlət quruculuğu komitəsi İntizam komissiyası ilə birlikdə bu sənədin hazırlanması üçün bir müddət layihə üzərində işləyiblər. Bu, qərar layihəsidir və intizam məsələləri ilə bağlı heç bir yeni maddi hüquq normaları yaratmır. Milli Məclisin deputatının intizam məsələləri qanunvericilikdə əksini tapıb. Bu qərar layihəsi isə Milli Məclisin özünün yaratdığı İntizam komissiyasının prosessual əsasları ilə əlaqədardır.
İclasda çıxış edən Milli Məclis Sədrinin müavini Fəzail İbrahimli, komitə sədri Siyavuş Novruzov, deputatlardan Tahir Kərimli, Fəzail Ağamalı və Etibar Əliyev fikirlərini açıqlayıblar. Sənəd barədə danışan Milli Məclisin İntizam komissiyasının sədri Eldar İbrahimov deputatların qaldırdıqları məsələlərə münasibət bildirib və bu Əsasnamənin hazırlanmasına verdiyi dəstəyə görə Milli Məclisin Sədri Sahibə Qafarovaya təşəkkürünü ifadə edib.
Sonra Qərar layihəsi səsə qoyularaq təsdiqlənib.
İclasa yekun vuran Milli Məclis Sədrinin birinci müavini Əli Hüseynli diqqətə çatdırıb ki, bu gün növbədənkənar sessiyanın sonuncu iclasıdır. Növbədənkənar sessiya dövründə parlamentimiz 30-dan artıq qanun və qərar qəbul edib. İnanırıq ki, həm siyasi fəaliyyətimiz, həm də qəbul etdiyimiz qanunlar və qərarlar ölkə Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində qazanılmış Zəfərdən sonra qarşıya qoyulan hədəflərin əldə edilməsinə köməklik göstərəcəkdir.
Əli Hüseynli diqqətə çatdırıb ki, bu dövr ərzində parlamentin beynəlxalq fəaliyyəti də çox səmərəli olub. Birinci vitse-spiker Milli Məclisin rəhbərliyi adından deputatlara təşəkkürünü bildirib və növbədənkənar sessiyanı bağlı elan etdikdən sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Bununla da Milli Məclisin növbədənkənar sessiyası başa çatıb.
Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi