Milli Məclisin sədri Sahibə Qafarova "Qarabağ Ampute Futbol Klubu"nun üzvləri ilə görüşüb
İyulun 17-də Milli Məclisin sədri Sahibə Qafarova Birinci Qarabağ müharibəsi, Aprel döyüşləri və Vətən müharibəsində sağlamlıqlarını itirmiş qazilərdən ibarət "Qarabağ Ampute Futbol Klubu"nun üzvləri ilə görüşüb. Spiker Sahibə Qafarova qaziləri salamlayaraq deyib ki, torpaqlarımızın azadlığı və ölkəmizin ərazi bütövlüyü uğrunda döyüşlərdə sağlamlıqlarını itirmiş qəhrəman insanlarımızla görüşmək qürurvericidir. "Siz döyüş meydanlarında göstərdiyiniz hünəri bu gün idman meydançalarında davam etdirərək doğma Qarabağımızın adını daşıyan futbol komandası kimi beynəlxalq yarışlarda uğurlar qazanırsınız. Bu, sizin hər birinizin böyük iradə sahibi olduğunuzun sübutu, xalqımızın mübariz ruhunun yenilməzliyinin təsdiqidir", - deyə Milli Məclisin sədri qeyd edib.
Sahibə Qafarova deyib ki, 44 günlük Vətən müharibəsində xalqımız Ali Baş Komandan İlham Əliyevin ətrafında dəmir yumruq kimi birləşərək 30 illik erməni işğalına son qoyub, ölkəmizin ərazi bütövlüyünü bərpa edib. Qalib Azərbaycan əsgərlərinin şücaəti sayəsində Dağlıq Qarabağ problemi artıq tarixə qovuşub. Onun sözlərinə görə, təəssüf ki, müharibə itkisiz olmur. Müharibədə igid övladlarımızı itirdik, hərbçilərimiz arasında xeyli yaralananlar var. Şəhidlərimizin xatirəsini ehtiramla anırıq. Yaralananlara Allahdan şəfa, qazilərimizə möhkəm can sağlığı diləyirik.
Görüşdə Milli Məclisin sədri xüsusi vurğulayıb ki, heç bir xəsarət, ağrı-acı insanlarımızı ruhdan sala bilməyib. "Qarabağ Ampute Futbol Klubu" üzvlərinin göstərdiyi nümunə buna parlaq misaldır.
Sədr bu dövrdə Azərbaycan parlamentinin bölgə həqiqətlərinin, erməni vəhşiliklərinin dünya ictimaiyyətinə, milli parlamentlərə, beynəlxalq təşkilatlara çatdırılması istiqamətində gördüyü işlərdən, müharibə ərəfəsində qəbul olunmuş qanun, qərar və digər hüquqi sənədlərdən danışıb.
Tədbirdə çıxış edən "Qarabağ Ampute Futbol Klubu"nun icraçı direktoru Abbas Yusifov, komandanın kapitanı Çingiz Məmmədov, baş məşqçi Ramil Həbibov, təsisçi Cəmilə Abdullayeva klubun fəaliyyəti, futbolçuların əldə etdiyi nailiyyətlər, gələcək planları barədə ətraflı məlumat veriblər.
Parlamentin sədri klub üzvlərini düşündürən məsələlərlə maraqlanıb, onlara uğurlar diləyib.
Görüşdə Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev və digər rəsmi şəxslər iştirak ediblər.
Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi