Azərbaycan, Türkiyə və Pakistan sədrləri Füzuli rayonunda səfərdə olublar
İyulun 29-da Milli Məclisin sədri Sahibə Qafarova, Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentop, Pakistan İslam Respublikasının Milli Assambleyasının sədri Əsəd Qeysər və rəhbərlik etdikləri nümayəndə heyətləri Füzuli rayonuna səfər ediblər.
Əvvəlcə qonaqlar Füzuli şəhərinin mərkəzinə baş çəkiblər. Məlumat verilib ki, Ermənistan işğal altında saxladığı Füzuli şəhərinin bütün infrastrukturu, yaşayış məntəqələri erməni vandalları tərəfindən vəhşicəsinə dağıdılıb.
Daha sonra qonaqlar yeni tikilən “Füzuli” yarımstansiyasında olublar. Onlara bildirilib ki, Füzuli şəhərində yeni 110/35/10 kilovoltluq yarımstansiya Prezident İlham Əliyevin işğaldan azad edilən ərazilərin ən qısa vaxtda elektrik enerjisi ilə təchiz edilməsinə dair tapşırığına uyğun olaraq tikilib. İnşa edilən yeni aeroportun və Şuşa yolunun yaxınlığında yerləşən bu yarımstansiya hava limanı da daxil olmaqla, Füzuli şəhərində və ətraf kəndlərdə inşa ediləcək müxtəlif təyinatlı binalar və bütün infrastrukturu elektrik enerjisi ilə təchiz edəcək.
Burada spikerlər Füzuli Beynəlxalq Hava Limanında tikinti işlərinin gedişi ilə tanış olublar.
Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi