MİLLİ MƏCLİSDƏ AZƏRBAYCANDA İNSAN ALVERİNƏ QARŞI MÜBARİZƏ ÜZRƏ MİLLİ KOORDİNATORUN MƏLUMATI DİNLƏNİLDİ

Tədbirlər
02 noyabr 2012 | 06:11   
Paylaşın:        

Noyabrın 2-də Milli Məclisin növbəti iclası keçirildi. Milli Məclisin Sədri Oqtay Əsədov iclasın əvvəlində deputatların qaldırdıqları məsələlərə münasibət bildirdikdən sonra İnsan alverinə qarşı mübarizə üzrə Milli koordinator, daxili işlər nazirinin birinci müavini, general-leytenant Vilayət Eyvazov Azərbaycan Respublikasında insan alverinə qarşı mübarizəyə dair illik məlumatı səsləndirdi.
Nazir müavini bildirdi ki, insan alverinə qarşı mübarizədə mütərəqqi və məqsədyönlü siyasət reallaşdıran ölkəmizdə sözügedən cinayətlərin qarşısının alınması, qurbanların müdafiəsi, hüquqlarının bərpası, sosial reabilitasiyası və təhlükəsiz repatriasiyasını təmin etmək istiqamətində böyük bir fəaliyyət ortaya qoyulmuşdur. İcrası məqsədyönlü şəkildə davam etdirilən Milli Fəaliyyət Planına uyğun olaraq, hesabat ilində Cinayət Məcəlləsinə hüquqi şəxslərin məsuliyyətini, uşaq pornoqrafiyasının dövriyyəsini cinayət tərkibi kimi müəyyən edən normalar əlavə edilmiş, habelə insan alverinin və məcburi əməyin qurbanları da daxil olmaqla çətin həyat şəraitində yaşayan şəxslərə dövlət qayğısının hüquqi, iqtisadi və təşkilati əsaslarını tənzimləyən “Sosial xidmət haqqında” Qanun qəbul olunmuşdur. Diqqət çəkən məsələlərdən biri də hökumətin qərarı ilə insan alverinin qurbanlarına reinteqrasiya dövründə ödənilən müavinətin məbləğinin iki dəfə artırılaraq 400 manat müəyyən edilməsi olmuşdur.
Vilayət Eyvazovun sözlərinə görə, insan alveri qurbanlarına təxirəsalınmaz tibbi, psixoloji, sosial və hüquqi yardımların göstərilməsində, məşğulluqlarının təmin edilməsində, maarifləndirmə və təbliğat işlərinin aparılmasında qeyri-hökumət təşkilatlarının fəaliyyəti də effektli olmuşdur.  Səmərəli fəaliyyətlərinə görə Daxili İşlər Nazirliyi tərəfindən 15 qeyri-hökumət təşkilatı mükafatlandırılmış, habelə onların insan alverinə qarşı mübarizəyə dair təqdim etdikləri beş layihənin icrası üçün Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası 33.500 manat qrant ayırmışdır.
Nazir müavini qeyd etdi ki, hesabat dövründə digər dövlətlərin hüquq mühafizə orqanları və beynəlxalq təşkilatlar ilə əməkdaşlıq əlaqələrinin genişləndirilməsinə də önəm verilmişdir. Ayrı-ayrı vaxtlarda  ABŞ-ın Azərbaycandakı səfirliyinin, Beynəlxalq Miqrasiya Təşkilatının və ATƏT-in Bakı Ofisinin nümayəndələrinin iştirakı ilə görülmüş işlərin müzakirə edilmiş, fikir mübadiləsi aparılmışdır. ATƏT-in ekspertləri insan alverinin qurbanları üçün sığınacağın, “Qaynar xətt” telefon xidmətinin fəaliyyəti ilə yerində tanış olmuşlar.
Vilayət Eyvazov daha sonra bildirdi ki, cari ilin ötən 10 ayında həyata keçirilmiş əməliyyat-profilaktik tədbirlərlə 85 insan alveri faktı aşkar edilmiş, 2 mütəşəkkil dəstə və 6 cinayətkar qrup zərərsizləşdirilmişdir. Bu növ hüquqazidd əməllərə görə 20 nəfər tutulmuşdur ki, onlardan da 10-u məhkəmələr tərəfindən 5 ildən 10 ilədək müddətə azadlıqdan məhrum olunmuşdur. Beynəlxalq axtarışa elan edilmiş təqsirləndirilən şəxslərdən 3-nün yeri İnterpol xətti ilə müəyyən olunaraq istintaq orqanlarına təhvil verilmiş və hazırda 22 nəfərin axtarışı davam etdirilir. Müəyyən edilmiş 53 qurbandan 19-u Türkiyəyə, 12-si İrana, 2-i Birləşmiş Ərəb Əmirliklərinə, 14-ü Rusiya Federasiyasına aparılmış, 6-sı ölkə daxilində istismara cəlb olunmuşdur. Sığınacağa yerləşdirilmiş 43 qurbanın hər birinə zəruri yardımlar göstərilmişdir. Cinayətlərdən zərər çəkmiş 35 nəfərə birdəfəlik, 18-nə isə Kömək Fondundan müvafiq müavinətlər verilmişdir. İbtidai istintaq və məhkəmə prosesləri dövründə bütün qurbanlar müdafiəçilər ilə təmin olunmuşdur.
İnsan alveri cinayətlərinin profilaktikası çərçivəsində ictimai mənəviyyat əleyhinə olan 115 cinayət aşkarlanaraq 85 nəfər məsuliyyətə cəlb edilmişdir. Bu hüquqpozmalarla bağlı barəsində inzibati tənbeh tədbiri görülmüş 450-dək qadının hər biri müvafiq indikatorlar əsasında sorğulara cəlb edilmiş, lakin onların insan alverinin qurbanı olması təsdiqlənməmişdir. Keçirilmiş reydlər zamanı risk qrupuna aid 267 nəfər müəyyən edilərək 89-u insan alverinin qurbanları üçün Yardım Mərkəzinə, Təhsil, Səhiyyə və Ədliyyə nazirliklərinə, digərləri qeyri-hökumət təşkilatlarına istiqamətləndirilmişdir. Potensial qurbanlardan 67-nə tibbi, 151-nə hüquqi, 112-nə psixoloji yardımlar göstərilmiş, 50-si işlə təmin edilmişdir.
İnsan alveri, əxlaqsızlıq yuvaları saxlama, xarici ölkələrdə işə düzəlmə, təhsil, əcnəbilərlə nikahdan ortaya çıxan problemlər və sair məsələlər ilə əlaqədar “Qaynar xətt” telefon xidmətinə daxil olmuş 13 minə yaxın məlumat araşdırılaraq təşəbbüskarlara lazımi izahlar verilmişdir.
İnsanların məcburi əməyə cəlb edilməsi ilə bağlı 2 cinayət faktı qeydə alınmışdır. Məcburi əmək hallarının müəyyən edilməsi məqsədilə, Dövlət Əmək Müfəttişliyi Xidməti, Azərbaycan Sahibkarlar Konfederasiyası və qeyri-hökumət təşkilatları ilə birgə müxtəlif tikinti şirkətlərində, sənaye müəssisələrində və daş karxanalarında monitorinqlər davam etdirilmişdir.
Dövlət Miqrasiya Xidmətinin 484 obyektdə apardığı yoxlamalarla iki mindən çox əcnəbinin və vətəndaşlığı olmayan şəxsin işə cəlb edilməsi qaydalarını pozmuş 235 hüquqi və fiziki şəxs barəsində müvafiq tədbirlər görülmüşdür. Bununla bərabər, polis tərəfindən keçirilən reydlər zamanı küçə həyatına məruz qalan, o cümlədən dilənçilik edən və qeyri-qanuni qulluğa cəlb olunan 455 azyaşlı müəyyən edilmişdir. Müvafiq yoxlamalarla həmin uşaqların insan alverinin qurbanı olması təsdiqlənməmişdir. Lakin övladlarının təlim-tərbiyəsi ilə bağlı vəzifələrini yerinə yetirməyən, onları hüquqazidd əməllərə təhrik edən 200-ə yaxın valideyn barəsində qanunauyğun tədbirlər görülmüşdür. Nərimanov, Nizami və Xətai rayonlarında yaradılmış icma əsaslı “Uşaq polisi otaqları”nda qeydiyyatda olan 27 azyaşlı hüquqi yardım tədbirləri ilə əhatə olunmuş, habelə insan alverinin qurbanı və potensial qurban olan 19 yetkinlik yaşına çatmayan şəxs şəxsiyyəti təsdiq edən sənədlərlə təmin edilmişdir.
İnsan alverinə qarşı mübarizə üzrə Milli koordinator onu da qeyd etdi ki, ölkəmizdə insan alverinin bütün formalarının aradan qaldırılması istiqamətində mövcud olan yüksək siyasi iradə, Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla davam edən inkişaf və iqtisadi tərəqqi prosesləri - Milli Fəaliyyət Planından irəli gələn tədbirlərin məqsədyönlü şəkildə həyata keçirilməsinin əsas təminatıdır. Qarşıya qoyulmuş vəzifələr aidiyyəti dövlət orqanları və vətəndaş cəmiyyəti ilə birgə ardıcıllıqla yerinə yetirilir. Eyni zamanda, beynəlxalq qurumların insan alverinə qarşı mübarizə tədbirlərinin təkmilləşməsinə yönəlmiş təklif və tövsiyələri diqqətlə öyrənilərək bununla əlaqədar perspektiv planlara lazımi düzəlişlər edilir.
Hesabatı təqdir edən deputatlar insan alverinə qarşı mübarizədə vətəndaş cəmiyyətinin rolunu da yüksək qiymətləndirdilər. İnsan alverinə qarşı mübarizə üzrə Milli koordinator Vilayət Eyvazov deputatları maraqlandıran məsələlərə münasibət bildirdikdən sonra hesabat səsə qoyuldu və nəzərə alındı.

İclasda “Mərkəzi Asiya və Qafqazda balıqçılıq təsərrüfatı və akvakultura sahəsində Regional Komissiyaya dair” Sazişin təsdiq edilməsi haqqında məsələ barədə Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov məlumat verdi və qanun layihəsi təsdiq olundu.
Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli isə “Miqrasiya orqanlarında qulluqda fərqlənməyə görə”, “Miqrasiya orqanları ilə səmərəli əməkdaşlığa görə” və “Miqrasiya orqanlarında qüsursuz qulluğa görə” medalların təsis edilməsi ilə əlaqədar Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında Qanunda dəyişiklik edilməsi barədə məlumat verdi. Qısa müzakirədən sonra qanun layihəsi təsdiq olundu.
Deputatlar Cinayət-Prosessual və Cəzaların İcrası məcəllələrinə dəyişiklik edilməsi haqqında qanun layihələrinə də müsbət münasibət bildirdilər.
Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli İnzibati Xətalar Məcəlləsinə dəyişikliklər edilməsi haqqında qanun layihəsini də diqqətə çatdırdı. Bildirdi ki, yol hərəkəti qaydaları ilə əlaqədar olaraq İnzibati Xətalar Məcəlləsinə təklif olunan dəyişikliklər kifayət qədər fundamentaldır. Bu dəyişikliklərə əsasən, ictimai təhlükəli xətalarla bağlı cərimə sanksiyalarının artırılması təklif olunur. Komitə sədri onu da əlavə etdi ki, ictimai təhlükəsizlik dərəcəsinə görə avtonəqliyyat vasitələri ilə törədilən xətalarla əlaqədar olaraq sanksiyaların artırılması məqsədəmüvafiqdir.
Müzakirələrdən sonra qanun layihəsi təsdiq olundu.
İclasda parlamentin Regional məsələlər komitəsinin üzvü Tahir Rzayev “Azərbaycan Respublikasının bəzi şəhər və rayonlarının inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında” və “Naxçıvan Muxtar Respublikasının Naxçıvan şəhərinin inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında” qanun layihələrini diqqətə çatdırdı. Hər iki məsələ səsə qoyularaq qəbul edildi.
Sonra iclasda “Sərbəst toplaşmaq azadlığı haqqında” Qanununda dəyişikliklər edilməsi barədə məsələ müzakirəyə çıxarıldı.  Layihə ilə bağlı məlumat verən Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Rafael Cəbrayılov həmçinin bununla əlaqədar olaraq Azərbaycan Respublikasının Cinayət və İnzibati Xətalar məcəllələrinə təklif olunan dəyişiklikləri diqqətə çatdırdı.
Deputat bildirdi ki, “Sərbəst toplaşmaq azadlığı haqqında” Qanuna təklif olunan dəyişiklikdə toplantının keçirilməsi barədə müvafiq icra hakimiyyəti orqanına ediləcək xəbərdarlıqda təşkilatçı barədə dəqiq məlumat verilməsi(fiziki şəxsin adı, soyadı, atasının adı və ünvanı) nəzərdə tutulur.
Sonra deputat məlumat verdi ki, bu gün mövcud olan qanunvericilikdə təyin olunan cərimələrin aşağı səviyyədə olması onları ödəyənlərin maddi durumuna heç cür təsir etmir və cüzi bir cəriməni illərlə qanunsuz toplantı keçirib ödəmək olar. Ona görə də Cinayət Məcəlləsinə ediləcək dəyişiklikdə qanunvericiliklə qadağan olunmuş hallarda toplantılar təşkil etmə, keçirmə və ya belə toplantılarda iştirak etmə vətəndaşların hüquq və qanuni mənafelərinin əhəmiyyətli pozulmasına səbəb olduqda 5000 manatdan 8000 manatadək cərimə nəzərdə tutulur (indiyədək cərimənin məbləği 300 manatadək olub). Toplantıların keçirilməsi zamanı toplantıda iştirak edənlər tərəfindən odlu və ya soyuq silah, yaxud partlayıcı maddə və qurğular, eləcə də ətrafdakıların həyat və sağlamlığı üçün təhlükə törədən sair maddə və əşyaları gəzdirənlər üçün də 5000-8000 manat cərimə nəzərdə tutulub (indiyədək bu məbləğ 100-500 manat olub). Bu cərimələrin nəzərdə tutulduğu maddənin hər iki bölümündə (169.1 və 169.2) azadlıqdan məhrumetmə ilə bağlı hissə əvvəlki kimi saxlanılıb.
Cinayət Məcəlləsinin 233-cü maddəsi ilə ictimai qaydanı kobud surətdə pozan və ya hakimiyyət nümayəndəsinin qanuni tələblərinə tabe olmamaqla əlaqədar olan, yaxud nəqliyyatın, müəssisə, idarə və təşkilatın normal fəaliyyətinin pozulmasına səbəb olan hərəkətlərin bir qrup şəxs tərəfindən törədilməsini təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştiraka görə 5000 manatdan 8000 manatadək cəza nəzərdə tutulur (bu məbləğ indiyədək 500 manat olub).
“Azərbaycan  Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında” qanun layihəsinə edilən dəyişikliyə gəlincə isə, komitə üzvü qeyd etdi ki, sənəd üzərində iş aparılarkən dünyanın 30-a qədər ölkəsinin, bütün MDB respublikalarının analoji qanunları və təcrübəsi öyrənilib. Bu dəyişikliklər edilərkən hüquq elminin bugünkü inkişafı, onun tənzimlənmə mexanizminin müasirliyi, dəqiqliyi əsas götürülüb. Dəyişiklik isə əsasən 298-ci maddə ilə bağlıdır. Maddənin sanksiya hissəsində qanunsuz toplantıların keçirilməsi ilə bağlı inzibati tənbeh tədbirləri olaraq xəbərdarlıq və 7 manatdan 13 manatadək cərimə nəzərdə tutulur. Bu həddindən artıq cüzi məbləğdir. 7 manatla qanun pozan şəxsin maliyyə durumuna təsir etmək olmaz. Yeni dəyişikliyə görə, qanunsuz aksiya, mitinq təşkilatçısı olan fiziki şəxslər 1500 manatdan 3000 manatadək, vəzifəli şəxslər 3000 manatdan 6000 manatadək, hüquqi şəxslər isə 15000 manatdan 30000 manatadək miqdarda cərimə edilir. Qanunsuz mitinqdə, küçə yürüşündə iştirak edənlərə isə 300 manatdan 600 manatadək miqdarda cərimə tətbiqi nəzərdə tutulur.
Sonra təklif olunan dəyişikliklər geniş müzakirə olundu, deputatların rəy və təklifləri dinlənildi. Müzakirələrdən sonra dəyişikliklər səsə qoyularaq qəbul edildi.
İclasda “Mədəniyyət haqqında” qanun layihəsi də ikinci oxunuşda müzakirə edildi. Milli Məclisin Mədəniyyət komitəsinin sədri Nizami Cəfərov diqqətə çatdırdı ki, bu qanun Azərbaycanda mədəniyyət və incəsənət sərvətlərinin yaradılması, müəyyən edilməsi, qorunması, bərpası, inkişafı və yayılması sahəsində münasibətləri tənzimləyəcək, bu sahədə dövlət siyasətinin məqsəd və prinsiplərini müəyyən edəcəkdir.
Deputatların fikirləri dinlənildikdən sonra qanun layihəsi səsə qoyularaq ikinci oxunuşda qəbul edildi.
Bununla da Milli Məclisin iclası başa çatdı.

 

Milli Məclisin
Mətbuat xidməti



Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU