Koreya Milli Assambleyasının sədri ölkəmizə rəsmi səfərə gəlib

Tədbirlər
18 avqust 2021 | 18:05   
Paylaşın:        

Avqustun 18-də Koreya Respublikası Milli Assambleyasının sədri Park Byonq-Soqun başçılıq etdiyi nümayəndə heyəti Azərbaycana rəsmi səfərə gəlib.

Heydər Əliyev Beynəlxalq Hava Limanında Koreya nümayəndə heyətini Milli Məclis sədrinin müavini Fəzail İbrahimli, ölkəmizin Koreya Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Rəmzi Teymurov, Koreya Respublikasının Azərbaycandakı səfiri Kim Tonq Op və digər rəsmi şəxslər qarşılayıblar.

Səfər çərçivəsində Koreya nümayəndə heyətinin Azərbaycan rəsmiləri ilə bir sıra görüşləri nəzərdə tutulub. Qonaqlar Milli Məclisdə olacaq, parlamentin sədri Sahibə Qafarova, Koreya ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvləri, ölkəmizdəki koreyalı iş adamları ilə də görüşəcəklər. Görüşlərdə iki ölkə arasında müxtəlif sahələrdə münasibətlərin inkişafına dair fikir mübadiləsi aparılacaq, parlamentlərarası əlaqələrin perspektivləri müzakirə olunacaq.

Səfər zamanı nümayəndə heyətinin üzvləri Fəxri Xiyabanı, Şəhidlər Xiyabanını ziyarət edəcək, Qobustan Milli Tarix-Bədii Qoruğu, Heydər Əliyev Mərkəzi, Azərbaycan Milli Xalça Muzeyi və İçərişəhərlə tanış olacaqlar.

Koreya Milli Assambleyası nümayəndə heyətinin rəsmi səfəri avqustun 20-də başa çatacaq.

Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi



Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU