Milli Məclisin Sədri Sahibə Qafarova Qazaxıstanın ölkəmizdəki səfiri ilə görüşüb

Sədrin görüşləri
24 avqust 2021 | 14:38   
Paylaşın:        

Avqustun 24-də Milli Məclisin Sədri Sahibə Qafarova Qazaxıstan Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Serjan Abdıkarimov ilə görüşüb.

Spiker qonağı salamlayaraq, Azərbaycanın dost Qazaxıstanla əlaqələrin inkişafına böyük önəm verdiyini bildirib. Görüşdə qardaş ölkələrimiz arasında dostluq münasibətlərinin əsasının ulu öndər Heydər Əliyev və Qazaxıstanın birinci Prezidenti – Elbası Nursultan Nazarbayev tərəfindən qoyulduğu qeyd olunaraq, hazırda bu siyasətin Azərbaycanın və Qazaxıstanın dövlət başçıları tərəfindən uğurla davam etdirildiyi diqqətə çatdırılıb.

Spiker Sahibə Qafarova vurğulayıb ki, ikitərəfli münasibətlərimiz parlamentlər səviyyəsində də yüksələn xətlə inkişaf edir. O, hər iki ölkənin qanunvericilik orqanlarında dostluq qruplarının əməkdaşlığını təqdir edib. Bildirilib ki, deputatlarımızın qarşılıqlı səfərləri, nüfuzlu beynəlxalq parlament təşkilatlarında mütəmadi görüşlərin keçirilməsi tərəfləri maraqlandıran məsələlərin müzakirəsi baxımından çox əhəmiyyətlidir. Spiker TÜRK PA çərçivəsində əməkdaşlığın əhəmiyyətini qeyd edib.

Səmimi qəbul üçün minnətdarlığını bildirən Qazaxıstanın ölkəmizdəki səfiri Serjan Abdıkarimov xalqlarımız arasında münasibətlərin qədim tarixi olduğunu deyib. Bildirilib ki, iqtisadi, mədəni, humanitar sahələrdə də əməkdaşlığımız uğurla inkişaf edir.

Səfir Azərbaycanın şanlı Qələbəsinin regionda sülhün və təhlükəsizliyin möhkəmləndirilməsi işinə xidmət etdiyini bildirib.

Qonaq iki ölkənin deputatlarının müxtəlif platformalarda görüşlərinin, qarşılıqlı səfərlərinin önəmini vurğulayaraq, Qazaxıstanın Azərbaycanın haqlı mövqeyini hər zaman dəstəklədiyini bildirib.

Görüşdə pandemiya, regionda baş verən hadisələr və tərəfləri maraqlandıran digər məsələlər barədə fikir mübadiləsi aparılıb.

Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi



Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU