Milli Məclisin sədri parlament spikerlərinin 5-ci dünya konfransında ümumi müzakirələrdə çıxışında Ermənistan spikerinin əsassız iddialarına cavab verib

Sədrin səfərləri
08 sentyabr 2021 | 17:28   
Paylaşın:        

Sentyabrın 8-də Milli Məclisin sədri Avstriyanın paytaxtı Vyana şəhərində keçirilən parlament spikerlərinin 5-ci dünya konfransında ümumi müzakirələrdə çıxış edib. Spiker Sahibə Qafarova bildirib ki, müasir dövrün çağırışları qarşısında dünya ictimaiyyətinin bütün imkan və səylərinin birləşdirilməsi beynəlxalq münasibətlər sisteminin bütün iştirakçıları arasında davamlı dialoqdan çox asılıdır. Parlamentlərarası əməkdaşlığın və parlament diplomatiyasının əhəmiyyəti bu kontekstdə xüsusilə vurğulanmalıdır. Parlament diplomatiyasının sülh və təhlükəsizliyin təmin olunmasında oynadığı mühüm rolu qeyd edən Sahibə Qafarova deyib ki, bu, ilk növbədə, dövlətlərin suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərin toxunulmazlığı kimi əsas prinsiplərə hörmətin təşviq edilməsi vasitəsilə həyata keçirilməlidir.

Spiker qeyd edib ki, parlamentlərin, eləcə də parlamentlərarası əməkdaşlıq platformalarının həm milli, həm də beynəlxalq səviyyədə qərar qəbuletmə prosesinə təsiri üçün xüsusi mexanizmlərə və əsas vasitələrə malik olması qanunverici orqanların beynəlxalq münasibətlərdə əhəmiyyətli rol oynamasını şərtləndirir. Bu, parlamentlərin qlobal idarəetmənin əhəmiyyətli bir komponentinə çevrilməsinin yolunu açır. Bu mənada, hesab edirəm ki, parlament spikerlərinin 2000-ci ildə keçirilən Ümumdünya Konfransının ardınca BMT ilə işləmək üçün parlament ölçüsünün yaradılması tarixi və strateji bir addım idi.

S.Qafarova əlavə edib ki, bu gün parlamentlər BMT-nin fəaliyyətinə iki mexanizm - üzv dövlətlərin təşkilatda daimi nümayəndəlikləri vasitəsilə və birbaşa müraciət etməklə təsir edə bilərlər. Yeni təsir mexanizmlərindən danışarkən, Parlamentlərarası İttifaqın təşkilati və vasitəçilik roluna diqqət çəkən Sahibə Qafarova deyib ki, BMT-də müzakirə olunan qlobal miqyaslı məsələlər, qəbul edilən qərarlar barəsində məlumatların milli parlamentlərə, milli parlamentlərin mövqelərinin isə BMT-yə çatdırılması Parlamentlərarası İttifaqın fəaliyyətinin yeni mühüm bir istiqamətini təşkil edə bilər.

Milli Məclisin sədri çıxışında Ermənistan spikerinin səsləndirdiyi əsassız iddialara cavab verərək, deyib ki, Ermənistan yalan iddialarını təkrar etməkdən əl çəkməli, yeni reallıqları qəbul etməli və onlarla barışmalı, bölgədə sülhün və təhlükəsizliyin təmin olunması üçün əsas yaradan 2020-ci ilin noyabr və 2021-ci ilin yanvar aylarında qəbul olunmuş üçtərəfli bəyanatların tələblərini yerinə yetirməlidir.

Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi



Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU