Milli Məclisin sədri Sahibə Qafarova Gürcüstan parlamentinin sədri Kaxa Kuçava ilə görüşüb

Sədrin səfərləri
08 sentyabr 2021 | 19:04   
Paylaşın:        

Milli Məclisin sədri Sahibə Qafarova sentyabrın 8-də Avstriyaya işgüzar səfəri çərçivəsində Gürcüstan parlamentinin sədri Kaxa Kuçava ilə görüşüb.

Spiker həmkarını səmimi salamlayaraq bildirib ki, qonşu və dost ölkələr olan Azərbaycan və Gürcüstan arasında münasibətlər çoxəsrlik tarixə malikdir. O, deyib ki, xalqlarımız əsrlər boyu bir-birinə dəstək olub. Müstəqillik dövründə isə əlaqələrimiz daha da inkişaf edib və bu gün bir çox sahələri əhatə edir.
Milli Məclisin sədri qeyd edib ki, Azərbaycan və Gürcüstan arasında imzalanmış sənədlər müxtəlif sahələrdə əməkdaşlığımız üçün möhkəm hüquqi baza yaradır. Bu ölkə Azərbaycanın həyata keçirdiyi beynəlxalq layihələrin fəal iştirakçısıdır. Bakı-Tbilisi-Ceyhan və Bakı-Tbilisi-Ərzurum kimi neft və qaz kəmərləri ölkələrimizin inkişafında və beynəlxalq mövqelərinin möhkəmlənməsində mühüm rol oynayır.

İki ölkənin qanunverici orqanları arasında əməkdaşlıqdan danışan spiker S.Qafarova vurğulayıb ki, ölkələrimiz parlamentlər səviyyəsində də əməkdaşlıq edirlər. Azərbaycan və Gürcüstan münasibətlərinin inkişafında parlamentlərimiz müsbət rol oynamaqdadır. Bu xoş münasibətlər parlamentlər arasında həm ikitərəfli, həm də çoxtərəfli formatda olan əməkdaşlıqda əksini tapır. Hər iki ölkənin qanunvericilik orqanlarında dostluq qrupları fəaliyyət göstərir və  nümayəndə heyətlərimiz  beynəlxalq parlament qurumlarında uğurlu əməkdaşlıq edirlər. Beynəlxalq təşkilatlar çərçivəsində də nümayəndə heyətlərimiz arasında qarşılıqlı təmas və müxtəlif məsələlərlə bağlı sıx əməkdaşlıq mövcuddur.

Görüşdə Milli Məclisin sədri Azərbaycanın ötən il 44 günlük Vətən müharibəsində əldə etdiyi möhtəşəm Zəfər haqqında məlumat verərək, bildirib ki, Azərbaycan Ermənistan tərəfindən 30 ilə yaxın işğal altında saxlanılan torpaqlarını azad edərək ərazi bütövlüyünü bərpa edib. Ölkəmiz bununla həm də BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsini həyata keçirib. Qarabağ münaqişəsinin artıq tarixə qovuşduğunu qeyd edən spiker deyib ki, hazırda Azərbaycan azad edilmiş əraziləri bərpa edir, yenidən qurur.

Görüşdə Gürcüstan parlamentinin sədri Kaxa Kuçava ölkəsinin Azərbaycanı dost ölkə hesab etdiyini vurğulayaraq ölkəmizlə əlaqələri daha da dərinləşdirmək niyyətində olduqlarını bildirib. K.Kuçava iki ölkə arasında əməkdaşlığın regional çərçivədən çıxaraq beynəlxalq müstəviyə yüksəldiyini, xüsusən iqtisadiyyat, nəqliyyat, ticarət məsələlərində möhkəm və uğurlu işbirliyi həyata keçirildiyini qeyd edib. O, deyib ki, Gürcüstan və Azərbaycan bir-birini beynəlxalq formatda hər zaman dəstəkləyir. Xalqlarımız arasında münasibətlərin böyük tarixi olduğunu söyləyən spiker gələcəkdə də bu əlaqələrin uğurla inkişaf edəcəyinə əminliyini bildirib.

O, daha sonra Azərbaycan və Gürcüstanın qanunverici orqanları arasında münasibətlərdən danışaraq deyib ki, bu əlaqələrin daha da inkişafı xalqlarımızın ümumi mənafelərinə xidmət edir. Bu baxımdan deputatların qarşılıqlı səfərləri və mütəmadi görüşləri çox əhəmiyyətlidir.

Görüşdə tərəfləri maraqlandıran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb. 

 

Milli Məclisin Mətbuat və

ictimaiyyətlə əlaqələr şöbəsi

 



Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU