Milli Məclisdə görüş

Tədbirlər
10 sentyabr 2021 | 19:04   
Paylaşın:        

Sentyabrın 10-da Milli Məclis sədrinin müavini, Azərbaycan-Qazaxıstan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Adil Əliyev ölkəmizdə səfərdə olan Qazaxıstan Parlamenti Məclisinin Beynəlxalq əlaqələr, müdafiə və təhlükəsizlik komitəsinin sədri Aygul Kuspanla görüşüb.  

Qonağı salamlayan Milli Məclis sədrinin müavini bildirib ki, Azərbaycan və Qazaxıstan arasında çoxəsrlik tarixə malik dostluq əlaqələri var. Təqdirəlayiq haldır ki, bu gün ölkələrimizin ənənəvi dostluq və qardaşlıq münasibətləri, müxtəlif sahələri əhatə edən çoxşaxəli əməkdaşlıq əlaqələri uğurla inkişaf edir. Dövlət başçıları səviyyəsində münasibətlərin inkişafına xüsusi əhəmiyyət verilməsi, yüksək səviyyəli rəsmi və işgüzar səfərlərin həyata keçirilməsi müxtəlif sahələrdə mühüm addımların atılmasını və  müsbət nəticələrin əldə olunmasını şərtləndirir. Ölkələrimizin qlobal arenada, beynəlxalq təşkilatlar səviyyəsində milli maraqlara dair bütün məsələlərdə bir-birini dəstəkləməsi də pozitiv hal kimi xüsusi önəm daşıyır.

Vitse-spiker bildirib ki, Azərbaycan 44 günlük Vətən müharibəsində tarixi qələbə əldə edərək Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə müzəffər Ordumuzun şücaəti sayəsində Ermənistanın 30 illik işğalına son qoyub. Ölkəmiz ərazi bütövlüyünü bərpa edib və artıq münaqişə tarixə qovuşub. O, qeyd edib ki, bu səfər çərçivəsində işğaldan azad olunmuş Şuşa şəhərinə - Azərbaycanın mədəniyyət paytaxtına səfəriniz zamanı reallıqların şahidi olacaqsınız.

Qonaqlara məlumat verilib ki, bu gün Azərbaycan dövləti ermənilər tərəfindən dağıdılmış Şuşada və digər ərazilərimizdə geniş bərpa-quruculuq işləri aparır, o cümlədən erməni vandalizminə məruz qalmış tarixi, dini və mədəni abidələrimiz bərpa olunur.

Qonaqpərvər münasibətə görə təşəkkürünü bildirən Qazaxıstan Parlamenti Məclisinin Beynəlxalq əlaqələr, müdafiə və təhlükəsizlik komitəsinin sədri Aygul Kuspan Azərbaycanın 44 günlük müharibə nəticəsində torpaqlarını işğaldan azad etməsi münasibətilə təbriklərini çatdırıb. Azərbaycanın əldə etdiyi nailiyyətlərdən danışan qonaq  tezliklə azad olunmuş torpaqların bərpa olunacağına əminliyini ifadə edib. Bildirib ki, qısa müddət ərzində Füzuli aeroportunun istifadəyə verilməsi bunu deməyə əsas verir.

Söhbət zamanı iki ölkənin parlamentləri arasında münasibətlərin daha da inkişaf etdirilməsi, deputatların qarşılıqlı səfərlərinin sayının artırılması vacibliyi qeyd olunub.

Görüşdə Milli Məclisin deputatları, Azərbaycan-Qazaxıstan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvləri Etibar Əliyev, Anar Məmmədov, Naqif Həmzəyev, Sadiq Qurbanov, Fatma Yıldırım, Qazaxıstan parlamentinin deputatları, Qazaxıstanın ölkəmizdəki səfiri Serjan Abdıkərimov və digər rəsmi şəxslər iştirak ediblər.

Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi



Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU