Azərbaycan-Qazaxıstan əməkdaşlığı yüksələn xətlə inkişaf edir
Sentyabrın 10-da Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov və komitə üzvləri ölkəmizə səfərə gələn Qazaxıstan Respublikası Parlament Məclisinin Beynəlxalq əlaqələr, müdafiə və təhlükəsizlik komitəsinin sədri Aygul Kuspanın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüblər.
Görüşdə Səməd Seyidov ölkələrimiz arasında tarixən formalaşmış əlaqələrdən söz açıb. Azərbaycan-Qazaxıstan münasibətlərinin inkişafında parlamentlərimiz arasındakı əməkdaşlığın mühüm rolundan danışıb. Milli Məclisin sədri Sahibə Qafarovanın Vyanada Qazaxıstan Parlament Məclisinin sədri Nurlan Niqmatulinlə görüşünün əhəmiyyətini qeyd edib. Xalqlarımız arasında dostluq əlaqələrinin daha da möhkəmləndirilməsi vacibliyini diqqətə çatdırıb. Qonaqlara Şuşada və işğaldan azad olunmuş digər bölgələrimizdə aparılan quruculuq işləri barədə məlumat verib. Füzulidə hava limanının tikilib istifadəyə verildiyini, Ağdam şəhərinin minalardan tamamilə təmizləndiyini bildirib.
Nümayəndə heyətinin başçısı, Qazaxıstan Parlament Məclisinin Beynəlxalq əlaqələr, müdafiə və təhlükəsizlik komitəsinin sədri Aygul Kuspan tarixi ədalətin bərpası, 44 günlük Vətən müharibəsində qazanılan böyük Zəfər münasibətilə xalqımıza təbriklərini çatdırıb. Azərbaycanın möhtəşəm qələbəsini və ərazi bütövlüyünü dəstəklədiklərini vurğulayıb. Şuşanı, işğaldan azad olunmuş Qarabağı görmək arzusunda olduqlarını bildirib. Qarabağın yenidən qurulmasında Qazaxıstan şirkətlərinin də iştirak etmək arzusunu ifadə edib. Bölgədə inşa olunacaq nəqliyyat dəhlizlərinin qlobal əhəmiyyət kəsb etdiyini vurğulayıb.
Görüşdə çıxış edən Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini Sevinc Fətəliyeva və deputat Asim Mollazadə əməkdaşlığın genişləndirilməsi perspektivlərinə toxunublar.
Azərbaycanın qələbəsinə ürəkdən sevindiklərini bildirən Qazaxıstan Parlamentinin deputatları Darxan Mınbay və Abilfas Xamedov bölgədə formalaşan yeni reallığın parlamentlərarası əlaqələrin inkişafına da təkan verəcəyinə əminlik ifadə ediblər. Qonaqlar bildiriblər ki, 44 günlük Vətən müharibəsində qazanılan Zəfər və qələbədən sonrakı dövrdə işğaldan azad olunmuş ərazilərdə aparılan abadlıq, tikinti-quruculuq işləri Azərbaycanın qüdrətinin göstəricisidir.
Görüşdə Milli Məclisin deputatları Tural Gəncəliyev, Nəsib Məhəməliyev, Sevil Mikayılova, Kamran Bayramov, Qazaxıstanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Serjan Abdıkərimov və səfirliyin müşaviri Jandos Nurmaxambetov, nümayəndə heyətinin üzvləri Amerxan Rahimjanov, Almas Kulmaqanbetov iştirak ediblər.
Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi