Deputatlarımız AŞPA-nın payiz sessiyasında iştirak edəcəklər

Tədbirlər
24 sentyabr 2021 | 17:30   
Paylaşın:        

Milli Məclisin nümayəndə heyəti Avropa Şurası Parlament Assambleyasının (AŞPA) payız sessiyasında iştirak etmək üçün sentyabrın 25-də Fransanın Strasburq şəhərinə səfər edəcək.

Nümayəndə heyətinin tərkibinə parlamentin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, qurumdakı nümayəndə heyətimizin rəhbəri Səməd Seyidov və üzvləri - deputatlar Erkin Qədirli, Tural Gəncəliyev, Rafael Hüseynov, Niqar Arpadarai və Kamal Cəfərov daxildirlər.

Tədbirdə AŞPA-nın Büro və Daimi komitəsinin hesabatları təqdim olunacaq, Bolqarıstanda və Moldovada keçirilmiş parlament seçkilərinin nəticələri barədə məlumat veriləcək. Toplantıda sosial-iqtisadi bərabərlik, gender bərabərliyi, iqlim dəyişikliyi ilə bağlı tədbirlər, ətraf mühit və insan hüquqları və digər mövzularda fikir mübadiləsi aparılacaq.

Sessiyada, həmçinin Ermənistanla Azərbaycan arasında münaqişənin humanitar nəticələri ilə bağlı məsələ müzakirə olunacaq.

Tədbirdə nümayəndə heyətimizin üzvü Kamal Cəfərov Genişləndirilmiş əməkdaşlığa və elektron sübutların açıqlanmasına dair Kibercinayətkarlıq Konvensiyasına 2-ci Əlavə Protokol layihəsini təqdim edəcək.

Payız sessiyası çərçivəsində qurumun komitələrinin və siyasi qruplarının iclasları da keçiriləcək. AŞPA-da nümayəndə heyətimizin üzvləri sessiyada müzakirəyə çıxarılan məsələlər barədə öz fikirlərini açıqlayacaq, rəy və təkliflərini verəcəklər.

Səfər oktyabrın 2-də başa çatacaq.

Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU