TÜRKPA-ya üzv ölkələrin parlament sədrlərinin iştirakı ilə mətbuat konfransı keçirilib
Sentyabrın 28-də Qazaxıstanın Türküstan şəhərində keçirilmiş TÜRKPA-nın 10-cu plenar iclasının yekunlarına dair mətbuat konfransı olub. Mətbuat konfransında Azərbaycan parlamentinin sədri Sahibə Qafarova çıxış edib.
Təşkilat qarşısında dayanan vəzifələrin icrası baxımından 10-cu plenar iclasın əhəmiyyətini qeyd edən Milli Məclisin sədri deyib ki, gündəliyə daxil olan bütün məsələlər işgüzar şəraitdə geniş müzakirə olunub və müvafiq qərarlar qəbul edilib.
Tədbirin Türküstan şəhərində keçirilməsinin böyük önəm daşıdığını deyən Milli Məclisin sədri Qazaxıstanın birinci prezidenti Nursultan Nazarbayevin ölkənin tərəqqisi üçün gördüyü işləri yüksək qiymətləndirib.
Yekunda Türküstan Bəyannaməsinin qəbul edildiyini bildirən spiker Sahibə Qafarova jurnalistlərə məlumat verib ki, Bəyannamədə Türk dünyasına aid bir çox önəmli məsələlər, o cümlədən Azərbaycan ərazilərinin işğaldan azad olunması və ərazi bütövlüyünü bərpa etməsi kimi mühüm məsələ öz əksini tapıb. Sənəddə həmçinin 2021-ci ilin 15 iyun tarixində imzalanmış Azərbaycanla Türkiyə arasında çoxşaxəli əməkdaşlığın daha da genişlənməsinə və bölgədə dayanıqlı sabitliyin təmin edilməsinə yönəlmiş Şuşa Bəyannaməsi təqdirlə qeyd edilib, Zəngəzur dəhlizinin açılmasının Türk dünyasının tranzit və ticarət potensialına böyük töhfə verəcəyi vurğulanıb.
Azərbaycan parlamentinin rəhbəri əminlik ifadə edib ki, toplantıda qəbul edilən qərarlar türkdilli ölkələrin rifahına xidmət edəcək, dövlətlərarası münasibətləri daha da möhkəmləndirəcək.
Milli Məclisin sədri təşkilatın fəaliyyətdə olan sədrinə və həmkarlarına uğurlar arzulayıb.
Sonra tədbirdə jurnalistləri maraqlandıran suallara aydınlıq gətirilib.
Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi